Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH 2. Yazı

0
472

M.Ş.Vazeh haqlı olaraq yazırdı ki, nə din alimi, nə də şair ömür-gününü cəhənnəm-cənnət, gül-bülbül, hicran-vüsal və bunu kimi digər məsələlər üzərində düşünərək keçirməməli, gerçək həyatı görməyi bacarmalı, yaxşılıqları o dünyanı qazanmaq üçün deyil insanlıq naminə etməlidir. Bu anlamda insan həyat yaşamında daxili inam, etiqad prinsiplərinə əməl etməklə yanaşı, real dünyanın şərtlərinə də uyğun olaraq ağıllı hərəkətlər etməlidir. Çünki insanın taleyində yalnız şərmi ya da xeyirmi baş verəcəyini gözləyərək yaşaması qədərçilikdir ki, bu da onu gerçək dünyanın şərtləri ilə ayaqlaşmasına əngəl olur. Vazeh yazır: Xeyirmi, yaxud da şərmi gözləyir bizi Sonra taleyimizdə? Məni qorxu götürmür, Kim ağılla yaşayır, xoşbəxt insandır Və gələcəkdə də olacaq, Həmişə əsrdən-əsrə! Vazehin başqa bir şeirindən də görürük ki, onun dünyagörüşündə islamlıqla bağlı əsas problem haqq-ədalətin, əxlaqi dəyərlərin tərəfdarı kimi çıxış edən İslam dini ilə bağlı deyil, həmin dinin çətiri altında min bir hoqqalardan, kələklərdən istifadə edən riyakar ruhanilərin, məddah və boşboğaz şairlərin əməlləridir. O, hesab edirdi ki, göylərə ucalıb budağı yerə dəyməyən sərv ağacı azadlığın rəmzi olub heç bir fırtınaya baş əyməsə də, ancaq onun kölgəsinə sığınıb üstəlik onu gəmirən qurdların olması da qaçılmazdır. Deməli, ümid qülləsi olan İslam dini sərv ağacı kimi nə qədər müqəddəs olsa da, onun da kölgəsində özünə yer tapmış saysız-hesabsız ikiüzlü ruhanilər, məddah şairlər vardır. O, yazır: Bir yaşıl qüllədir – ümid qülləsi, Ucalıb təpəsi ərşə dayanar. Altında gəmirər qurdlar məzarı, Üstündə ulduzlar səyrşib yanar. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, Vazehin müsəmanların ümid qülləsi olan məscidlərdən yan qaçmasına səbəb İslam dini deyil, İslam dininin kölgəsinə sığınıb daha sonra da onu içdən gəmirən “qurdlar”, yəni ikiüzlü ruhanilər, müctəhidlərdir. Bu anlamda o, İslam dininin saf mahiyyətini xalqa çatdırmayan yalançı ruhanilərə, ikiüzlü mollalara nifrət etdiyi üçün ümid qülləsi olan məscidə getmədiyini yazırdı: Bir gün gedirdim mən bir dalda yolla, Nəqafil qarşıma çıxdı bir molla. – Ay mirzə, xeyr ola nə olmuş yəni, Heç görmək olmayır məsciddə səni? – Çünki əziz dostum, qaralır qanım, Səni görən kimi azır imanım. Buradan açıq şəkildə görünür ki, Vazehin etirazı İslam dininə, onun ibadət yeri olan məscidə deyildir. O, Allahın və onun dininin adından sui-istifadə edən ruhanilərə, mollalara etiraz olaraq məscidə getmir, çünki Allahın adıyla şər iş görənlər həm də məscidi ayaqlayır və İslam dininə zərər verirlər. O yazır: Mən belə dedim gələn riyakarlara: Kim özünə hörmət edir, Allaha pərəstiş edir. Amma kim Alahın adıyla şər iş görür, Qabacasına müqəddəs bir şeyi – məbədi ayaqlayır. Eyni zamanda Vazehə görə, İslam dininin qayda-qanunlarında müsəlmanların hər hansı bir işi məcburiyyətlə, zorla həyata keçirilməsi doğru sayılmadığı halda, ancaq zaman-zaman vəziyyət dəyişilmiş, könüllülük məcburiyyətə çevrilmişdir. Ancaq Mirzə Şəfi dinin vicdani və əxlaqi məsələ olduğunu başa düşdüyü üçün müsəlmanların, o cümlədən də müsəlman qadınların zorla nəyə isə məcbur edilməsini qəbul etməmişdir. Məsələn, o, qadınların zorla çadraya bürünməsini doğru görməmiş, bunun könüllülük əsasında həyata keçirilməsini çox vacib hesab etmişdir. O, yazır: Tulla gəl çadranı…. görünsün üzün Gül də gizlədərmi de bağda özün?! Səni qadir Allah, ey incə çiçək, Yaratmış dünyaya verməkçün bəzək. De, bunca lətafət, bunca məlahət, Solsun dar qəfəsdə neyçün, nəhayət! Tulla gəl çadranı… bilsin ki dünya Yoxdur yer üzündə sənin tək afət. Qoy sənin nəzərin hər yana baxsın, Baxışın qəlbləri yandırıb yaxsın. Bu cür görüşləri ilə Vazeh öz dövrü üçün həm milli, həm də yaradıcı, islahatçı bir şəxsiyyət idi. Vazeh bir müəllim kimi xalqına ikiüzlü mollaların, müftilərin deyil, yenilikçi-dünyəvi və milli ruhlu mütəfəkkirlərin yoluyla getməyi məsləhət görürdü. Bu anlamda Vazeh gələcək həyatı ya da axirəti, cəhənnəmi düşünüb yaşamağı deyil, gerçək aləmin problemlərinə qarşı mücadilə etməyi daha məqbul hesab edirdi. O, yazır: Axmaqlar gələcək həyat üçün hüzn edirlər, Burada yaşamırlar, amma yaşadırlar, bilməlisən! Müfti cəhənnəm və cinlərlə qorxudur, Amma ağıllı ol və məyus olmamalısan! Müfti inanır: o hər şeyi yaxşı bilir. Amma Mirzə Şəfini inandırmamalıdır! Əxlaqi-estetik görüşləri. Onun dünyagörüşündə əxlaq-estetik problemə də aid olan həqiqət, xeyirxahlıq, düzlük, təvazökarlıq mühüm məsələlərdən biri olmuşdur. Vazeh hesab edirdi ki, ədalətin, haqqın, xeyirxahlığın olmadığı bir dünyada zor, güc hesabına nəyə isə nail olmaq nisbidir. O yazır: İti qılınc sürüşərək düşsə yatağa, Üzü yumşaq ipək üstən sıçrar qırağa. Bu dünyada kəskinlikdən, zor, gücdən artıq Səmərə verər xeyirxahlıq və mehribanlıq. Bu anlamda Vazeh tutduğu yenilikçi mahiyyətli mövqeyindən heç bir zaman geri çəkilməmiş, öz təbrincə desək həqiqəti söyləyib min təhlükə, min tufan qopmasına hazır olmuşdur: Qoy sən həqiqəti söyləyən zaman, Qopsun min təhlükə, qopsun min tufan. Gəl baxma bunlara, ey Mirzə Şəfi! Uca tut daima arı, şərəfi, Həqiqət bir şeydir gözəllik ilə, Olarmı gözəllik gəlməsin dilə? Cəzadan, təqibdən olmaqçün uzaq, Bəzən sözlərni söyləmə çılpaq. Asta ol, özünü daim gözlə sən, Acı sözünü də, de xoş sözlə sən. Yaxud da: Düzlüklə alçaqlıq çarpışan zaman Alçaqlıq nədənsə qazanır hər an. Çünki alçaqlarçün ən alçaq işlər, Alçaqlıq deyildir, hünərdir, hünər. Mütəfəkkirə görə, insan əxlaqında dargörüşlülük doğru deyildir. Çünki dargörüşlülük ya da eqoizm onun düzgünlüyünə, xeyirxahlığına əngəl olacaqdır. O yazır: Sən öz mənliyinin dar sarayından Kənara çıxmasan, ey dostum, inan, Anla ki, ömründə ola bilməzsən Düzlük evində də, bir dəfə mehman. Vazeh hesab edirdi ki, heç bir insan həqiqətdən, düzlükdən qaça bilməz. Yəni hər bir insan gec-tez bir gün həqiqətlə, düzlüklə üzləşib əsil gerçəkliyi biləcəkdir. O, buna misal kimi, qoca mollanın arvadını göstərir. Belə ki, qoca molla hər zaman coşub daşan arvadına bir gün güzgünü divardan götürüb qorxunc sifətini özünə göstərir. Öz qorxunc sifətini gördükdən sonra həmin arvad qoca mollanın evini tərk edib görünməz olur. Vazeh, yazır: Sənin də, ey Şəfi, bu nəğmələrin, Əks edir hüsnünü axmaq kəslərin. Dünyada eybinə kor olmayanlar, Görüb bu güzgüdə özünü anlar. Vazehin dünyagörüşündə əxlaq məsələsi ilə bağlı bir-birinə daban dabana zidd olan müdriklik və cahillik, ağıllıq və axmaqlıq məsələsi də öz əksini tapmışdır. O, müdrikliyinmi yoxsa cahilliyinmi xoşbəxtlik olmasını belə şərh etmişdir: Müdriklik adamı çox xoşbəxt edər, Lakin elm artdıqca, çoxalar kədər. Bu dünya üzündə xoşbəxtdir axmaq, Aqil həsəd etməz ona da ancaq. Yaxud da: Şikayətmi edim, gülümü, bilməm Dünyanın yarısı dərakədən kəm. Edir utanmadan, eyləmədən ar, Mini bir axmağın sözünü təkrar. Yox! Səni mədh edim, qoy ey Yaradan, Ki, tutmuş dünyanı bu qədər nadan. Etməsəydin bizə bu mərhəməti, Olmazdı ağlın da qədri, qiyməti. Şair-mütəfəkkirə görə, məhz Yaradan bilir ki, niyə bu dünyada bu qədər nadanla yanaşı müdrik də var. Çünki bu dünyada nadan, axmaq olmasa idi, o zamanı müdrikin, aqilin qədr-qiyməti də bilinməzdi. Hər halda dünyada yaxşılığın, xeyirxahlığın, əməksevərliyin əsil mahiyyətini nadan deyil, müdrik insan dərk edir. Yalnız müdrik insan daim çətinliyə sinə gərdiyi halda, nadan isə asana qaçmışdır. O, yazır: Ey bəşərin xilasına edilən kömək, – Ey göylərin ilk töhfəsi, sevimli əmək! Sənə xidmət edənlərə təsəlissən sən. Müdriklərin ilk arzusu, ilk istəyisən. Ancaq nadan çətin işdən qaçar asana, Məhv olardım dirənmdən min yol asana! Ey göylərin ilk vergisi!.. İnan ki, sənə Daim sadiq qalasıyam gedincə sinə. Vazehin dünyagörüşündə milli adət-ənənələrə böyük hörmət və sədaqət vardır. Bizcə, şair-mütəfəkkir təhrifə uğradılmış adət-ənənələrimizə sahib çıxmağın tərəfdarı olmuşdur. O, yazır: Kişisən, var isə səndə cəsarət, Olsun xislətində belə bir adət: Yaxşlıq edənə yaxşlıq eylə Cavab ver yamana yamanlıq ilə. Yaxud da: Namusa, qeyrətə sataşanları Əfv edən, əslində zəif adamdır. Yumşaqlıq yaraşır qadın qəlbinə Kişininki isə bil, intiqamdır! Milli-dini adət-ənənələrimizlə bağlı məsələlərdən biri də, başqaları barəsində eşitdikləri pis sözləri yaymamaq, yəni yıxılana balta vurub evini yıxmamaq, əksinə mümkün olduğu qədər yardım əlini uzatmaqdır. O, yazır: Başqasının barəsində pis söz eşitsə, Onu yayma bir zaman möhkəm saxla sən. Asandırsa başqasının evini yıxmaq, Çox çətindir amma, daşı daş üstə yığmaq! Eyni zamanda, Vazeh yazırdı ki, insani keyfiyyəti daşıyan hər bir kəs, başqasının pis cəhətlərinə görə sevinməməklə yanaşı, ancaq özgələrin sevinclərinə də kədərlənməməlidir. Bir sözlə, insan necə ki, gülüstandan əsib gələn ətirli küləklərdən ürəkləndiyi, ancaq bataqlığın üfunətindən qaçdığı kimi, bu dünyada başqalarının nə kədərinə sevinməli, nə də sevincinə kədərlənməlidir. O, yazır: Gülüstandan əsib gələn ətirli külək, Əziz dostum, söylə sənə vermirmi ürək? Niyə onda bir xoş xəbər eşidəndə sən, Özgəsinin sevincinə sevinməyəsən? Bataqlığın üfunətli, pis havasından Axı dostum, kənar gəzib daim qaçırsan. Onda vurma bədxahlığın gölünə gəl, baş Qeybət dolu məclislərədn qaçıb, uzaqlaş.

Faiq Ələkbərli (Qəzənfəroğlu)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − 17 =