Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən “Aqreqat” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunda müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan minaya davamlı “Tufan” ilk milli zirehli nəqliyyat vasitəsinin təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bu nəqliyyat vasitəsinin təcrübə-sınaq nümunəsinin MSN-in Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) hazırlandığını bildirib. Nəqliyyat vasitəsi döyüş şəraitində yerləşən şəxsi heyəti nəql etmək üçün nəzərdə tutulub. Maşın NATO-nun “STANAG 4569” standartının üçüncü səviyyəsinin tələbinə uyğun daşınan şəxsi heyəti məhvedici təsirlərindən qoruyur.
“Tufan” milli zirehli nəqliyyat vasitəsinin xüsusiyyətləri barədə məlumat verən MAKA-nın baş direktoru Alçın Şirinzadə qeyd edib ki, avtomaşın məsafədən idarə olunan xüsusi döyüş modulu, tank əleyhinə idarə edilən raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və digər sistemlərlə təchiz edilib. Dizaynı Azərbaycanın yerli mühəndisləri tərəfindən işlənilib və yaradılan bu avtomaşının maketi “ADEX-2016” sərgisində nümayiş olunub. Yeni avtomaşın dizaynına görə, Silahlı Qüvvələrimizdəki və digər ölkələrin ordularında istifadə olunan hərbi avtomaşınlardan kifayət qədər fərqlənir.
Nəqliyyat vasitəsi kəskin yoxuşlarda və enişlərdə, həmçinin su xəndəkləri olan müxtəlif relyef şəraitində rahat hərəkət etmək qabiliyyətinə malikdir. Onun üzərində quraşdırılan döyüş modulu 12,7 millimetrlik iriçaplı pulemyotla təchiz edilib. Modulun üzərində optik nişanlanma sistemləri, gündüz və gecə kameraları, həmçinin lazer məsafəölçəni quraşdırılıb. Döyüş modulunun əsas xüsusiyyəti isə onun bütün proqram təminatının yerli mütəxəssislər tərəfindən hazırlanmasıdır. Döyüş modulu düşmənin yüngül zirehli hədəfləri, atəş vasitələri və hava hədəfləri ilə səmərəli mübarizə aparmaq imkanına malikdir.
Cari ildə keçiriləcək sınaqlardan sonra tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarında belə maşınların yaradılması nəzərdə tutulub. (AzərTAc)
◀▶