Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri işğalçı ölkəyə xəbərdarlıq etdi

0
660

Qarabağa polis qüvvələrini göndərən Paşinyan Bakını savaşa çəkir; işğalçı ölkə Bakıya antiterror əməliyyatına başlamaq üçün əsas verib

Hakimiyyətə gəldiyi gündən ziddiyyətli davranışları və mövqeyi ilə diqqət mərkəzində qalmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı növbəti avantürist mövqe ortaya qoyub.

İşğalçı ölkənin hökumət başçısı Ermənistan polisinin Azərbaycanın işğal altındakı ərazilərində xidmət keçməsi barədə qərar verməklə beynəlxalq hüququ açıq-aşkar tapdayıb. “Qrapark” qəzeti yazıb ki, “Daxili qoşunlar haqqında” qanuna görə, bu qoşunlar həm də ölkənin müdafiəsində iştirak etməlidir. Ancaq buna qədər daxili qoşunlardan yalnız etiraz hərəkatlarını yatırmaq üçün istifadə edilib. Ermənistanın polis rəisi Valeri Osipyan ötən şənbə daxili qoşun hissələrində görüş keçirib. Musavat.com-un xəbərinə görə, Osipyan bildirib ki, Müdafiə Nazirliyindən bununla bağlı təklif alıb və razılaşıb. Eyni zamanda vurğulanıb ki, polisin sərhəd bölgələrində yerləşdirilməsi Nikol Paşinyanın qərarıdır. Erməni qəzeti onu da yazıb ki, yalnız bir bölmə narazılığını bildirib. Osipyan deyib ki, 15 avqustda daxili qoşunlar Qarabağa göndəriləcək. Onlar 15 günlük “sərhədin müdafiəsində” iştirak edəcəklər. Bu xidmətin müqabilində isə polis əlavə maaş alacaq. Polisdən də görüşlə bağlı xəbəri təsdiqləyiblər.

Şübhə yoxdur ki, Azərbaycan ordusunun möhtəşəm hərbi paradı, daha sonra isə iyulun 6-dək davam edən genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi narahatlıq yaradıb. Bundan əvvəl Paşinyan orduya istənilən ssenariyə hazır olmaqla bağlı göstəriş vermişdi. Ardınca isə onun daxili qoşunları Azərbaycanın işğal altındakı ərazilərinə göndərmək qərarı həm də onun təsdiqidir ki, Ermənistan Azərbaycan ordusunun qarşısında duruş gətirməyin mümkün olmadığını anlayır və polisi də proseslərə cəlb etməklə arsenalındakı bütün qüvvələri işə salmaq istəyir. Ermənistan daxili qoşunları da başqa ölkənin ərazilərinə göndərməklə beynəlxalq hüququ növbəti dəfə ayaq altına alır, eyni zamanda Azərbaycana öz ərazisində antiterror əməliyyatlara başlamaq üçün ciddi əsaslar verir.

Artıq Azərbaycanın rəsmi qurumları Ermənistan hökumətinin qərarına münasibət bildirib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, Ermənistanda demoqrafik, iqtisadi vəziyyət ağırdır, silah-sursat çatışmazlığı hökm sürür: “Biz dəfələrlə bəyan etmişik, beynəlxalq təşkilatlara da bildirmişik ki, Ermənistan işğalçıdır. Ermənistan növbəti dəfə öz simasını bu şəkildə göstərdi, işğalçı dövlət olduğunu açıq-aşkar bir daha nümayiş etdirdi”.

Azərbaycanın Müdafiə ile ilgili görsel sonucu

MN rəsmisi Ermənistanın bu yolla Azərbaycanda keçirilən hərbi təlimlərə, müharibə hazırlıqlarına “cavab” vermək cəhdini mənasız saydı: “Biz bəyan etmişik, hərbi təlimlərimiz müəyyən olunmuş vaxtda və istiqamətdə, plan üzrə davam etdirilir”. MN rəhbərliyi onu da qeyd edib ki, Ali Baş Komandanın əmr verəcəyi halda, Qarabağda Ermənistanın hansı qüvvələrinin yerləşdirilməsinin heç bir əhəmiyyəti olmayacaq.

“Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumat verilir”. Bu fikirləri isə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O deyib ki, Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib. H.Hacıyev daha sonra bildirib: “Daxili qoşun birləşmələrini Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir. Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyi bu kimi gərginlik ab-havası və hərbi ritorika ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa çalışır. Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə Ermənistanın daxili qoşun birləşmələrini də Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi Ermənistanın işğalçı dövlət olduğunu və rəsmi İrəvanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

Məsələyə ictimaiyyət nümayəndələri, ekspertlər və qeyri-hökumət təşkilatları da reaksiya verib.

“Əslində bu addım birbaşa Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə yönələn qəsddir. Ermənistan heç bir beynəlxalq qanun tanımır və təcavüzkar siyasətini davam etdirir. Dağlıq Qarabağ ərazilərinə PKK silahlılarını da yığmaqda davam edir. Biz, Bütöv Azərbaycan Ocaqları olaraq hesab edirik ki, Azərbaycan özünün xarici siyasətini daha da aktivləşdirməli və Dağlıq Qarabağda antiterror əməliyyatları aparmaq üçün dünyanın iri dövlətlərini xəbərdar etməlidir”.

Bu fikirlər Bütöv Azərbaycan Ocaqlarının (BAO) yaydığı bəyanatdandır. Qurum qeyd edib ki, əslində Dağlıq Qarabağda antiterror əməliyyatlarına Türkiyə tərəfi də qoşula bilər:“Çünki Türkiyə tərəfi də dəfələrlə bəyan edib ki, PKK terrorçuları Dağlıq Qarabağa da toplaşırlar. Bundan əlavə, Dağlıq Qarabağ dünya narkoticarətinin mərkəzinə çevrilməkdədir. İstər beynəlxalq qanunlar, istərsə də milli maraqlar və ərazi bütövlüyümüzün təmin edilməsi imkan verir ki, Dağlıq Qarabağda antiterror əməliyyatları keçirək”.

Arzu Nağıyev “ ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistan rəhbərliyinin inhisarında olan kütləvi informasiya vasitələrində bu məsələ, yəni daxili qoşunların işğal olunan ərazilərə və Azərbaycanla sərhədə göndərilməsi və xidmət keçmələri məsələsi gündəmdədir: “Qanuna əsasən onların funksiyasına aid olan məsələlərdən biri də ”müdafiədə iştirak”dır və ilk baxışda burada elə bir təəccüb doğuran məsələ yoxdur. Lakin Ermənistan polisinin rəhbərliyinin açıqlamasına görə bu məsələnin məhz müdafiə nazirliyindən qaynaqlanması diqqət çəkir. Deməli, müdafiə nazirliyinin buna ehtiyacı var. Təbii ki, əsas qərar verən Nikol Paşinyandır. Burada da müəyyən məsələlər var. Paşinyan keçirdiyi mitinqlərdə iştirakçılara qarşı güc tətbiq edən daxili qoşunları məhz bu yolla cəzalandırır. Artıq həmin hissələr avqust ayının 15-dən başlayaraq 15 günlük işğal olunan ərazilərə ezam ediləcək”. A.Nağıyev bildirdi ki, bu hissələrin yerli separatçılar tərəfindən necə qarşılanacağı da sual doğurur: “Paşinyan təbii ki, Saakyan və onun quldur dəstələrinə tam inanmır, buna görə də polisdən istifadə edir. Digər tərəfdən, ordudakı şəxsi heyət çatışmazlığını bu yolla tənzimləməyə çalışır. Bundan başqa, Paşinyanın bu siyasəti özünə uyğun gəlməyən şəxsləri lokallaşdırtmaq və antikorrupsiya siyasətinin davam etdirməsini göstərməkdir. Siyasətçilərin həbsi, kiçik biznesmənlərin sıradan çıxarılması ölkədə vəziyyəti dəyişmir. Hətta iri məmurların işdən azad edilməsi, həbsi Sərkisyanın qohumlarına qarşı irəli sürülən ittihamlar da buna kömək etmir. Qarşıdan isə seçkilər gəlir, Paşinyan nəyin bahasına olursa-olsun Sərkisyanın komandasını zəiflətməlidir. Paralel olaraq ölkədə qərbyönümlü qeyri-hökumət təşkilatlarının yaradılması da böyük vüsət alıb və təbliğat antirus və keçmiş rəhbərliyin gözdən salınması istiqamətində aparılır”.

Politoloq maraqlı bir məqama da diqqət cəlb etdi: “Daxili qoşunu işğal olunan ərazilərə göndərməklə Ermənistan öz müdafiə nazirliyinin müəyyən hissələrini oradan çıxara bilər. Bu isə daxili stabillik və Rusiya bazalarının funksiyalarının azaldılması üçün istifadə oluna bilər. Paşinyan başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi həll edilərsə, artıq Rusiya ona lazım olmayacaq. Eyni zamanda hətta separatçıları bir qurum kimi tanısa da, bu ağır yükün altından çıxa bilməz. Yəni daxili qoşunların dislokasiyası ilə aparılan bu hərəkətlər əsasən siyasi divident qazanmaq üçün atılan addımlardır. Azərbaycan isə bu variantların hər birinə hazır olan siyasətini davam etdirir və bu dəyişikliklərə hazırdır”.

Azərbaycan torpaqlarında Ermənistanın hərbi təlimlər keçirməsinə, qanunsuz tikinti işləri aparmasına, işğalçı ölkə ilə Dağlıq Qarabağı birləşdirən alternativ yolların çəkilməsinə sükutlu reaksiya verən və Bakını hərbi yoldan çəkindirməyə çalışan ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin beynəlxalq qurumlar N.Paşinyanın bu cinayətkar qərarına da məhəl qoymur. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın işğalçı ordusunun çıxarılmasını qəti olaraq irəli sürsə də, bu qətnamələr, sadəcə, mənasız kağız parçası kimi kənarda qalıb. Eyni zamanda illər öncə Avropa Parlamenti İrəvana xitabən Dağlıq Qarabağa əsgər göndərməməyə çağırmışdı. Ermənistan nəinki bu qətnaməyə əməl etməyib, üstəlik, Qarabağa polis qüvvələrini də göndərməyə hazırlaşır. Beynəlxalq aləmin və Ermənistanın davranışları Azərbaycan üçün savaşın alternativini qoymur…

BIR CAVAB BURAXIN