Azərbaycanda “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılır

0
549

Prezidentİlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

“Report”un xəbərinə görə, fərmanda deyilir ki, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət var.

Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılır.

MEİS-in yaradılmasında məqsəd yuxarıda göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə “e-sosial” internet portalının üç ay müddətində yaradılmasını təmin etmək, məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etmək, portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görmək tapşırılıb.

Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə razılaşdırmaqla üç ay müddətində MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Prezidentə təqdim etmək, portal haqqında əsasnamənin layihəsini hazırlayıb Prezidentə təqdim etmək, pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, portalın və altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etmək tapşırığı Nazirlər Kabinetinə tapşırılıb.

BIR CAVAB BURAXIN