İtaliyada iki gün əvvəl məhkəmə Transadriatik Qaz Kəmərinin keçdiyi Apuliya bölgəsində 244 çoxillik zeytun ağacının köçürülməsinə icazə versə də “No TAP” komitəsinin fəalları yenidən tikinti işlərinin başlamasına mane olub.
Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə aprelin 20-də Melandunyo bələdiyyəsinin ağacların köçürülməsinin dayandırılmasına dair iddiasına baxıb və təmin etməyib. Məhkəmənin qərarına əsasən TAP konserni İtaliya mərkəzi hökumətinin qərarı əsasında tikinti işlərini davam etdirə və zeytun ağaclarını köçürə bilər. Lakin məhkəmənin qərarı elan olunan kimi “No TAP” komitəsinin fəalları yenidən tikinti sahəsini blokadaya alıblar.
Ötən gün komitənin 300-dən çox fəalı tikinti zonasını blokadaya alıb və bütün gecəni orada keçirib. Etirazçılar tikinti zonasına aparan bütün yollarda barrikadalar qurublar, yük maşınları ilə daş-kəsək daşıyıb yollara töküblər. Hazırda fəallar TAP konserninin buldozer və ekskovatorlarının əraziyə daxil olmasına imkan verməmək üçün barrikadalarda gözləyir.
Regionun qubernatoru Mişel Emiliano jurnalistlərə bildirib ki, məhkəmənin qərarına baxmayaraq onlar TAP kəmərinin marşrutunun dəyişdirilməsi üçün bütün imkanlardan istifadə edəcəklər, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Qubernator kəmərin zeytun bağları ilə yanaşı Avropanın ən gözəl çimərliklərindən birinə də zərər vuracağını deyib.
“No TAP” komitəsinin fəalları tikinti işlərini daha bir neçə gün ləngidə bilsələr o zaman işlər ən azından noyabr ayına qədər dayanacaq. Çünki may ayında ağacların köçürülməsinə icazə verilmir və görünən odur ki, Azərbaycanın “Şahdəniz” qazının Avropaya çatdırılmasına dair cəmi 40 milyard dollara başa gələcək Cənub Qaz Dəhlizi layihəsi İtaliyanın cənubunda əməlli-başlı dalana dirənib.
Xatırladaq ki, “No TAP” komitəsi İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan “5 Star” müxalif hərəkatı tərəfindən təşkil olunub. Bu hərəkat və onun lideri-şoumen Beppe Grillo Rusiyaya bağlıdır. Bu günlərdə ABŞ administrasiyası İtaliya hökumətini xəbərdar edib ki, Rusiya Beppe Grillo ilə işləyir və növbəti seçkilərdə “5 Star” hərəkatını, habelə digər rusiyameylli siyasi qüvvəni-“Şimal liqasını” hakimiyyətə gətirmək istəyir.
Virtualaz.org