AZƏRBAYCAN TÜRK MENTALLIĞI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR (7. Yazı)

0
52

Ancaq bir müddət sonra Ağaoğlu türk-müsəlman xalqlarının qurtuluşunu islami dəyərlərdə deyil, Qərb mədəniyyətində görmüşdür. Ağaoğluna görə, müsəlman xalqlarının ən azı 4-5 əsrlik dini hökmləri (şəriəti) və milli adət-ənənələri (törələri) artıq bir işə yaramadığı üçün, çıxış yolu Qərb mədəniy­yətin­dədir, onu da yalnız formaca, təzahürcə deyil, məzmun və mahiyyət etibarilə bütününü qə­bul etmək vacibdir. Ağaoğlu­nun fikrincə, çünki müsəlman dünyasında Qərb mədəniyyətindən bəzi örnəklər alaraq dini və milli adət-ənənələrlə bağlı aparılan dəyişikliklər heç bir fayda vermir. Belə ki, avropalı Spenserlərlə, Russolarla, Smitlərlə, Kontlarla, Berqsonlarla, Dürkheymlərlə (Pozitivizm, “ictimai müqavilə”, Struktur funksional­izm və b.) müsəlman şərqli Əbu Yusiflərin, Əbu Davidlərin (Örfçülük, Dahilik və b.) nəzəriyyələri arasında yerlə göy qədər fərq var ki, onları bir-birlərilə uzlaşdırmaq çıxış yolu deyil, bəlkə də ölümü seçmək kimi bir şeydir. Çünki birincilər, fərdin düşüncəsinə önəm verməklə yanaşı, fərdlə cəmiyyət arasındakı bağları, milli hakimiyyəti inkişaf etdirməyə çalışdıqları halda, ikincilər ya fərdləri əsassız olaraq mütləqləşdirilər, ya da fərdlərin fikirlərinə heç bir dəyər vermədən ümumi insani “tanrılıq” anlayışını ortaya atırlar (44, s.51-52).Ağaoğlu yazırdı ki, müsəlmanlar ölmək yox yaşamaq istəyir­lər­sə qərbli Spenserlərin, Russoların, Smitlərin, Kontların, Berqsonların, Dürkheymlərin yolunu seçməli, bu zaman da dinlərin­dən və milli şəxsiyyətlərindən uzaqlaşacaqlarını güman etməməli­dirlər. Çünki müsəlman ibadət və inanclar anlamında dininə çox bağlıdır, üstəlik islamiyyətin başlanğıcından bu günə qədər, Tanrı birliyinə aid ayələr əleyhinə də heç bir dəyişiklik olmamışdır. Onun fikrincə, əsas problem dünya işlərinə aid hökmsüz buraxılmış ayələrlə bağlı olmuşdur ki, artıq müsəlman xalqları da dünya işlərini istədikləri kimi təsərrüf etməlidirlər, bundan başqa çıxış yolu yoxdur (44, s.54-55).

Bəs, ən azı 4-5 əsr bundan öncəki, yəni təhrifə məruz qalmadğı dövrlərdəki dini hökmləri (şəriəti) və milli adət-ənənələri (törələri) artıq heç bir işə yaramırdımı ki, çıxış yolu olaraq yalnız və yalnız Qərb mədəniyyətinin bütününün qəbulu vacib sayılırdı? Ağaoğlu bu məsələnin üzərində çox durmayaraq əsasən, İslam dünyasında son əsrlərdəki böhranlı vəziyyəti tənqid edir, bu böhrandan çıxmaq üçün də milli və dini qayda qanunlarla Qərb mədəniyyəti arasında hər hansı uzlaş­dırmanın doğru saymadığını ifadə edirdi. Ona görə, Qərb mədəniyyətini bütünlükdə (əxlaq, demokratiya, hüquq və s.) qəbul etməklə türklükdən və islamlıqdan uzaqlaşma da baş verməyəcəkdir.

Bu baxımdan Ağaoğlu əxlaqda da yeniləşməyi, Qərb mədəniy­yətindən faydalanmağı müm­kün sayırdı. Ona görə, müsəlman şərqində əxlaq məsələsi ilə bağlı iki başlıca müqəddəs qayda: 1) namus, 2) peyğəm­bərlə (s.) imamların şəxsiyyətinə sayğı, var. Onlardan birincisi olan namus, ancaq qadınlara aid edilərək, kişilərin belə bir problemi olmadığı halda, ikinci qayda da isə, xalq vicdanında peyğəmbər və imamlar toxunulmazdır. O, yazırdı: “Fəqət bunların dışında digər bütün əxlaq qaydaları müəyyidədən (nəzarətdən) yoxsundur. Gərçi bizdə də başqa çağdaş cəmiyyətlərdə olduğu kimi yalan, riya, yarınmaq, yaltaqlanma, hiylə fırıldaqçılqı, oğurluq, vəfa­sızlıq, səda­qətsizlik, öldürmə və bənzəri hərəkətlər pis sayılır. Fəqət sadəcə sayı­lırlar. Gerçəkdə xalq vicdanında bu məfhumların heç də bir kutsiliyi yoxdur. Heç bir müəyyidə ilə qüvvətləndirilmirlər. Demək ki, hə­qiqətdə biz bu çeşid hərəkətlərə aid qaydaları müqəddəs tanımırıq” (44, s.57).

Onun fikrincə, əslində nəzarəti olmayan hər hansı bir əxlaq qaydası yox kimdir və nəzarətin qüsdrəti isə xalqın vicdanıdır. Ancaq xalq vicdanını hərəkətə gətirəcək qədər qutsalığı olmayan bir əxlaq qaydasını istədiyimiz qədər sözdə qəbul etməklə də, onun dəyər və önəmi olmaz (44, s.58). Deməli, hər hansı əxlaq qaydası sözdə qəbul edilib əməldə öz gerçəkliyini tapmırsa, o zaman “xalqın vicdanı” anlayışı da əhəmiyyətsizləşir. Görünür, bu cür mənfi məqamları nəzərə alaraq Ağaoğlu hesab edirdi ki, müsəlman şərqində zümrəvi və ictimai əxlaq priniplərindən bəhs etmək mənasızdır. Çünki Avropadan fərqli olaraq son əsrlərdə müsəlman ölkələrində nə düz əməlli zümrələr, nə də ictimai əxlaq prinsipləri vardır. Bütün bunların əsas səbəbi də nəzarətsizlik, ya da “xalq vicdanı”nın formal xarakterə çevrilməsidir. Ona görə, bunun nəticəsidir ki, son zamanlar müsəlman ölkələrində, o cümlədən Türkiyədə yaranmış mətbuat orqanlarının, siyasi partiya­ların çoxu cəmiyyətdə ciddi nüfuz qazana bilməmişlər, hətta “İttihad və tərəqqi” kimi az-çox uğur qazananlar da ondan umulan iç sağlamlıq və dayanqlığı sonuna qədər göstərə bilməmişdir; yavaş-yavaş əsil mahiyyətini qeyb edərək ilk önəmli zərbədə dağılıb getmişdir (44, s.60-61).

Ağaoğluna görə, ictimai əxlaqın nəzarəti ümumi əfkardır ki, Şərqdə gerçək belə bir anlayış olmadığından bu cür əxlaqdan söz belə edilə bilməz: “Bizdə ümumi əfkar deyilən şeyin tək görünmə vasitəsi mətbuatdır. Mətbuat ictimai zümrələrdən,  bu zümrələrin dayan­dıq­ları əsas və prinisiplərdən ziyadə, şəxsləri, şəxslərin özəl təmayül­lər­ini, diləklərini təmsil edər. Şəxsi dilək və təmayüllər isə bəlli bir ölçü, bir qayda, bir sınır içinə girəməz və daima dəyişikdir. İştə, bunun üçündür ki, tərəfgirlik, aşırılıq, ölçüsüzlük qəzet­lər­imizin göstərdiyi ümumi hallardır. Bu da mətbuatımızı müəyyidə olmaq fəzilətindən yoxsun buraxmaqdır” (44, s.61). Bununla da, Ağaoğlu belə bir nəticəyə gəlir­di ki, əxlaq məsələsində İslam xalqları çox zəifdirlər; üstəlik bu ger­çəkliyi dərk etmək əvəzinə, əxlaqı qurşaqdan aşağı anlayıb Qərb cəm­iyyət­lərindən daha əxlaqlı olmağı iddia etmək qətiyyən doğru deyildir: “Bu fikir qətiyyən yanlış və yanlış olduğu qədər zərərlidir. Çünki öncə burasını bilməliyik ki, əxlaqı yaınız cinsi münasibətlərlə sınırlanmış sayanlar insanı yalnız qurşağına qədər təsəvvür edənlərdir. Fəqət qurşaqdan yuxarı bir qəlb və bir də ruh vardır. İştə, bu qəlb və ruh aid olan əxlaq sahələrinin hamısında biz çox aşağı bir durumdayıq” (44, s.61-62).

Müsəlman xalqlarında üst deyilən təbəqə ilə alt təbəqə deyilən xalq arasında digər sahələrdə olduğu kimi əxalq məsələsində də doldurulmaz bir uçurumun olduğunu yazan Ağaoğlu hesab edirdi ki, əgər cəmiyyətin aydını hesab edilənləri arasında bəzi “ziyalı”lar hər hansı millətin çeynənən haqqı uğrunda mübarizə aparmaqdansa köləliyə boyun əyirsə, o zaman həmin millətin işi çox çətin olacaqdır. Buna nümunə olaraq, Osmanlının tənəzzülü dövründə ortaya çıxan ingilispərəst paşaları göstərən Ağaoğlu ilk vaxtlarda ümid edib ki, hər kəs öz mətanət və səbatı ilə düşməni sayğıya sövq edəcək: “Bunun üçün gərəkli olan görünüşdə şərtlərin hamısı var idi. Hamımız eyni cəmiyyətə, eyni partiyaya mənsub adamlar, eyni yolun yolçuları, eyni idealın müdafiəçiləriydik. Bundan dolayı ortaq fəlakət bizi bir-birimizə daha ziyadə yaxınlaşdıracaqdı. Bu fəlakətə qarşı bir-birimizə sarılaraq, tək vücudlu bir qaya kəsiləcəkdik” (44, s.65).

Ağaoğlu xüsusilə də, üst təbəqədən (elit) hesab olunan ziyalı­lar arasındakı əxlaq düşkünlüyünün səbəblərini əxlaq növlərinin (din, ailə, ədəbiyyat, fəlsəfə, milli adət-ənənlər və s.) cəmiyyət və onun fərdləri tərəfindən hansı dərəcədə dərki ilə açıqlamağa çalış­mış­dır. Onun fikrincə, məsələn islamiyyətin irəli sürdüyü əxlaqi prinsiplər (mərdlik, doğruluq, ədalət, bağışlamaq, dayanışma, dözümlülük və s.) çox yüksək olsa da, ancaq gerçəklikdə onlara aid nə doğru-dürüst dini kitablar var, nə də onlara əməl edənlər var. Əslində islamiyyətin öyrət­diyi həmin əxlaqi prinsiplər deyil, sadəcə fərz, vacibat, halal və haramdır; üstəlik bundan qırağa çıxmaq ruhanilər tərəfindən qəbuledilməz hal hesab olunur. Bu cür ruhanilərə görə, islamiyyətin tarixini, xüsusilə də Məhəmməd peyğəmbərin islam dininin yayılması uğrunda ver­diyi mücadiləni, xəlifələrin islamlıq uğrunda gördüyü əməlləri, hətta Qurani-Kərimin əsil mahiyyətini dərk etmək deyil də, müsəlmanlar üçün əsil zəruri olan qüsul qaydalarını, vacibatları  bilməkdir. Ağaoğluya görə, nə islamiyyəti bu cür anlayan ruhani­lərdən, nə də onlardan özünü uzaq tutaraq bir köşəyə çəkilib özünü ibadətə həsr etdiyini iddia edərək başqa kimsəyi düşünmə­yənlərdən cəmiyyət adına bir şeylər gözləmək faydasızdır (44, s.69-70). Dindən sonra millətin əxlaqi görüşlərinə ədəbiyyat­la fəlsəfi əsərlərin olduğunu inanan Ağaoğluya görə, dünənə qədər bu məsələdə də daha çox ərəblərlə farsların kitablarına müraciət edilib. Ancaq hə­min kitablarda da çağın ruhunu təmsil edəcək bir əsər yoxdur. N.Tusi kimi azsaylı mütəfəkkirlərin müstəqil olaraq əxlaqdan bəhs etdiyini də xatırladan Ağaoğlunun fikrincə, islam üləmaları isə heç bir zaman əxlaqı müstəqil bir bölgü şöbəsi olaraq qəbul etmə­miş­lər, əxlaqı daima dinlə bağlamışlar: “Çünki onlara görə yaxşı və pis dəyərləri təyin, yalnız şəriət sahibinin yetkisi içindədir. Bu görüşə görə şəriətcə təyin edilmiş olan əxlaq prinsipləri daimi və əbədidir. Nə məkana, nə zamana, nə də sosial şərtlərə bağlıdır. O halda əx­laq­dan ayrıca və müstəqil olaraq söz deməyə lüzum varmıdır?” (44, s.71).

Faiq Qəzənfər oğlu Ələkbərli,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi

Arazinfo.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × three =