Azərbaycan ordusunun şərəf tarixi: Horadiz və Aprel əməliyyatları

0
719
 Azərbaycanlılar tarixboyu düşmənlərlə döyüşlərdə özünəməxsus bir qəhrəmanlıq nümayiş etdiriblər. Bu baxımdan Azərbaycanın hərb tarixi qəhrəmanlıq salnamələri ilə zəngindir. Dəfələrlə özündən qat-qat güclü düşmənlərlə mübarizədən qələbə ilə ayrılan hərbçilərimiz arasından adlı-sanlı sərkərdələr çıxıb. Müəyyən səbəblər üzündən Rusiyanın əsarəti altına düşməsinə baxmayaraq Azərbaycanda hərb sahəsində görkəmli sərkərdələr yetişməkdə davam edib. Bunu Rusiya artilleriyasının  atası hesab edilən general Əliağa Şıxlinski, general Səmədbəy Mehmandarov,  Kazım Qacar, Hüseynxan Naxçıvanski, Həbibbəy Səlimov və digərlərinin timsalında da aydın görmək olar. 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məhz  adı çəkilən məşhur sərkərdələrimiz Azərbaycan ordusunun yenidən təşkilində önəmli rol oynamağa başladılar. Respublikamızın etibarlı müdafiəsini təşkil etmək məqsədi ilə Milli Şura tərəfindən 1918-ci il iyun ayının 26-da Azərbaycan Milli ordusunun yaradilması barədə qərar  qəbul edildi. Ordunun yenidən təşkilində isə qeyd etdiyimiz kimi general Əliağa Şəxlinski, general Səmədbəy  Mehmandarov,  Kazım Qacar, Hüseynxan Naxçıvanski, Həbibbəy Səlimov və digərləri mühüm rol oynadılar.
Məhz onların sayəsində yeni yaradılan Azərbaycan ordusu  Qafqaz İslam ordusu ilə birlidə Bakının azad edilməsində önəmli rol oynadı. Xüsusi ilə 1920-ci ilin mart ayında Qarabağda erməni daşnaklarının qiyamının yatırılmasında Azərbaycan ordusu tarixi bir qələbə əldə etdi.
 Bolşevik Rusiyasının Azərbaycanı işğal etməsindən sonra belə Azərbaycanda yeni istedadlı sərkərdələr yetişdi. Onlardan biri iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov  faşist Almaniyası ilə döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümayış etdirərək adını  SSRİ hərb tarixinə qızılı hərflərlə yazdırdı.  Bu layiqli ənənə davam etdirildi və ötən əsrin 50-80-ci illərində Sovet ordusu sıralarında general rütbəsinə yüksələn yeni istedadlI hərbi kadrlarımız yetışdı. Ötən əsrin 80-ci illərinin sonlarında ermənilər tərəfindən ölkəmizə qarşı yeni təcavüz başlayanda onlar məhz sinələrini qabağa verərək könüllülərdən ibarət özünümüdafiə dəstələrinin yaradılması prosesinə öz töhfələrini verməyə başladılar. Bu da müəyyən qədər başdan ayağa silahlanmış və xüsusi təlim görmüş erməni muzdlularının qarşısının alınmasında müəyyən rol oynadı.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra nizami ordu quruculuğu prosesinə başlanıldı. Həmin dövrdə ölkə daxilində baş verən çəkişmələr, bir-birini əvəz edən və hərbdən demək olar baş çıxarmayan bəzi müdafiə nazirlərinin torpaqlarımızın müdafiəsini təşkil etmək əvəzinə siyasi oyunlara qoşulması nəticəsində Şuşa düşmən tərəfindən işğal olundu. 1993-cü ilin əvvəllərindən başlayaraq ordu rəhbərliyi ilə ölkəni idarəedənlər arasında baş verən çəkişmələr, Surət Hüseynovun Gəncədə qiyam qaldırmasına və nəticədə ermənilər tərəfindən Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğal edilməsinə yol açdı.
Horadiz əməliyyatı
Həmin dövrdə Azərbaycanın dövlət kimi məhv olması fəlakətinin qarşısını yalnız görkəmli  dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi aldı. Daxildə əvvəlcə Surət Hüseynovdan, sonra isə separatçı Əlikram Hümbətovdan gələn təhlükənin qarşısını alaraq ölkə daxilində sabitliyi təmin etməyə nail olan Heydər Əliyev buna paralel olaraq ordunun faktiki olaraq yenidən formalaşdırılmasını həyata keçirdi. Sovet ordusu sıralarında böyük təcrübəyə malik olan hərbı kadrların ordu quruculuğu prosesinə cəlb edilməsi nəticəsində qısa müddətdə uğurlu hərbi əməliyyatlar aparmağa qadir olan ordu yaradıldı. Həmin dövrdə erməni silahlı dəstələrinin hücumu davam etməkdə idi. 1993-cü ilin avqustunda Qubadlını işğal edən ermənilər oktyabr ayında strateji baxımdan önəmli olan Horadizi ələ keçirərək ölkəmizin içərilərinə doğru irəliləməyə cəhd etdilər. Düşməndən gələn böyük təhlükəni nəzərə alaraq Ali Baş Komandan  Heydər Əliyevın rəhbərliyi altında düşmənə əks-zərbələr endirilməsi planı hazırlandı. Plana uyğun olaraq dekabrın 15-də Azərbaycan ordusu  Füzulu, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər istiqamətlərindən düşmən üzərinə hücuma keçdi.
İlk uğurlu hücum nəticəsində Ağdərənin və Füzulinin bir çox yaşayış məntəqələri düşməndən azad edildi Amma əsas hədəf Horadizin düşməndən azad edilməsi idi. Bu məqsədlə  Beyləqan istiqamətindən düşmən üzərinə hücum edən hərbi birləşmələrmiz  Füzuli istiqamətində irəliləyərək Horadizi düşməndən azad etdi. Dekabrın 15-dən yanvar ayının 6-na kimi davam edən döyüşlərdə Horadiz qəsəbəsi də daxil olmaqla  Füzuli rayonunun 20, Cəbrayıl rayonunun isə 1 kəndi (Cocuk Mərcanlı)  düşmən tapdağından azad edildi. Bu Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri oldu. Düşmənlə döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə, 8 nəfər azərbaycanlıya Milli Qəhrəman adı verildi. Təbii ki, Horadiz əməliyyatında  qazanılan uğurlarda Ali Baş Komandan Heydər Əliyevin böyük əməyi oldu. Həm də bu qələbə Azərbaycan hərbçilərinin müasir şəraitdə uğurlu hərbi əməliyyatlar aparmaq istedadını bir daha ortaya çıxardı.
Azərbaycan həmin dövrdə hücumları davam etdirərək düşməndən topraqlarının çox hissəsini azad etməyə qadir idi. Lakın bəzi xarici güclərin hər vasitə ilə buna mane olmaq cəhdləri, o cümlədən Ermənistan ordusuna əlavə müasir silahlar və hərbi texnika verməsi, həmçinin Ermənistanı məğlubiyyətdən xilas etmək üçün  təhdidlərə əl atması, təzyiqlərə baş vurması ordumuza uğurlu hücum əməliyyatlarını davam etdirməyə imkan vermədi. Buna baxmayaraq 1994-cü ilin mart-aprel aylarında keçirilən hərbi əməliyyatlar zamanı düşmənə yeni zərbələr endirildi. Lakın bu dəfə də  xaricdən gələn təhlükə və təhdidlər hücum əməliyyatlarını davam etdirməyə imkan vermədi. Buna paralel olaraq Rusiyanın təkidi və vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində 1994-cü ilin may ayının 12-də Bişkekdə tərəflər arasında atəşkəs haqqında anlaşma imzalandı.
Atəşkəsin elan edilməsi Azərbaycana Xəzərdəki neft-qazla zəngin neft və qaz yataqlarının işlənməsi barədə  xarici şirkətlərlə  “Əsrin müqaviləsi” adını alan anlaşmanı imzalamağa imkan verdi. Bunun ardınca  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması, Xəzər qazının dünya bazarına çıxarılmasına imkan verən oduqca strateji layihələrin reallaşdırılması ölkəmizin iqtisadi və hərbi gücünün artırılmasında önəmli rol oynadı.
 Aprel hərbi əməliyyatı
 Atəşkəs dövründə ordumuzun müasir hərbi silahlarla təmin edilməsi öz növbəsində torpaqlarımızın işğaldan azad edilməsi üçün yeni imkanlar yaratdı. Azərbaycan ordusunun hərbi gücünün növbəti nümayişi isə 2016-cı il aprel ayında başlayan uğurlu hərbi əməliyyatlar oldu. 2016-ci ilin yanvar-mart aylarında düşmənin cəbhədə aramsız olaraq təxribatlara əl atması, sərhədyanı kəndlərimizi həyasızcasına atəşə tutması ordumuzun səbrini daşdırdı. Düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə  əvvəlcədən yüksək səviyyədə hazırlanan hərbi əməliyyat planına uyğun olaraq Azərbaycan ordusu 2016-cı il aprel ayının əvvəllərində əks-hücuma  başladı. Uğurlu hərbi əməliyyatlar nəticəsində Talış kəndi istiqamətində olan yüksəkliklər düşməndən azad edildi. Bununla da da ətraf yaşayış məntəqələrinin, o cümlədən Tap Qaraqoyunlu kəndinin təhlükəsizliyi təmin olundu. Lələtəpənin işğaldan azad olunması isə Cocuq Mərcanlının təhlükəsizliyini təmin etdi və kənddə yaşayış üçün imkan yarandı.
Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarını davam etdirməsi və digər rayonlarımızn azad edilməsi imkanı var idi. Lakin Rusiyanın tərəflər arasında hərbi əməliyyatların dayandırılması və Qarabağ probleminin tezliklə həll edilməsi üçün bütün imkanlardan istifadə ediləcəyini vəd etməsindən sonra Azərbaycan danışıqların sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirərək hərbi əməliyyatları dayandırdı. Amma Ermənistanın danışıqlarda növbəti dəfə qeyri-konstruktiv mövqe nümayış etdirməsi yenə də problemin dinc yollarla aradan qaldırılmasına imkan vermir. Bununla belə aprel döyüşləri Azərbaycan ordusunun istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycanın hərb tarixinə ən uğurlu hərbi əməliyyatlardan biri kimi düşdü. Apel  əməliyyatı bir daha sübut etdi ki, ölkə rəhbərliyi hərbi qüdrətimizin artırılması istiqamətində düzgün siyasət  həyata keçirir. Aprel döyüşləri həm də xalqla ölkə rəhbərliyinin birliyinin nümayişi demək oldu. Bu uğurlu hərbi əməliyatda həm müdafiə nazirliyinin, həm də ölkə rəhbərliyinin böyük xidmətləri oldu. Beləliklə Aərbaycan ötən əsrin 90-cı illərində yenidən öz müstəqlliyini əldə etdikdən sonra həyata keçirdiyi Horadiz və Aprel döyüşləri ilə hərb tariximizdə yeni səhifə açdı. Şübhəsiz ki, hələ qarşıda torpaqlarımızın azad edilməsi ilə bağlı daha möhtəşəm hərbi əməliyyatlar dayanır. Ermənistan  sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayış etdirməkdə davam edəcəyi təqdirdə Azərbaycan ordusunun torpaqlarımızı azad etmək üçün yeni uğurlu hərbi əməliyyatlara başlaması isə qaçılmaz olacaq.  Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən  mərasimdə məsələnin bu tərəfinə diqqəti cəlb edərək deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək. O qeyd edib ki, Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və  biz bunu aprel döyüşləri zamanı da sübut etmişik.
Bir sözlə Azərbaycan ordusu yeni zəfərlərə hazırdır və  qəhrəman əsgərlərimizin düşmən tapdağı altında olan rayonlarımızı azad edəcəyi gün uzaqda deyil.
Yazı “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”
Murad Şahməmmədov

BIR CAVAB BURAXIN