Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) 6.Yazı

0
598

“Osmanlı türkçülüyü”nün ikinci amilini təşkil edən mədəni-mənəvi türkçülüyə gəlincə, öncə qeyd edək ki, 1900-1910-cu illərdə Azərbaycanda dil və ədəbiyyat məsələsi ilə bağlı iki istiqamət mövcud idi. “Həyat”, “Füyuzat”, “Şəlalə” və digər qəzet-jurnallarda Hüseynzadə başda olmaqla Əhməd Kamal, İskəndər bəy Məlikov və başqaları osmanlı ədəbi dil siyasəti əsasında bütün türklərin bir araya gəlməsi və vahid ideya ətrafında birləşməsi üçün ortaq dilin vacibliyini irəli sürür və bütün türklərin ortaq ədəbi dili kimi Türkiyə türkcəsini görürdülər. Onlar deyirdilər ki, ədəbi dil kütləvi ola bilməz, o ancaq oxumuşlar, təhsilli adamlar üçündür; buna görə də ədəbi dilin sadələşməsinə çalışmaq lazım deyildir; ədəbi dil nə qədər çətin və ağır olsa, bir o qədər də mötəbər olar. Osmanlı ədəbi dilinin ən tanınmış tərəfdarı Hüseynzadə qeyd edirdi ki, qəzetin dilini sadələşdirmək əvəzinə, camaata, yəni Azərbaycan türklərinə öz ana dili olan osmanlı türkcəsini öyrətmək lazımdır. Çünki ədəbi dildə yazmağa nə Qafqazdakı türk şivələri, nə də qədim türkcə yaramır. O, dilimizi əcnəbi lüğətlərlə doldurmaq əvəzinə Türkiyənin İstanbul şivəsinin ədəbi dil kimi işlədilməsini məqsədəuyğun hesab etmişdir. Əli bəy Hüseynzadə “Yazımız, dilimiz və “ikinci il”imiz” (1909) məqaləsində də Türkiyənin İstanbul şivəsinin ortaq türkcə olmasını əsaslandırmaq üçün yazırdı ki, ayrı-ayrı türk ləhcələrini inkişaf etdirməkdənsə vahid türkcə üzərində düşünmək lazımdır. Onun fikrincə, əlifba və dil ilə bağlı islahatçı ideyaların, ancaq Qafqazda, xüsusilə Tiflisdə M.F.Axundzadə, M.Rza, M.Şahtaxtlı və başqaları tərəfindən irəli sürülməsi düşündürücüdür. Qeyd edək ki, Ə.Hüseynzadənin «Osmanlı türkçülüyü» nəzəriyyəsi istər 1900-1920-cu illərdə, istərsə də sonralar bəzi Azərbaycan Türk ziyalıları tərəfindən haqlı-haqsız tənqid olunmuşdur. Bu məsələdə onu tənqid edənlər əsas səbəb kimi, Hüseynzadənin Osmanlı mərkəzli türkçülüyü həddən artıq ideallaşdırmasını, xüsusilə dil və ədəbiyyat məsələsində ifrata varmasını göstərirlər. Bəzilərinə görə, o, Osmanlı mərkəzli türkçülüyü irəli sürməklə Azərbaycan Türk milli ideyasından kənara çıxmışdır. Bu baxımdan bəzi Azərbaycan türk ziyalıları Hüseynzadəni milli ideoloq kimi “türkləşmək, islamlaşmaq və avropalaşmaq” üçlü düsturunu qəbul etməklə yanaşı, ancaq siyasi-ideoloji anlamda, o cümlədən dil və ədəbiyyat da osmanlı şivəsinin ortaq türkcə kimi qəbul olunması fikrində onunla həmrəy olmamışlar. «Osmanlı türkçülüyü» nəzəriyyəsindən çıxış etdiyinə görə Ə.Hüseynzadə və başqalarını tənqid edən çağdaşlarından F.B.Köçərli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və b. hesab edirdilər ki, Azərbaycan türk ədəbi dilini osmanlılaşdırmaq əvəzinə xalqa yaxınlaşmaq yolunu tutmaq lazımdır. Onların fikrincə, bu dili mürəkkəbləşdirmək deyil sadələşdirmək, yəni geniş xalq kütlələrinin anlaya biləşcəyi bir şəklə salmaq lazımdır. Ədəbi dil də xalqın öz dilidir, bu dil hamı üçündür; hamı yazıb oxumalı, cəmiyyətin inkişafında yaxından iştirak etməlidir. Ədəbi dil sadə olmalıdır, onu hamı başa düşməlidir. “Mollanəsrəddinçi”lərdən ən çox C.Məmmədquluzadə osmanlı türkcəsinin bütün türklərin ortaq ədəbi dil olması ideyasına qarşı çıxmışdır. Başqa bir «mollanəsrəddinçi» Ö.Faiq də yazırdı ki, osmanlı ləhcəsinə qayıtmaqdansa, min illərdən bəri təqlid etdiyimiz ərəb və fars imlasından da imtina edib, türk sözlərimizi və türk adlarımızı bərpa etməliyik. Həmin dövrdə, bu məsələ ilə bağlı F.B.Köçərli də “mollanəsrəddinçi”lərlə eyni mövqedə durmuşdur. A.Şaiq də yazırdı ki, Ə.Hüseynzadə Bakıya gəldikdə “özü ilə bərabər, Azərbaycan xalqına xeyiri olmayan ziyanlı fikirlər, panislamizm, pantürkizm ideyaları, üstəlik xalqın anlamadığı, ərəb, fars kəlmə tərkibləri ilə dolu olan bir dil də gətirmişdir”. Şaiq yazırdı: “Doğrudur, Ə.Hüseynzadə həmişə vətəndən, xalqdan danışırdı, ancaq onun əsərlərində, nə də hərəkətlərində Azərbaycan dilinə və Azər¬bay¬can xalqına olan məhəbbətini görmədik”. Ancaq Sovetlər Birliyi dönəmində Məmmədquluzadə xatirələrində onu da yazırdı ki, Hüseynzadə 1910-cu ildə, yenidən Türkiyə¬yə mühacirət edərkən Tiflisdə onların idarələrinə baş çəkərək, xalqa yaxınlaşmaq yolu Azərbaycan türk ədəbi dilinin inkişafı uğrunda mübarizə aparan “mollanəsrəddinçi”ləri təqdir etmişdir. O, yazırdı: “Əli bəy Bakıdan axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. Tiflisə idarəmizə də təşrif gətirdi. Xoş-beş, söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə dedi: “Yaxşı yazırsınız”. Mən Əlibəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bir sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əlibəy Hüseynzadə kimi bir yazı ustadının mən tək bir cavan yazıçya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edim gərək. Əlibəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb, guya öz-özünə yenə dedi: “Açıq yazmağı da bacarmaq lazımdır”. Məmmədquluzadənin bu sözlərinə inansaq Ə.Hüseynzadə bütövlükdə, bütün türklərin ortaq ədəbi türkcəsi kimi Türkiyə türkcəsini (İstanbul şivəsini) görməklə yanaşı, zaman-zaman hər bir türk millətinin öz doğma şivələrini inkişaf etdirmələrini və ədəbi şəkilə salmağa çalışmalarını da təqdir etmişdir. Kamal Talıbzadə də yazır ki, 1926-cı ildə Bakıya gələn Ə.Hüseynzadə keçmişdə olub-keçənlərə nəzər salarkən demişdir: ““Füyuzat” məcmuəsini mən məhdud bir oxucu kütləsi üçün çıxarırdım. Sonralar başa düşdüm ki, bu mənim böyük səhvlərimdən biri olmuşdur. Yüksəlmək üçün öncə aşağılara enmək lazım idi: Ədəbiyyat da belədir! Xalqa enmədikcə yüksəlməz! Əvvəlcə xalqa, kəndliyə, fəhləyə – ümumiyyətlə, böyük kütləyə qədər enmək, sonra bununla bərabər yüksəlməyə çalışmaq lazımdır». Fikrimizcə, bütün bunlar «Füyuzat»ın həmin dövrdəki qiymətini azaltmır. Doğrudur, Ə.Hüseynzadə Türk dilindən xeyli dərəcədə uzaqlaşmış Osmanlı şivəsini ortaq türkcə kimi görməkdə müəyyən səhv buraxmışdır, ancaq ümumilikdə götürdükdə onun ideya xətti ümumtürklük adına daha əhəmiyyətli və mühüm olmuşdur. Ümumilikdə, “İstanbul şivəsi”ni həddən artıq ideallaşdırmasını nəzərə almasaq, Ə.Hüseynzadə ortaq türk dilinin yaranması məsələsini ortaya atmaqda tamamilə haqlı idi. Ümumilikdə, yalnız Türk dünyasının aydınları deyil, Sovet müəllifləri də Hüseynzadəni islamçılıq və türkçülüyün tanınmış ideoloqu kimi böyüklüyünü etiraf etmək məcburiyyətində qalmışlar. Z.Gökalp, Y.Akçura və başqaları da qeyd edirdilər ki, islamçılığın və türkçülüyün, o cümlədən ilk siyasi türkçülüyün yaranmasında və formalaşmasında H.Tunalı, Y.Akçura ilə yanaşı, Azərbaycan türklərindən Ə.Hüseynzadə də mühüm rol oynamışdır. Fikrimizcə, bu mənada XX əsrin ilk on ilində islamçılığın və türkçülüyün Azərbaycanda ən böyük dava adamlarından biri olmuş Ə.Hüseynzadənin dəyərini anlatmaq üçün yeni «kəşflər» etmək deyil, sadəcə onun elmi-fəlsəfi irsini cəmiyyətə doğru-dürüst çatdırmaq lazımdır. Xüsusilə, qeyd olunmalıdır ki, Ə.Hüseynzadənin «üçlük» düsturu və «Osmanlı türkçülüyü» ideyası türkçülüyün üçüncü mərhələsini təşkil edən və onun nəticəsində meydana çıxan Azərbaycan türkçülüyü ideyasının-azərbaycançılığın formalaşmasında mühüm rol oynamışdır. Ə.Hüseynzadə 1920-1940-cı illərdə Türkiyədə yaşadığı mühacirət dövründə də, tutduğu ideya xəttindən (Türkiyə mərkəzli Türk birliyi) demək olar ki, üz döndərməmişdir. Sadəcə, Atatürk Türkiyəsinin Qərb dövlətləri ilə məcburi anlaşması nəticəsində “Türk ocağı”nın, “Türk yurdu”nun fəaliyyətinin məhdudlaşdırılması, başqa sözlə türklüyün ancaq Türkiyə çərçivəsində görülüb onun xaricində təbliğatın aparılmasına qadağaların qoyulması Hüseynzadənin də dünyagörüşünə təsirsiz ötüşməmişdir. Bu dövrdə siyasi-ideoloji məsələlərlə bağlı demək olar ki, artıq məqalələr yazmayan Hüseynzadənin diqqəti cəlb edən bir neçə məqaləsi, Rəsulzadənin bir kiyabəına yazdığı rəyi və “Qərbin iki dastanında türk” əsəridir. 1923-cü ildə M.Ə.Rəsulzadənin Türkiyədə nəşr olunan “Azərbaycan Cümhuriyyəti” kitabına ön söz yazan Hüseynzadənin fikrincə, bu kitab Azərbaycanı, Azərbaycan türklərini tanıtmaq baxımdan qiymətli bir əsərdir. Ə.Hüseynzadə yazır: «Çünki mövzusu, siyasi və iqtisadi vəziyyəti ilə beynəlxalq bir əhəmiyyət daşıyan Bakının, Azərbaycanın və dolayısıyla bütün türklüyün müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas edir. Bir xalqın, bir millətin asudə və müsəmmər bir həyata, rifah və səadətə nail ola bilməsi ictimai sinfin beynində necə iqtisadi bir həmrəyliyin olmasını tələb edirsə, eləcə də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən faydalana bilməsi beynəlmiləl münasibətdə ədalət və insaf məfhumlarının hakim və cari olmasilə mümkündür. Beynəlmiləl insaf və ədalətdən doğan ümum dünya sülhü isə Azərbaycanın eyni şəkildə hürriyyət və istiqlalını vacib edir». Milli istiqlaliyyəti əlindən alınmış bir dövlətin təbii haqq və hüquqqlarının pozulduğu halda, dünya dövlətlərinin buna göz yummasına təəssüf edən Ə.Hüseynzadə yazır ki, ancaq bu istiqlalın mücahidləri, rəhbərləri qüvvətli və səbrli olmalıdırlar. Ə.Hüseynzadəyə görə, bu ölkə, yəni Azərbaycan nə cür adlandırılmasından asılı olmayaraq türklərin yurdudur. O yazır: “Qafqaz silsileyi-cibalının cəhəti-cənubiyyəsində sakin Azərbaycan türkləri şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir (İranın şimal-qərbi səkənəsi də bunlardandır)…”. Onun fikrincə, Azərbaycan türk dili də osmanlı, cığatay şivələrindən daha çox türkcədir, çünki o ərəb-fars təsirinə az məruz qalmışdır. Ə.Hüseynzadə 1920-30-cu illərdə isə Türk dilinin saflaşması məsələsinə daha çox diqqət yetirmiş, bu dilin ərəb-fars mənəşəli sözlərdən təmizlənməsinə çalışmışdır. Belə ki, o, bu dövrdə qələmə aldığı yazılarında bəzi sözləri, qədim türkcədə olduğu kimi Tanrını Oğan, peyğəmbəri yalavac, metodu oran, şairi ozan, sazı çoğur-çökür, hökuməti törü kimi ifadə etmişdir. Ziyalının fikrincə, dilin saflaşması, təmizlənməsi məsələsinə ehtiyatla yanaşmaq, bu zaman bəzən inqilabla, bəzən də təkamüllə iş görmək lazımdır. Hüseynzadə bu mənada, Türkiyədə soyadların dəyişilməsi məsələsinə də diqqət yetirmişdir: “İsim məsələsində tərəzinin bir gözündə insanlığımı, millətəlarası təmayüllərimi, qərbçiliyimi, ötəki gözünə türkçülüyümü, turançılığımı qoydum. İncə-incə çəkdim. Gördüm ki, tərəzinin sallantılarından sonra qərbçiliyim ağır gəldi”. Deməli, alim son dərəcə turançı, türkçü olmasına baxmayaraq, soyadların dəyişilməsində Qərbin mütərəqqi dəyərlərinin nəzərə alınmasını vacib hesab etmişdir. Onun fikrincə, «oğul», «lı» və s. kimi soyad şəkilçiləri ataya, ailəyə mənsubiyyətlə, nəsilə mənsubiyyəti qarışdırır. Ə.Hüseynzadə daha çox «soy» şəkilçisinə üstünlük verirdi. Mühacirət dövründə Türkiyədə qələmə aldığı “Qərbin iki dastanında türk” (1926) əsərində isə Ə.Hüseynzadə italiyan Tokvato Tassonun “Qurtarılmış Qüds” və portegiz Kamoensin “Luziada” mənzum dastanlarında türkün mədəniyyət izini axtarmışdır. Ziyalı bu əsərləri tədqiq edərək, orta əsrlərdə türk mədəniyyətinin Avropa ədəbiyyatında necə öz əksini tapdığını göstərməyə çalışır. Kamoens “Luziada” mənzum əsərində avropalıları, yəni ingilis, alman, italiyan, fransız və başqalarını bir-birilə boğuşmaqdansa müsəlmanlara, o cümlədən müsəlman türklərlə qarşı mücadiləyə çağırır. Hüseynzadəyə görə, islama və türklərə yaxından bələd olmayan bir avropalı şairin belə mövqe tutması insanı düşündürməyə bilmir. Onun fikrincə, Kamoensin türklərə qarşı olan mənfi münasibətinin səbəbi 1) türklərin müsəlman olmaları, 2) türklərin portegizlərlə bir neçə dəfə savaşmaları, 3) ən mühümü, türklərin portegizlərin Şərq ilə, Hind ilə, Hind-Çin ilə ola biləcək münasibətlərinə bir əngəl olmalarıdır. Ancaq Kamoensdən fərqli olaraq Tasso islamı və türkləri anlayıb təqdir etmişdir. Tasso türkləri ərəb, yunan və başqa millətlərlə müqayisə edərkən, onları çox yüksək, üstün tutur. Türk qəhrəmanlarından bəhs edərkən avropalı, yəni italiyan şairi olduğu halda, Tassonun türk mütəfəkkirindən heç bir fərqi yoxdur. Hüseynzadə yazır: “Şair çox epik, çox bitərəfdir. Bu kimi mövzulara girişərkən özünü bir türkün vəziyyətinə qoyur və onun ruhunu anlamaq istər”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazinfo.com