“Azərbaycanda təhlükəsizlik tam təmin edilib”

0
655

“Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevmayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ordusunun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi.

Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilib. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir. Biz güclü iqtisadiyyat yaratmışıq. Biz təbii resurslarımızdan çox böyük səmərə ilə istifadə etmişik və iqtisadi müstəqillik siyasi müstəqilliyimizin əsas amilidir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin”.

 “AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi”

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.

Dövlət başçısı deyib ki, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır: “Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. Bu il isə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur və həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə bu yubileyi qeyd edərək biz böyük tədbirlər keçirmişik, keçiririk və ilin sonuna qədər bu tədbirlər keçiriləcəkdir.

Bir daha demək istəyirəm ki, biz bu tarixi hadisə ilə haqlı olaraq fəxr edirik. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordumuz yaradılmışdır. Gələn ay biz ordumuzun 100 illiyini qeyd edəcəyik. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdır. Gəncənin tarixi adı qaytarılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılmışdır və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi. Azərbaycan dili – ana dili bütün təhsil müəssisələrində qəbul edilmişdir.

Bir sözlə, görülmüş işlər çox idi. Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir.

Əfsuslar olsun ki, biz müstəqilliyi itirdik. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və onu bir də o tarixdən 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilmişdir.

XX əsrdə Azərbaycan iki dəfə müstəqilliyə qovuşmuşdur, ikinci dəfə 1991-ci ildə. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.

Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə – Heydər Əliyevə müraciət etmişdir, onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir. Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. İlk növbədə, onun Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış yerdən ən qabaqcıl yerə yüksəlmişdir. Digər səbəblər ondan ibarətdir ki, Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, böyük müdriklik, cəsarət göstərmişdir. Qanlı Yanvar faciəsindən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pisləmişdir, tənqid etmişdir, o qanlı faciəni qınamışdır, Azərbaycan xalqının ağrılarını bütün dünyaya çatdırmışdır. O vaxt AXC-Müsavat təşkilatı demək olar ki, qorxudan görünmürdü, gizlənmişdir, fərarilik etmişdir. Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır. Azərbaycan xalqı əlbəttə ki, bu tarixi yaxşı bilirdi. Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idi və orada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur.

Qeyd etdiyim kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan verməmişdir, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır. Yəni, əlbəttə, xalq yaxşı bilirdi ki, Heydər Əliyev güclü liderdir, Vətənə bağlı olan insandır və məhz belə bir insan Azərbaycana rəhbərlik etməlidir.

1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Bu çətin şəraitdə Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

Beynəlxalq təcridə son qoyulmuş, Azərbaycan dünyanın aparıcı ölkələri ilə konstruktiv münasibətlər qura bilmişdir. Qonşu dövlətlərlə münasibətlər normallaşdı. Çünki bu, bir absurd vəziyyət idi ki, 1993-cü ilə qədər Azərbaycan, demək olar, bütün qonşu dövlətlərlə çox gərgin münasibətlər şəraitində yaşayırdı. Qonşu dövlətlərlə, böyük dövlətlərlə münasibətlərin qurulması Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ciddi iqtisadi islahatların nəticəsi olaraq Azərbaycana böyük sərmayə axını müşahidə edilməyə başlamışdır. “Əsrin kontraktı” imzalanmışdır ki, bu, iqtisadi müstəqilliyimizi şərtləndirən əsas amil olmuşdur. Hamımız yaxşı bilirik ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Ordu quruculuğunda böyük addımlar atılmışdır. Azərbaycanda nizami ordu yaradıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedir və bu gün bu inkişaf davam edir”.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iqtisadi zəmin yaratmışıq və güclü ordu formalaşdırmışıq”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir”.

Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir: “Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var. Bu, münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb”.

“Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir”.

Dövlət başçısı deyib ki, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilir: “Məhz Azərbaycanın təşəbbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sahəsində dənizlər nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası, şimal-cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəminiz uzunmüddətli inkişaf strategiyası təmin olunub”.

Ölkəmizin dünyada multikultiralizmin mərkəzlərindən biri kimi tanındığını, Azərbaycanın dünyanın idman ölkəsinə çevrildiyini, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir.

“Cümhuriyyətin qurucuları bunu görsə idilər onlar da ölkəmizlə fəxr edərdilər” deyən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan xalqının taleyi öz əlindədir: “Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbayacn bir daha onu göstərdi ki, müstəqilliyimiz ən böyük sərvətimizdir, ən büyük xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir”. (report)

BIR CAVAB BURAXIN