Azərbaycanın 16 neft yatağının sahibi “AST Telman”ın yolunu gedir

0
604

Azərbaycanın Bakıdan tutmuş Salyana, Neftçalaya qədər çoxsaylı quru neft yataqlarının  sahibi, inquş əsilli rusiyalı milyarder Mixail Qutseriyev Federal Təhlükəsizlik Xidmətinə bağlı KİV-lərin hədəfindədir. Bu dəfə onun hazırda müflis olan keçmiş oliqarx Telman İsmayılovun yolunu getdiyini, şou-biznes əhlinin əsas sponsoruna çevrildiyini və onlardan təlxək kimi istifadə etdiyini yazırlar.

Life.ru “Təlxəklər Qutseriyevin taxtı önündə” başlıqlı məqaləində deyilir ki, “Russneft” prezidentinin şer yazmaq hobbisi Rusiya şou-biznes əhli üçün tutarlı gəlir mənbəyinə çevrilib. Sərvəti 6 milyard dollara yaxın olan Qutseriyevin sözlərinə mahnı bəstələmək və oxumaq üçün yaşlısından tutmuş cavanına qədər Rusiya şou-biznesinin nümayəndələri bir-biri ilə yarışa giriblər.

Ahıl yaşlı Alla Puqaçovadan tutmuş onun əri Maksim Qalkinə, Nikolay Baskova və Filip Kirkorova qədər bir çox rusiya estrada ulduzları milyarderin sözlərinə yazılmış mahnıları az qala səhərdən axşama qədər oxumağa hazırdır. Təbii ki, bu, milyarderin şerlərinin misilsiz poetik gücə malik olmasından irəli gəlmir, müğənnilər indiki böhran dövründə Qutseriyevin sözlərinə yazılmış mahnları ifa edib babat qazanırlar.

Bu mahnılara klip çəkdirmək isə ayrı qazanc mənbəyidir. Belə kliplərin büdcəsi az qala hansısa yoxsul Afrika ölkəsinin büdcəsi ilə müqayisə oluna bilər. Nəticədə Rusiyanın şou-biznes əhli üçün Mixal Qutseriyev yeni Telman İsmayılova çevrilir. Hansı ki, “Çerkizovsk” bazarından pulların sel kimi axdığı illərdə “AST Telman” şou-biznes nümayəndələrindən kiminə “Porshe”, kimisinə villa, kiminə karatlarla brillyant bağışlayırdı. Onlar milyarderi tez-tez əyləndirər, ad günlərində atılıb düşər, cürbəcür ziyafətlərdə Telman İsmayılovun xoşuna gəlmək üçün bir-birləri ilə yarışa girərdilər.

Virtualaz.org qeyd edir ki, T.İsmayılov Türkiyənin Antalya şəhərində 1.4 milyard dollara dəbdəbəli otel tikdirib onun açılışına Cennifer Lopesdən tutmuş Şakiraya qədər ulduzları çağıran, onların başından milyonları səpələyəndə Putinin qəzəbinə düçar oldu. Rusiyanın o vaxtkı baş naziri “qızıldişli görməmiş”in ünvanına sərt ifadələr işlədəndən sonra əmr etdi ki, onun bazarını bağlasınlar. Elə o vaxtdan da “AST Telman”ın ulduzu söndü, özünə gələ bilmədi, müflisləşdi. Nəticədə 1.4 milyard dollarlıq oteli də əlindən aldılar.

M.Qutseriyevin də başına 2000-ci illərin ortalarında belə fəlakət gəlib. O, İnquşetiyada deyəsən Kremlin işlərinə qarışmağa cəhd eləmişdi və dərhal milyarderə yerini göstərdilər. Onun barəsində cinayət işi qaldırıldı. Qutseriyev həbsdən qurtulmaq üçün Rusiyadan qaçdı, ancaq Moskvada qoyub getdiyi oğlu müəmmalı avtoqəzada həlak oldu. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Rusiyaya qayıda bilmədi, faciəli şəkildə həlak olan Çingizxanın cənazəsini Bakıya gətirdilər və milyarder Bakıda oğlu ilə vidalaşdı. Və daha bir müddət Bakıda qalıb buradan Londona üz tutdu. Qutseriyev Londonda neft biznesinə yenidən başladı və “Global İnvestment Energy” adlı offşor şirkət yaradaraq Azərbaycana, Mavritaniyaya, Qazaxıstana yatırımlar qoydu.

2008-ci ildə Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu” (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Sonradan Qutseriyev beynəlxalq axtarışda olduğu və Londonda gizləndiyi vaxtlarda Azərbaycanda neft biznesini necə genişləndirdiyi haqda müsahibəsində bunları demişdi: “Mən mümkün olmayan işi bacardım. İnternet və telefon vasitəsilə biznesimi davam etdirdim. Məlum oldu ki, Londonda oturub başqa ölkələrdə telefonla şirkətlər qurmaq olar. Əsas odur ki, dəstəyin o tərəfindəkilər düzgün adamlar olsun. Mən Londonda yaşadığım müddətdə axtarışda olsam da Azərbaycanda neft yataqlarının istismarına 1 milyard dollar yatırdım, Mavritaniyaya isə 160 milyon dollar pul qoydum. Qalan ölkələrə isə daha 1 milyard investisiya yatırdım”.

Xatırladaq ki, Qutseriyev bu ilin martında oğluna olduqca dəbdəbəli toy edib və dünya ulduzlarını bu toya çağıraraq onlara milyonlar səpələyib. Deyilənlərə görə Qutseriyev bu toya az qala 1 milyard dollar xərcləyib. Həmin dəbdəbə nümayişindən sonra inquş milyarder Rusiya mediasının gündəminə gəldi, onun Rusiyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda bu cür toy eləməsi deyəsən Kremlin də xoşuna gəlməyib…

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN