Ev Xəbərlər Azərbaycanda qeyri-adi hadisə baş verib

Azərbaycanda qeyri-adi hadisə baş verib

0
685
 
Göz yaşı kimi duru və buz kimi sərin olan quyudan, gözlənilmədən qaynar su çıxmağa başlayıb.
Lənkəranın kəndlərindən birində qeyri-adi hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Səpnəkəran kəndində İmaməli Əliyevə məxsus həyətyanı sahədə 18 il öncə qazılan quyudan artıq termal su çıxmağa başlayıb.
Ev sahibləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışırlar ki, bu hal avqust ayından müşahidə olunmağa başlayıb. Evin xanımı Ceyran Əliyeva deyir ki, bu quyu həyətlərində ən sərin suyu olan quyu olub.
“Avqust ayı idi, səhər tezdən durub nasosu vurduq ki, ağacları və bağımızı sulayaq. Gördük ki, quyudan isti su çıxır. Hətta bir ağacımız suyun istisinin təsirindən quruyub yandı” – Əliyeva bildirib.
Bu quyunun suyu elə sərin idi ki, qonşularımız da gəlib bizdən su aparardılar. İndi isə özümüz içməyə və ya yemək bişirməyə suyu qonşudan gətiririk. Heç heyvan da içə bilmir suyu. Quyumuzun suyunun rəngi də dəyişib” — o, əlavə edir.
Qadının dediyinə görə, quyunun suyu əvvəllər göz yaşı kimi dumduru olub: “İndi ancaq çimməyə, paltar və qab yumağa yarayır. İndi istəyirik, bir mütəxəssis gəlsin, suyun tərkibini yoxlasın ki, bunu içmək olar, ya yox. Təzə quyu da qazdırmaq istəyirik. Amma qorxuruq ki, birdən qazarıq, oradan da elə isti su çıxar”.
Ev sahibləri onu da qeyd edirlər ki, çox vaxt quyuda olan su nasosunu işlək saxlayırlar: “Çünki quyuda suyun səviyyəsi artdıqca və az istifadə olunduqca suyun temperaturu qalxır. Bəzən elə olur ki, mühərriki bir az gec vururuq. Su elə isti olur ki, boruya əl vurmaq olmur, adamın əli yanır”
Hazırda quyudan çıxan suyun temperaturu təxminən 28-35 dərəcədir. Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetinin Kimya-biologiya kafedrasının kimya müəllimi Sevda Bağırovaya müraciət etdik. Sevda xanım öz növbəsində bildirdi ki, termal suların yaranmasının əsas səbəbi yerin dərinliklərində süxurlarda kimyəvi və biokimyəvi proseslərin baş verməsidir.
“Bu reaksiyalar nəticəsində çoxlu miqdarda istilik ayrılır. Buna görə də, yerin səthinə çıxan bu su kütləsi isti halda çıxır” — mütəxəssis vurğuladı.
S.Bağırova əlavə etdi ki, həmin quyudan çıxan suyun tərkibini və ərazinin öyrənilməsi üçün AMEA-nın nəzdində olan Geologiya və Mineralogiya İnstitutunun mütəxəssisləri dəvət olunmalıdır.
 https://www.youtube.com/embed/QROhEjCzPtY?ecver=2

BIR CAVAB BURAXIN