Azərbaycanda telekanal işçiləri maaşlarını almaq üçün etiraza qalxdı

0
643

11

“İnterAz” televiziya kanalı və “Salamnews” informasiya agentliyinin əməkdaşları növbəti dəfə maaşlarının verilməməsinə etiraz ediblər.

Bu barədə Publika.az-a “Salamnews”-dan məlumat daxil olub.

Məlumatda deyilir ki, bu yaxınlarda “İnterAz” televiziya kanalı və “Salamnews” informasiya agentliyinin 15-ə yaxın əməkdaşı şirkətin rəhbəri Hacı Mətləb Bağırova müraciət edərək, maaşlarının verilməməsinə etirazlarını bildiriblər.

İşçilər artıq 4 aydır ki, maaşlarının verilməməsindən şikayətlənib. Onlar qeyd edib ki, “İnterAz” və “Salamnews”da çalışan işçilər sonuncu dəfə avqust ayının maaşını alıblar:

“Həmin vaxtdan bəri maaşlar verilməyib. Maaşını tələb edən işçiləri isə dərhal işdən çıxarırlar”.

İşçilərin narazılıq etdiyi digər məsələ isə “İnterAz” TV və “Salamnews” agentliyi icraçıları arasında ciddi fikir ayrılığının olması ilə bağlı olub. Bu etirazdan sonra Hacı Mətləb Bağırovun müavini Rəşad Dadaşov həmin işçiləri dinləmək üçün iclas keçirib. İclasda “İnterAz”ın baş redaktoru Kamalə Əliisgəndərqızı, Ülkər Qasımqızı, Səbuhi Əhmədov, Aynur Bayramova, Ceyhun Rzayev, Nazilə Xaqani, Fərid Cəlali, Rafiq İsmayılov, Nərgiz Ərəstunqızı, Gülnar Şakirqızı, İlkin Nadirov, İlkin Amanov, Zaur İsayev və digər əməkdaşlar da iştirak edib.

R.Dadaşov etiraz edən işçilərə sərt şəkildə xəbərdarlıq edərək bildirib ki, kimsə maaşın verilməsindən narazılıq etsə, dərhal işdən qovulacaq. O, bunu M.Bağırovun tapşırığı kimi əsaslandırıb.

Əldə etdiyimiz digər məlumata görə isə bu ilin oktyabrında “Azərspace 1” peykində yayımı dayandırılan “İnterAz” TV-nin peyk yayımı ilə bağlı 75 min dollar borcu yaranıb. Həmin vaxtı “İnterAz” televiziya kanalı peyk yayımının dayandırılması ilə bağlı xəbərləri təkzib edərək, bunun texniki məsələlərlə bağlı olduğunu, hətta, bir neçə günə peyk yayımının bərpa olunacağını bildirib. Ancaq 2 ay vaxt keçməsinə baxmayaraq, “İnterAz”ın “Azərspace 1” peykində yayımı hələ də bərpa olunmayıb.

Vasif Həsənli

Publika.az

BIR CAVAB BURAXIN