Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nə vəd edir?

0
303

 

Mayın 16-da Vyanada ATƏT Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlahm Əliyev və Serj Sarkisyan arasında görüş keçiriləcək. Görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq.
Öz növbəsində Azərbaycan və Ermənistan prezidentlərinin baş tuta biləcək görüşünü şərh edən Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. O, həmçinin, əlavə edib ki, bu görüş danışıqlar prosesinin bərpa olunmasına kömək edə bilər. Xatırladaq ki, İlham Əliyev və Serj Sarkisyanın son görüşü ötən ilin dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Lakin bu görüşdən bir nəticə gözləməyə dəyərmi? Bununla bağlı Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələrdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Ermənistan sülhə vadar edilməsə, münaqişənin danışıqlarla həlli mümkün deyil. Xələf Xələfov:
“Azərbaycan torpaqlarını azad etmək üçün bütün imkanlara, hüquqa malikdir. Beynəlxalq birlik münaqişənin sülh yolu ilə həllindən başqa alternativi olmadığını bəyan edir. Azərbaycan da münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Acı təcrübə göstərir i, biz bu səyləri artırmalıyıq və beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə nail olmalıyıq. Ermənistan buna vadar edilməsə, məsələnin sülh yolu ilə həlli mümkün deyil. Azərbaycanın gərgin fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət bunu dərk edir. Azərbaycan xalqı “nə müharibə, nə sülh” şəraitində yaşamaq istəmir. İqtisadi uğurlarımız və ordu quruculuğumuzun bu münaqişənin həllinə imkan verəcəyinə inanırıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”,-deyib.
Münaqişə bölgəsində vəziyyətin gərgin olduğu bir vaxtda prezidentlər arasında keçiriləcək görüşü şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Serj Sarkisyan və İlham Əliyevin görüşü üçün heç bir hazırlıq görülməyib: “Çünki görüş və orada müzakirə olunacaq məsələlər əvvəlcədən xarici işlər nazirləri səviyyəsində razılaşdırılmalı idi. Həmçinin Ermənistan tərəfi prezident səviyyəsində görüşün olub-olmaması ilə bağlı heç bir açıqlama verməyib. Belə bir şəraitdə həmsədrlərin necə görüş təşkil etdikləri müəmmalıdır. Çünki masada konkret bir həll planı yoxdur”.
Qabil Hüseynlinin sözlərinə görə, cəbhə xəttində baş verən son gərginliklərdən sonra Azərbaycan tərəfi vəziyyəti real qiymətləndirir. “Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün konkret dəstəklənməsini istəyir. Azərbaycan Ermənistan ordusunun 7 rayondan dərhal çıxarılmasını tələb edir. Daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılmasını istəyir”, – deyə Qabil Hüseynli bildirdi.
Politoloq deyir ki, çətin ki, Azərbaycan vəziyyətin gərginləşməməsi ilə bağlı danışıqlara getsin. “Çünki Azərbaycanın torpaqları işğal altındadır. Ona görə də Azərbaycan vəziyyətin gərginləşməyəcəyi ilə bağlı zəmanət verə bilməz”, – deyə politoloq bildirdi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, rəsmi Moskvanın açıqlamalarından görünür ki, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret müzakirələrin aparılmayacağı məlum olur. Yəqin ki, ATƏT-in Minsk qrupunun görüşü təşkil etməkdə də məqsədi atəşkəs rejiminin qorunmasına şərait yaratmaqdır. Bu isə birmənalı olaraq Ermənistanın mənafeyinə uyğundur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + 11 =