Mingəçevir, Ceyranbatan, Şəmkir, Varvarada ciddi problemlər var; alim İbrahim Quliyev: “Baş verə biləcək qəza böyük sayda insan itkisi və dağıntıya səbəb ola bilər”
“Hidrotexniki qurğular həm təhlükə potensiallı, həm də strateji obyektlər siyahısına daxil olduğundan onların təhlükəsiz istismarı son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ancaq araşdırmalar zamanı hidrotexniki qurğuların əksəriyyətinin vəziyyətinin qənaətbəxş olmadığı, bəzilərinin isə təhlükəli vəziyyətdə istismar olunduğu aşkar edilib”.
“Yeni Müsavat” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev “Xalq qəzeti”ndə dərc olunan “Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsində yazıb.
Yazıda qeyd olunur ki, 1983-cü ildə istifadəyə verilmiş Şəmkir hidroqovşağının qəza sutullayıcı qurğusunun beton konstruksiyalarının dağılması nəticəsində 2003-cü ildən indiyədək sutullayıcı qurğuda sızma prosesi davam edir: “Bu səbəbdən Şəmkir su anbarının imkanlarından tam şəkildə istifadə olunmur. Qeyd edək ki, sızmanın qarşısının alınması məqsəd ilə ”Azərenerji” ASC tərəfindən təmir-bərpa işləri aparılsa da, heç bir nəticə verməmişdir. Problemin bu şəkildə davam etməsi yaxın gələcəkdə bəndin torpağının yuyulmasına, onun özülünün zəifləməsinə, nəticədə bəndin dağılmasına səbəb ola bilər. Çoxsulu illərdə Şəmkir su anbarında daşqın sularını ötürmək üçün başqa qurğu mövcud deyildir. Hazırda istismara yararsız olan sutullayıcı qurğudan daşqın zamanı istifadə olunması həm Şəmkir su anbarının bəndi üçün, həm də Kür çayının aşağı axarında kaskad şəklində yerləşən Yenikənd, Mingəçevir və Varvara su anbarlarının torpaq bəndləri üçün böyük təhlükə yarada bilər ki, bu da ölkə səviyyəsində böyük fəlakətə səbəb ola bilər”.
Alimin yazdığına görə, Yuxarı Qarabağ kanalının suqəbuledicisi və tunelin başlıq hissəsi potensial sürüşmə sahəsində yerləşir. Mingəçevir su anbarının kompleksinə daxil olan və Azərbaycan İstilik Elektrik Stansiyasını texniki su ilə təmin edən tuneldə də problemlər mövcuddur: “Qurğunun istismarı Mingəçevir su anbarına və bəndinə ciddi təsir edir, orada baş verə biləcək nasazlıq böyük fəsadlarla nəticələnəcək qəzaların yaranmasına səbəb ola bilər. Məlumdur ki, 1988, 2006-cı illərdə bu tunelin başlıq hissəsində sürüşmə baş verib. Sürüşmələrin təkrar baş verəcəyi təqdirdə tunelin su qəbuledicinin deformasiyaya uğraması nəticəsində su anbarında qısa bir zamanda su səviyyəsinin enməsi bəndin yuxarı yamacının dağılması ilə nəticələnə bilər.
Torpaq bəndin təhlükəsizliyinə nəzarət etmək üçün bəndin nüvəsi ilə birbaşa əlaqəli olan nəzarət ölçü cihazlarının (pyezometrlərin) yararsız vəziyyətdə olması onlar vasitəsi ilə dəqiq ölçü işlərinin aparılması mümkün deyil”.
Varvara su anbarı layihədə nəzərdə tutulmuş normadan artıq lillənmə nəticəsində öz funksiyasını demək olar ki, itirib: “Torpaq bəndlərdə filtrasiyanın artması və su sızmasının normadan dəfələrlə yüksək olması bəndin dağılmasına, sutullayıcının çıxışında yuyulma nəticəsində sudöyən qurğuda beton konstruksiyaların dağılmasına və daşqınlar zamanı fəlakətli qəzanın baş verməsinə səbəb ola bilər.
Mingəçevir və Varvara su anbarlarında bəndin yuxarı yamacında beton üzlüklərin dağılması irihəcmli boşluqların yaranmasına səbəb olmuşdur və bu proses davam etməkdədir”.
Qeyd edilən problemlərin mövcud olması, su anbarlarının kaskad şəklində yerləşməsi, eləcə də Mingəçevir su anbarının yerləşdiyi ərazinin seysmo-tektonik xüsusiyyətləri bu su obyektlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini tələb edir: “Məlum olduğu kimi, keçmiş SSRİ dövründə Mingəçevir su anbarının hidrotexniki qurğularında Rusiyanın müxtəlif şirkətlərinin iştirakı ilə müvafiq qurumlar tərəfindən 5 ildən bir instrumental müayinə işləri aparılırdı. Sonuncu dəfə bu müayinə işləri Mingəçevir və Şəmkir su anbarlarının hidrotexniki qurğularında yalnız ”Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən 2009-cu ildə aparılmışdır”.
Ceyranbatan su anbarının ətrafında 7 ədəd bəndin uzun müddət əsaslı təmir edilmədən istismar olunması nəticəsində onların dəmir-beton üzlüklərinin çox hissəsi dağılıb. Bu bəndlərin əksəriyyətində sızmalar müşahidə edilir: “Ceyranbatan su anbarının Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və Abşeron rayonunun əhalisinin içməli su ilə təchiz etdiyini və onun dağıdıcı dalğasının təsir zonasında çoxlu sayda yaşayış binalarının, sənaye və sosial obyektlərin yerləşdiyini nəzərə alsaq, bu obyektdə baş verə biləcək qəza böyük sayda insan itkisi və dağıntıya səbəb ola bilər”.
Qeyd olunan obyektlərdə bəzi hidrotexniki qurğular 50 ildən artıq istismar olunduğundan onların təhlükəsizliyinin təmin olunması üçün kompleks və çoxfaktorlu analizlərin və xüsusi tədqiqatların aparılması tələb olunur: “Bu tədqiqatların tərkibinə topo-geodezik, mühəndis-hidroqrafik, mühəndis-geoloji, hidrometeoroloji, mühəndis-geofiziki, seysmoloji və müxtəlif növ laborator analiz və sınaq işləri daxildir. Bu işlərlə yanaşı, layihə çərçivəsində hər obyekt üzrə müasir avadanlıqlardan istifadə edilərək batimetriya ölçmələrinin, aerofotoşəkil tədqiqatların, digər müayinələrin aparılması, həmçinin böyük həcmdə mövcud layihə sənədlərinin toplanması və təhlili vacibdir”. “Yeni Müsavat”