“Azərbaycanda qasırğalar daha tez-tez baş verir”

0
650

““Azərbaycanda qasırğalar daha tez-tez baş verir”

Son illərdə Azərbaycanda qasırğaların intensivliyi artıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Bu təbiət hadisəsinin ən çox ABŞ, Yaponiya, Çin və İndoneziyada müşahidə edildiyini deyən alim qeyd edib ki, son dövrlərdə dünyada həm qasırğanın tez-tez baş verməsi halları artıb, həm də onun dağıdıcı qüvvəsi çoxalıb.

Azərbaycanda da güclü küləklərin əvvəllər olduğunu xatırladan M.Həsənov əlavə edib ki, son illərdə ölkəmizdə qasırğalar daha tez-tez baş verir: “Məsələn, 2007-ci ilin fevral ayının 25-də Abşeron yarımadasında küləyin sürəti 35-41, Zərdabda 38, Neftçalada 35, Gəncədə 35-40 saniyə/metr olub. 2008-ci ildə yenə də Zərdabda, Mingəçevirdə 33-36 saniyə/metr gücündə küləklər olub. Tipik qasırğa hesab edilən küləklər sonrakı illərdə də çox qeydə alınıb. 2014-cü ildə Gəncədə, Bakıda saniyədə 40 metr sürəti olan qasırğalar müşahidə edilib”.

M.Həsənov deyib ki, qasırğalar daha çox ölkənin qərb hissəsində, xüsusilə Gəncə-Qazax zonasında qeydə alınır. Ağdaş, Göyçay, Zərdab rayonlarında da qasırğaların baş verməsi halları müşahidə edilir.

İnstitut rəsmisi qasırğaların infrastruktura dağıdıcı təsir göstərdiyini də söyləyib: “Azərbaycanda qasırğalar olarkən damların uçması, elektrik dirəklərinin, böyük ağacların aşması, yaşayış məntəqlərinin ışıqsız qalması, qaz borularının əyilməsi kimi hallar müşahidə edilib”.

M.Həsənov deyib ki, qasırğaların baş verməsinin əsas səbəbi yaxın ərazilərin arasında yüksək təzyiq fərqinin olmasıdır: “Təzyiq fərqi nə qədər çox olarsa, qasırğanın gücü də bir o qədər böyük olur”.

M.Həsənovun sözlərinə görə, bəzən Xəzərdə küləyin sürəti saniyədə 30-40 metrə çatdıqda dalğaların hündürlüyü 8-10 metrə qədər qalxır. Ancaq bu, sahil zonası üçün elə də təhlükə törətməyib. Çünki bu dalğalar Bakıdan 30-40 km məsafədə yerləşən ərazilərdə qeydə alınıb.

M.Həsənov Azərbaycanda sunaminin baş vermə təhlükəsinin olub-olmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, sunaminin baş verməsi üçün çox böyük sahə lazımdır: “Sunami sualtı zəlzələ və vulkan püskürmələrindən dəniz suyunun sürətli hərəkətə gəlməsidir. Amma Xəzər dənizi elə böyük su hövzəsi deyil. Ona görə də Azərbaycanda sunaminin baş verməsi mümkün deyil”.

BIR CAVAB BURAXIN