Azərbaycanlı milyonçunun 690 milyonu İsveçrə bankda batır

0
1139

Azərbaycanın məşhur neft milyonçusu Musa Nağıyevin İsveçrə bankında 413 milyon qızıl pullarının qaldığı məlum olub. Bank həmin pulları milyonçunun yalnız varislərinə verə biləcəyini bildirib. Varislər ortaya çıxsa da, bank kod tələb etdiyindən Nağıyevin milyonları bankda qalmaqda davam edir. Milyonçunun nəvəsi, Rusiya vətəndaşı Dilarə Nağıyevanın sözlərinə görə, atası Fərəc Nağıyev deyib ki,  Musa Nağıyev pullarını xarici banklara yatırıb:

“Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib. Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik. Amma Azərbaycanın adından dövlət olaraq müraciət edib pulu geri qaytara bilərik”.

Nağıyevlər ailəsi onu da bildirib ki,  tək istəkləri onun varidatını xarici banklardan geri almaq və həmin pula Bakıda iki bina tikdirməklə  Musa Nağıyevin 100 binanın sahibi kimi adını tarixə salmaqdır.

Xatırladaq ki, Ağa Musa Nağıyev Bakıda 98 bina tikdirib. İddialara görə, o, pulunun böyük əksəriyyətini İsveçrə bankına qoyduqdan sonra ona xüsusi kod verilib. Qanunlara görə, İsveçrə bank sistemində kodu bilməyən müştəri əsla oradan pul çıxara bilməz. Şayiələrə görə, həmin kod xaç formasında olan açarın üzərinə həkk olunub.

Maraqlıdır, Nağıyevin varisləri kod olmadan qızıl pulları geri ala bilərmi? Və yaxud bu pulları Azərbaycan hökuməti almalıdırmı?

Hüquqşünas Əkrəm Həsənov ile ilgili görsel sonucu

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Vərəsəlik məsələlərində ilk növbədə diqqət edilməlidir ki, hansı qanun tətbiq olunmalıdır. Burada əsasən, miras qoyanın öldüyü vaxtın və yerin qanunu qoyulmalıdır. Musa Nağıyev 1919-cu ildə, ADR-in dövründə dünyasını dəyişib. Çox güman ki, həmin dövrdə ölkəmizdə Rusiya qanunları tətbiq edilib. Dünyada qəbul edilmiş ümumi qanun budur ki, daşınmaz əmlakı onu miras kimi tələb edəndə olduğu ölkənin qanunu ilə tələb etmək lazımdır. Lakin daşınmaz əmlakdırsa, onda mirasçının öz ölkəsinin qanunu ilə həll etmək lazımdır. Yəni bu məsələdə İsveçrə bankından ADR dövründəki qanunla pulları geri istəmək lazımdır. Düşünürəm ki, Musa Nağıyevin varisləri bu barədə İsveçrə məhkəməsinə müraciət etməlidir. Məhkəmə artıq bankı məcbur etməlidir ki, kod lazım deyil. Məlum məsələdir ki, varisləri həmin kodu bilə bilməzlər. Burada Azərbaycan hökuməti varislərə yalnız köməklik edə bilər. Lakin məsələni İsveçrə məhkəməsi həll etməlidir”.

Daha bir maraqlı fakta əsasən Sankt-Peterburqda buraxılan kataloqda məşhur milyonçunun ümumi sərvəti 690 milyon qızıl pul olaraq göstərilib. Məlumatlara görə, Nağıyev, sadəcə, 413 milyon pulunu xarici banka köçürüb, geridə qalan 277 milyon qızıl pulu isə Bakıda dənizkənarı yerlərin birində xüsusi olaraq düzəldilən anbarda saxlayıb. Anbarın kodunu isə yalnız milyonçunun özü bilib. Xaç formasında açarın da həmin anbarda saxlanıldığı deyilir. Anbarın harada olması barədə məlumat yoxdur. Şayiələrə görə, sovet dövründə çoxlu sayda qızıl axtaranlar onun yerini tapmağa çalışıb, lakin buna nail ola bilməyib.

 

BIR CAVAB BURAXIN