Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır

0
1509

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən və regionun gələcək inkişafında önəmli rol oynayacaq addımlar atıldı. Dövlət başçılarının Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi tarixi hadisədir.

Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsi idi və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bunu bir daha təsdiqləyir. Bu hava limanı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq.

Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək.

Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata birgə bəyanatla çıxışları zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

Həyata keçirilən layihələr Azərbaycan və Türkiyənin regionda önəmini daha da artıracaq. Bu da o deməkdir ki, güclənən Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas amildir.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru