Azərbaycan türkləri “İran” olaylarında milli iradələriylə hərəkət etməlidirlər!

0
901

 

Azərbaycan türkləri “İran” olaylarında milli iradələriylə hərəkət etməlidirlər!

Ruhaninin açıqlamaları Qərb dəyərləriylə səsləşdiyi halda,
Xamneyinin düşüncələri isə Rusiyayla üst-üstə düşməkdədir/

Artıq altı (6) gündür ki, qondarma “İran İslam Respublikası” çaxnaşma ya da anarxiya içindədir. Saxta “dövlət”in müxtəlif şəhərlərində (Məşhəd, Qum, Tehran, Kirmanşah, Rəşt, Təbriz və b.) paytaxt Tehran başda olmaqla mövcud hökumətə qarşı ayaqlanmalar əsasən həyat bahalılığına, korrupsiyaya, rüşvətə eyni zamanda, “İran”ın Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə həyata keçirdikləri hərbi əməliyyatlara yönəlmişdir. Məşhədə başlayıb ölkənin az qala hərtərəfinə yayılan etiraz mitinqlərində on minlərlə “iranlılar” iştirak edirlər ki, burada əsas məqsədin nə olması, eyni zamanda bu ayaqlanmanın təbii ya da süni şəkildə baş verməsi haqqında qəti fikir söyləmək çətindir. Hər halda 2009-cu ildə “Yaşıl” hərəkatın başını çəkdiyi etiraz aksiyalarından sonra, ilk dəfədir ki, “iranlılar”ın xeyli bir qismi yenidən küçələrə, meydanlara axışıblar. Üstəlik, bu nümayişlərdə 20-yə qədər insanın həyatına artıq son qoyulmuşdur. Niyə?

Bu məsələlərə aydınlıq gətirmədən öncə, nədən bu “dövlət”i qondarma adlandırmçağımıza toxunaq. Çünki dolayısıyla son 6 gündə bu coğrafiyada baş verən hadisələr uzun bir tarixi prosesin bitməyən davamıdır ki, yaxın zamanlarda 40 illik “yubiley”inə hazırlaşan “İran İslam” adlı “dövlət” üçün sürpriz olmamalıdır. Birincisi, bu “dövlət”in saxtalığı “İran” sözdə milli kimlik, ikincisi isə “İslam” sözdə dini kimlik adlarıyla bağlıdır. Belə ki, bugünkü qondarma “dövlət” 1925-ci ildə əsasən Böyük Britaniyanın, qismən də Sovet Rusiyasının əliylə Qacar Türk dövlətinin yerində qeyri-qanuni olaraq yaradılmış, daha sonra da onların əliylə taxta oturulmuş mehtər oğlu Rza Mirpənc tərəfindən 1936-cı ildə mifik bir İran adı, həmin qondarma dövlətə verilmişdir. Halbuki tarixən bu coğrafiyanın böyük bir qismi nə dövlət, nə də ərazi olaraq heç vaxt “İran” adlandırılmamışdır. Sadəcə, hansısa bir neçə farsçı-irançı düşüncədən, özəlliklə də Firdovsinin “Şahnamə”sindən yol alaraq, son əsrlərdə bir çox Qərb ideoloqları bu coğrafiyanı qəsdli olaraq “İran” ya da “Persian” adlandırmışlar. Əsil həqiqət odur ki, Azərbaycan, Xorasan, Tehran, Həmədan və digər ərazilər heç bir zaman “İran” ya da “Persian” adını daşımamışdır.

Azərbaycan türkləri “İran” olaylarında milli iradələriylə hərəkət etməlidirlər!

İkincisi, bu “dövlət”in adında İslam kəliməsi vardır ki, bugün Tehran hakimiyyətini şəriət ya da din adı altında idarə edənlərin aşağı-yuxarı sözün həqiqi mənasında İslam diniylə heç bir bağlılıqları yoxdur. 1925-ci ilə qədər bu coğrafiyada ağalıq etmiş Türk dövlətlərinin (Səlcuqlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar), o cümlədən Qacar Türk dövlətinin İslam dininə olan münasibətiylə, Pəhləvilərin və Molla rejiminin bu dinə olan münasibətində yerlə göy qədər fərq vardır. Türk dövlətləri öz ağalıqları dövründə İslam dininin mahiyyətinə, mənasına, bir sözlə onun bəşəriliyinə önəm verdikləri halda, bir qrup farsdillilər anqlo-saksonların əliylə qeyri-qanuni olaraq hakimiyyət sahibi olduqdan sonra heç bir zaman İslam dininə və onun dəyərlərinə əməl etməmişlər, etmirlər də. Ona görə də 1978-1979-cu illərdə Pəhləvilərdən sonra hakimiyyətə gələn şiəçi mollalar onlar qədər saxtakardırlar. Sadəcə, vaxtilə başda Xomneyi olmaqla hakimiyyəti qəsb edənlər Azərbaycan türklərinin və digər yerli xalqların din məsumluğundan istifadə etməyi bacararaq sözdə “İran İslam” Respublikası qurublar.

Gördüyümüz kimi, bu gün “İran İslam” ölkəsi adlandırılan bu “dövlət” başdan ayağa saxtakarlıq, qeyri-qanunlik üzərində qurulmuşdur. Məhz bu saxtakarlıqların nəticəsi olaraq Pəhləvilər tarix səhnəsindən silindiyi kimi, “İran İslam” adlanan “dövlət”in də “qırxı” (40) çıxmamış sonunun gəlməsi ehtimalı artmaqdadır.

Sadəcə, son iki əsrdə olduğu kimi indi də bu bölgədə baş verən hadisələrdə, onun inkişafı məsələlərində iki dövlət: 1) Rusiya, 2) ABŞ ya da Böyük Britaniya daha çox həssasdır. Etiraf etməliyik ki, son iki əsrdə, yəni 19-cu əsrin əvvəllərindəın başlayaraq bu bölgədə Türklər, o cümlədən Azərbaycan türkləri sözün həqiqi mənasında ağalıqlarını Rusiyanın və Böyük Britaniyanın (daha sonra da onun bir surəti olan ABŞ) hərbi, mənəvi-psixoloji təzyiqləri qarşısında itirməyə başladılar. Biz görürük ki, artıq 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Qacar Türk dövləti əsasən, Rusiya və Böyük Britaniyanın oyuncağına çevrilmişdi. Hətta, 1907-ci ildə Türk düşməni olan hər iki dövlət Qacar Türk dövlətini rəsmi şəkildə öz hərbi nüfuz dairələri kimi bölüşdürmüşlər. Çox keçmədən də, onlar Qacar Türk dövlətinin varlığına son verərək bir qrup farsdilli ya da iranpərəst qüvvənin (onların arasında etnik mənşəcə türk, ancaq şüuri baxımdan irançı olanlar da az olmamışdır və indi də az deyillər) bu coğrafiyada hakim olmasını təmin etdilər.

Beləliklə, bu gün biz nəyi görürük? Vaxtilə Böyük Britaniyanın və Rusiyanın yardımıyla “Milli İran” adıyla hakimiyyətə gətirilən, daha sonra “Dini, yəni İslam İranı” kimi qılığa girmiş farsdilli zümrə yada iranpərəst qüvvələrdən ötrü himayədarları çox narahatdırlar. Məsələn, ABŞ-ın indiki cümhurbaşqanı olan Tramp müxalif “iranlıları”, Rusiya Federasiyası hakim “iranlıları” dəstəklədiklərini ortaya qoyurlar. Bütün bunlar təxminən 40 ya da 100 il əvvəl baş verənlərin təkrarından başqa bir şey deyil. Bir şey aydındır ki, ABŞ-a da, Rusiyaya da onlara sərf edən “İran” və “iranlılar” lazımdır. Başqa sözlə, nə ABŞ-ı ya da Böyük Britaniyanı, nə də Rusiya Federasiyasını on milyonlarla Türklərin, o cümlədən Azərbaycan türklərinin qondarma “dövlət”də haqlıykən, haqsız duruma düşməsi, öz ana dillərində təhsil ala bilməməsi, bir sözlə ən sadə insan haqqlarından faydalana bilməməsi narahat etmir.

Əlbəttə, bu gün Trampın “iranlılar”la bağlı dedikləri ilk baxışda daha məntiqli və inandırıcı görünə bilər. Tramp iddia edir ki, “iranlılar”ın haqq səsinin eşidilməsini, burada azad, demokratik bir dövlətin olmasını arzu edir. Ancaq biz yaxın tarixə baxanda görürük ki, Trampın sələfləri bu ölkədə haqsızlığa dəstək vermiş, qeyri-qanuni hakimiyyət dəyişikliyinə birbaşa dəstək vermişlər. Ancaq indi Tramp hansısa haqqdan, ədalətdən danışır. Biz bu kimi məsələləri Putindən də eşidirk. O da, “İran”a hədə-qorxu gəlmək istəyəndə Azərbaycan türklərini yada salır. Ümumiyyətlə, inglislərin-amerikanların ya da rusların bu bölgədə apardıqları siyasətdən ən çox türklər, o cümlədən Azərbaycan türkləri zərərə çəkmişlər və çəkməyə davam edirlər. Ona görə də Azərbaycan türkləri “İran”da milli iradələri ilə hərəkət etməli, nə Rusiyanın, nə ABŞ-ın nə də qeyri bir dövlətin sözüylə oturub durmamalıdırlar.

Özəllikllə, Azərbaycan türkləri Rusiyanın “kommunizm” oyunu kimi, Qərbin də “demokratiya” oyunundan uzaq durmalı, əgər bu bölgədə yeni bir dövlət qurmaq istəyirlərsə milli, dini və bəşəri dəyərlərə uyğun olaraq bunu, həyata keçirməlidirlər. Başqa sözlə, Azərbaycan türkləri qondarma olan “İran İslam” adlı dövlətin bu gün ya da bir az irəlidə sonunu gələcəyini digər xalqlardan daha yaxşı anladıqları kimi, ən vacibi olan odur ki, heç bir oyuna gəlməməlidirlər. Çünki Azərbaycan türklərinin “İran”da ortaya qoyacağı milli iradə həlledici və son söz olacaqdır. Bizə elə gəlir ki, bu anlamda bir çox dövlətlərin saraylarının, onların institutlarının qulaqları Təbrizdən gələcək səsə köklənmişdir. Unutmaq olmaz ki, 2009-cu ildə də Azərbaycan türkləri “Yaşıl” hərəkata dəstək vermədiyi üçün onlar məğlubiyyətə uğramışdılar.

Bəs indiki halda, Azərbaycan türkləri nə cür hərəkət etməlidirlər? Əgər bu gün “İran” adlanan saxta dövlətin şəhərlərində səsələndirilən şüarlar iqisadi məsələlərlə bağlıdırsa, o zaman bunun bu qədər səs-küy doğurması heç də inandırıcı deyil. Ola bilsin ki, burada əsas hədəf Molla rejimini devirməklə, yeni bir “İran” hökumətini qurmaqdır. Dünən “İran”ın sözdə cümhurbaşqanı Həsən Ruhani bu olaylarla bağlı verdiyi açıqlamasında deyirdi ki, xalq yalnız iqisadi məsələlərlə bağlı etiraz etmir, eyni zamanda azadlıq istəyir. Çox güman ki, bu Qərbin arzuladığı “azadlıq”dır ki, “İran” yenidən ABŞ-la dost olmaq niyyətindədir. Əgər nəzərə alsaq ki, nümayişçilər Ruhanidən çox ölkənin dini ali rəhbəri Xamneyiyə yüklənirlər, şübhələrimiz daha da artır. Mümkündür ki, Ruhaniylə nümayişçilər arasında gizli bir razılıq var. Ruhanu ali dini rəhbəri Xamneyini sıradan çıxartmaq istəyir və bu məsələdə Qərblə, o cümlədən ABŞ və İsraillə razılaşmışdır. Yaxud da Ruhani “azadlıq” məsələsini dilə gətirməklə prosesi mollaların üzərinə çəkmək istəyir.

Ola bilsin ki, Rusiya rəhbərliyi də belə bir təhlükəni hiss edərək, yəni “İran”ın əlindən çıxaraq ABŞ-a meyil edə biləcəyini düşünərək öz tədbirlərini alır; bu ölkənin daxili işlərinə qarşılmasının doğru olamayacağını bəyan edir. Maraqlıdır ki, bu gün ilk açıqlamasını verən Xamneyi də, bu olayların xaricdən maliyyələdirldiyini iddia etdi. Bizcə, bütün bunlar o anlama gəlir ki, Ruhaninin açıqlamaları Qərb dəyərləriylə səsləşdiyi halda, Xamneyinin düşüncələri isə Rusiyayla üst-üstə düşməkdədir.

Hesab edirk ki, 1925-ci ildə bu coğrafiyada hakimiyyətləri qeyri-qanunu olaraq əllərindən alınmış türklərin, o cümlədən Azərbaycan türklərinin yeganə yolu milli iradələriylə çıxış etməlidirlər. Nədir, bu milli iradə? Azərbaycan türkləri ABŞ-ın, Rusiya Federasiyasının ya da başqa bir dövlətin

oyununa gəlmədən 1925-ci ildə əllərindən qeyri-qanuni alınmış ağalıqlarını bərpa edərək, əgər zərurət yaranarsa bütün ölkəni idarə etmək gücündə ola biləcək yeni bir dövlətin əsasını qoymalıdırlar. Mən inanıram ki, türklərin öncüllüyü ilə qurulacaq yeni dövlətdə etnik və dini kimliyindən asılı olmayaraq bütün xalqlar hürr və azad yaşayacaq, bu yeni dövlətə də ona yaraşan bir ad vermiş olacaqlar! Arazinfo.com
Azərbaycan türkləri “İran” olaylarında milli iradələriylə hərəkət etməlidirlər!
Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

BIR CAVAB BURAXIN