Azər Həsrət həbs təhlükəsi ilə üzləşən baş redaktorun müdafiəsinə qalxdı: “Absurdun absurdudu…”

0
574

Bir var absurd, bir də var absurdun absurdu. Azərbaycanda bunu bizə şəxsi örnəklə göstərənlərsə getdikcə çoxalır deyəsən.

Deməli, teref.info saytının baş redaktoru, Qarabağ qazisi, I Qarabağ savaşının məşhur “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca (İsmayılov) məhkəməyə verilib. Ona qarşı irəli sürülən iddalar Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsaslanır. Artıq fevralın 11-nə Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcəyi elan edilib.

Bu maddələrin Nurəddin Xocaya yapışıb yapışmayacağına aşağıda toxunacağıq. İndiliksə işin absurd tərəfinə aydınlıq gətirək.

Nurəddin bəy mediaya verdiyi açıqlamada bildirib ki, onun məhkəməyə çəkilməsi iki ayrı yazıya görədir. Özü də o yazıların hər ikisi əvvəlcə başqa mediada yayımlanıb, təkzib olunmayıb və bundan sonra teref.info saytında istinadla dərc edilib. Yəni tam aydındır ki, burada artıq teref.info saytının məsuliyyət yükü sıfırdır. Biz hələ o yazılardakı məsələlərin nə qədər obyektiv və ya əksi olduğuna toxunmuruq. Məsələ bu qədər aydınkən nəinki heç kim Nurəddin bəyi məhkəməyə verə bilməz, ümumiyyətlə məhkəmə bu işi icraata qəbul etməməliydi. Göründüyü kimi, absurd hal yaşanıb və təkrarlanıb. Olub absurdun absurdu!

İdddiaçılar da kimmiş? Bir ər-arvad. İddia edirlər ki, o yazıları oxuyub sinirləniblər, ona görə də məhkəməyə müraciət ediblər. Daha bir absurd! Hətta sinirlənsələr belə, yenə də teref.info və onun rəhbərini deyil, ilkin mənbələri məhkəməyə verməli idilər.

Yazılara gəlincə, hər ikisi ötən yay Azərbaycanı büsbütün zülmətə qərq etmiş “Azərenerji”nin artıq keçmiş rəhbəri Etibar Pirversiyevdən bəhs edir. Adamın dövlətə ağır zərbə vurmuş fəaliyyəti zatən bütün millətin gözü önündə olub, şəxsən Prezident İlham Əliyev onu el içində biabır edib və işdən də atıb. İndi belə bir adamla bağlı yazıları oxuyan hansısa ər-arvada nə düşüb ki, məhkəməyə müraciət edirlər? Yenə də absurd!

Yeri gəlmişkən, yazıların başlıqları belədir: “Etibar Priverdiyevin valyuta biznesi ortaya çıxdı – Sumqayıtda milyardlıq mayninq ferması tikdirib” (“Yeni Müsavat”dan alınıb) və “Azərenerji” yoxlanılır, Priverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya” (Reportyor.info-dan alınıb).

Qeyd etdiyimiz kimi, yazılar başqa mediada yayımlanıb təkzib edilmədiyi üçün onları yenidən dərc etmiş media qurumu heç bir məsuliyyət daşımır! Bu, “KİV haqqında qanun”da açıq mətnlə yazılıb! Buyurun:

Maddə 62. Məsuliyyətdən azad edilmə halları
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
5) … redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

Bu qədər aydın bir qanun varkən məhkəmə niyə işi icraata götürür? Həm də ağır cinayət işi kimi?

İş bu qədər aydın olduğu üçün yazıların məğzinə belə toxunmaq istəməzdik. Sadəcə bu absurd iddianı irəli sürənləri də, o iddianı icraata qəbul edən məhkəməni də ağıllı davranmağa dəvət edirik. Xatırlatmaq istərdik ki, Azərbaycan bir hüquq dövlətidir və burada qanunlar hər şeydən üstündür. Əgər məhkəmə göz görə-görə bu qanunları ayaq altına atır, balaca uşağa da aydın olan bir məsələdə pozuntuya yol verirsə, bunun zərbəsi Azərbaycana dəyir. Və heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanı hansısa mənasız iddialara görə beynəlxalq səviyyədə qınaq obyektinə çevirsin!

Və ümumiyyətlə. Azərbaycanda Mətbuat Şurası var. Bu qurum vətəndaşlarla, məmurlarla media arasında ortaya çıxan anlaşılmazlıq və narazılıqları məhkəmədən kənar yolla həll etmək üçün qurulub və çox effektiv də işləyir. İndi bu iddiaçılar, hər şey bir yana, niyə Mətbuat Şurasını qoyub məhkəməyə üz tutur? Bunlar niyə Azərbaycanda geniş qəbul görən bir qaydanı saymazlıqdan gəlirlər? İndi kimsə deyəcək ki, hüquq, filan. Olsun. Amma biz axı normal münasibətlər sisteminin oturuşması üçün çalışırıq və hər bir insanımız da burda öz payını verməlidir.

Nurəddin Xocaya qarşı irəli sürülən ittihamlara gəlincə. Bu adam bu dövlət üçün canını qoyub, a kişilər! Siz necə onu dövlət əleyhinə çağırışlarda ittiham edə bilərsiniz? Hələ vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı da varmış! Bu şəxs hansı vəzifənin sahibidir ki, orada həddini aşıb saxtakarlığa da yol versin? Absurddur bu, absurd! Ona görə də media cameəsi Nurəddin Xocanın müdafiəsinə qalxmalı, absurd iddia irəli sürənlərin və bu absurdu icraata götürən məhkəmənən əsl maraqlarını gün üzünə çıxarmalıdır. Araşdırılmalıdır ki, bunun arxasında kim və nə maraqlar durur. Bu ölkədə dərəbəylik deyil və hər yerindən duran Azərbaycana beynəlxalq səviyyədə qınaq gətirəcək hər hansı addım atmamalıdır.

Sözardı: Etibar Pirverdiyevin Azərbaycanın kürəyinə bıçaq saplaması haqqında mənim də yazılarım olub. Haydı, buyursunlar, məni də versinlər məhkəməyə!