Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

0
1229

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

 

XX əsrin əvvəllərindən etibarən böyük Ermənistan xülyalari aşkara çıxmağa başlamışdı.Artiq ermənilər daha böyük kürsülərdən açıq aşkar olaraq bu barədə danışırdilar.Artiq onların fikirlərini müdafiə edən yüksək vəzifəli şəxslər də var idi.Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, toponimika tarixində misli görünməyən hadisə – qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verib.

Erməni millətçiləri tərəfindən Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar azərbaycanlılara qarşı siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradıb. Ermənilərin Sovet rejiminin imkanlarından istifadə edərək həyata keçirdikləri antiazərbaycan təbliğatı 1980-ci illərin ortalarında daha da güclənib.Bütün məhrumiyyətlərə, deportasiyalara baxmayaraq, 1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, yaxud təqribən 7.5 min kv. km-ni təşkil edib.1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub.

Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımının növbəti mərhələsinə başlayıb və Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib: “Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz, demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var”. Dövlət başçısı bildirib ki, azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır: “Bu da, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır.

Biz keçmişi bir daha unutsaq və ya tariximizi öyrənməsək eyni fəlakətin gələcək nəsillərimizin başına gələcəyi labüddür.

Zərdab rayon Məmmədqasımlı kənd tam orta məktəbin müəllimi-Samirə Eyvazova.