Azərbaycanın həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur

0
1497

Azərbaycanın həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur.

Hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğundan dövlətimizin başçısı İlham Əliyev almaniyalı iş adamları ilə görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə də ətraflı məlumat verdi. Bildirdi ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edildi ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək. Bütövlükdə ölkəmizin Almaniya ilə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir. Enerji sektorunda əməkdaşlığın inkişaf səviyyəsi göz qabağındadır. Ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ümumilikdə üzv dövlətlərlə bu sahədə əlaqələrin inkişafına stimul verəcək.

Azərbaycan-Almaniya siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 11 işgüzar səfəri olub. Səfərlərin hər biri münasibətlərdə yeni səhifənin açılması deməkdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, qarşılıqlı səfərlər, eyni zamanda, bu səfərlər zamanı münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza olan sənədlərin imzalanması əməkdaşlığın genişləndirilməsinə öz töhfələrini verir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu fikir Almaniya Kansleri tərəfindən də xüsusi qeyd edildi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycanın həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur.

Dövlətimizin başçısı İlham Əliyev keçirdiyi bütün görüşlərdə, mətbuata bəyanatında, media nümayəndələrinin suallarını cavablandırarkən əsas diqqət göstərdiyi məsələlərdən biri də təhlükəsizlik məsələsi oldu. 30 illik işğal və postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verən Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. Qırx dörd günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq. Almaniya Kansleri də mətbuata bəyanatında sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini diqqətə çatdırdı.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı