Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı

0
1709

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq, talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha, əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-mərcliyə gətirib çıxarmışdı. Sözsüz ki, bu vəziyyətdən, Azərbaycandakı anarxiyadan sui-istifadə edən ermənilər və onların havadarları ölkəmizə və xalqımıza qarşı müxtəlif məkrli niyyətlər və əməllər planlaşdırmağa və o planları ən qəddar, qeyri-insani üsullarla həyata keçirməyə başladılar. Torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə bütün şəhər və kəndlərimizin, abidələrimizin dağıdılması, talan edilməsi, tarixən orada yaşamış dinc soydaşlarımızın vəhşicəsində qətlə yetirilməsi, didərgin salınması tariximizin ən acılı və ağrılı səhifələrindən biridir. 1992-ci ilin 26 fevral tarixində dünya tarixində misli görünməmiş Xocalı soyqırımının törədilməsi isə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir cinayət idi. Bütün sadalananlar erməni millətçilərinin nə qədər qəddar, amansız olduğunu sübut etməyə yetər.

Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan torpaqlarımızda azərbaycanlılara məxsus tarixi izlərin silinməsi, buraların saxta olaraq özününküləşdirilməsi, digər ölkələrdən etnik ermənilərin qanunsuz olaraq burada məskunlaşdırılması, terror fəaliyyətləri, təbii sərvətlərimizin bir sıra xarici şirkətlərlə birgə talan edilməsi, bu iş birliyindən külli miqdarda gəlirlərin əldə edilməsi, mənəvi terrola yanaşı, eyni zamanda bizə vurulan iqtisadi ziyanların miqyasını da ölçüyəgəlməz dərəcədə artırırdı. Ermənilərin Azərbaycana qarşı mənəvi, maddi terroru bu illər ərzində davam edib.

Mövcud vəziyyətlə əlaqədar Azərbaycan hər zaman haqq səsini ucaldırdı, beynəlxalq ictimaiyyətdən reaksiya gözləyirdi. Lakin bütün bu hadisələrin, faktların dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq Ermənistana real təzyiq və cəza tətbiq edilmədiyi üçün vəziyyət getdikcə daha da gərginləşirdi. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrə əməl etməyən Ermənistan öz məkrli əməllərindən əl çəkmir, əvəzində əsassız torpaq iddialarını daha da artırır, işğal altında saxladığı ərazilərimizdə talançılıq siyasətini davam etdirirdi. BMT kimi dünyanın ən böyük beynəlxalq təşkilatının qətnamələrini heçə sayan, başqa bir müstəqil dövlətin suveren, beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazilərini zəbt edən, işğal edən bir ölkəyə qarşı bütün dünya haqq səsini ucaltmalı idi. Çünki bu işğalçılıq, beynəlxalq hüququn aliliyinin ayaqlar altına atılması və cəzasızlıq bütün dünya üçün əsl təhdid idi və müxtəlif vaxtlarda digər dövlətlərə qarşı da təkrarlanırdı. Məsələn, ermənilərin Azərbaycanla yanaşı qardaş Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddialarının olduğu və zaman-zaman bu barədə açıqlamalar verdikləri də heç kəsə sirr deyil.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc