Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir

0
1851

Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.

İstənilən dövlətin müstəqilliyinin qorunub saxlanması üçün güclü ordunun olması ən vacib şərtlərdəndir. Çünki güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altında olur. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. İşğalçı, mənfur qonşularımız olan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan ən əhəmiyyətli vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Məhz bunun üçün ölkə Prezidentimizin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur.

Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə güc qatır. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.

Bir sözlə, Azərbaycan Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Bütün bunlar İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir.

Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə yetirir. Azərbaycan münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa əsaslanıb, ilk əvvəldən münaqişənin dinc yolla həlli üçün üzərinə götürdüyü bütün öhdəliklərə hər zaman olduğu kimi, sadiq qalmaqdadır. Azərbaycanın döyüş meydanında öz üstünlüyünü nümayiş etdirdiyi bir vaxtda, işğal altında olan əraziləri bir-birinin ardınca işğaldan azad etdiyi bir məqamda da ölkəmiz insanların həyatının qorunması niyyəti ilə bu məsələni siyasi yolla həll etməyə hazır olduğunu bəyan edir.

Bu gün torpaqlarımızın  işğaldan azad olunması cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi – diplomatik sahədə qazandığı uğurların bəhrəsidir.

 

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova