Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY

0
795
III YAZI
Kazım bəyin dini-fəlsəfi görüşlərində islam qanunları və onunla bağlı anlayşların tədqiqi də mühüm yer tutmuşdur. Məsələn, o, İslam hüququndan bəhs edən Sədr üs-Şəriət Übeydullahən “Müxtəsər – ül-vikayət” (1845, Kazan) əsərinə yazdığı müqqədimədə əsasən, şəriətin nə olmasını izah etməyə çalışmışdır. Ona görə “şəriət” sözünün mənası “yol hazırlamaq” anlamını verib Quran və Sünnətdən (peyğəmbərlə bağlı hədislərdən) ibarətdir. İslam fiqhi ya da İslam qanunşunaslığının əsasında da Quran və Sünnətdən ibarət olan şəriət ehkmaları dayanır. “Fiqh” sözünün “anlayış, idrak” anlamına gəldiyini, bilikli adama da “fəqih” deyildiyini yazan Kazımbəy qeyd edir ki, “fiqh elmi”nin tarixi də peyğəmbərlə başlayıb, daha sonra dörd xəlifə (Əbubəkir, Əmər, Osman və Əli) tərəfindən inkişaf etdirlmişdir. Ancaq dörd xəlifədən sonrakı dövrdə Quran və Sünnətə əməl etmək məsələsində müsəlmanalr arasında fikir ayrılıqları artmış, bununla da İslam dinində yeni məzhəblər, təriqətlər ortaya çıxmışdır (hənəfilər, maliklər, şafilər, hənbəlilər, mötəzililər xariciliər və b.). Bununla da sünni hüquqi məktəblərin əsası qoyulmuşdur. Kazım bəy yazır: “Şərq hüquqşünasları İslamın ilk dövrlərindən qanunun müstəqilliyi və toxunulmazlığını müdafiə edirdilər. Məhəmməd peyğəmbər öz tərəfdarlarının dini və siyasi həyatına dair hər şeyi özündə cəmləşdirmişdi. Onlar üçün öz tərəfdarlarına oyub getdiyi Quran və Sünnət Peyğəmbərin ölümündən sonra sonra da dəyişilməz rəhbər olaraq qalmışdı”.
İslam qanunşünaslığında “ictihad” (ciddi cəhd, ciddi səy) anlayışının da xüsusi yer tutduğunu vurğulayan Kazımbəy yazırdı ki, bu dərəcəni qazananlar “müctəhid” adlanırlar. İctihadın üç mərhələdən ibarət olduğuna (qanun tərtib etməkdə müstəqillik, qanun tərtib edənin yaratdığı məktəb və sistemin müstəqilliyi, hökmün icrasında müstəqillik) toxunan mütəfəkkirə görə, müctəhidlik şəriət baxımından Allahın ən yüksək hədiyyəsi hesab edilir və xüsusi nüfuz sahibi deməkdir. O, yazır: “Bu dərəcəyə çatmağa can atanlar, əlbəttə, hüquqşünaslığın bütün məktəblərini və bu elmin bütün sahələrini, o cümlədən qanunşünaslıq üçün zəruri hesab edilən ərəbcə və məntiq də daxil olmaqla hüquq elminin bütün sahələri haqqında mükəmməl biliyə sahib olmalıdırlar. Onlar qanundan irəli gələn hər bir məsələni dərhal həll etməyə hazır olmalı, öz qərarını əsaslandırmaq üçün, dəlilləri göstərməli və bu məsələ barəsində birinci və ikinci dərəcədən olan müctəhidlərin müxtəlif rəylərini üzə çıxarmalıdır”.
O, İslam qanunlarından bəhs edən “Şəraül-İslam” ya da “İslam qanunları” (1862) əsərinə yazdığı müqəddimə və şərhlərində də tənqidi fikirlərini davam etdirmişdir. Belə ki, bu kitabda İslam qanunlarına görə girov və ticarət, vərəsəlik və nikah kimi məsələlərin şərhi öz əksini tapmşdır ki, Kazımbəy burada da ciddi cəhdlə İslam dinini, o cümlədən Quranı və hədisləri tənqid atəşinə tutmuşdur.
İslam təriqətlərindən imamilik ya da müridizmin fəlsəfi və siyasi-hüquqi dəyərləndirilməsi. Kazım bəyin İslam təriqətlərindən, o cümlədən də imamilik ya da müridizmdən bəhs edən, eyni zamanda onun dini və siyasi-fələfi görüşlərini əks etdirən ən mühüm əsərləri “İmamın əhəmiyyəti, onun hakimiyyəti və ləyaqəti” (1860), “Müridizm və Şamil” (1859) kitablarııdır. O, “İmamın əhəmiyyəti, onun hakimiyyəti və ləyaqəti” məqaləsində “imamiliyin” islam fəlsfəsi baxımından ehkçamı və hüquqi mahiyyətini açıb göstərməyə çalışmışdır. Ona görə, başçı, bələdçi, rəhbər anlamlarını verən “imam” sözünün hüquqi mənası müsəlmanların dini və mülki məişətdə bütün işlərini idarə edəndir. İmaməti böyük imamət və kiçik imamət olmaqla iki dərəcəyə bölən Kazmbəy göstərir ki, möminləri yönədən də, eyni zamanda hərbi qüvvələrin başçları da “imam” adlanmışlar. Ancaq sonralar sünnilər və şiələrdə imam anlayışı fərqli xarakter daşımışdır. Şiələrə görə “imam” ancaq peyğəmbər nəslinə aid olanlardır ki, ilk imam Həzrət Əli, sonuncu imam qeybə çəkilmiş Mehdidir. Sünnilərdə isə “imamət” məsələsi yalnız peyğəmbər nəslindən olmaq anlamında dəyərləndirilmədiyi üçün davam etmiş, hətta dövrünün qabaqcıl adamlarına belə bir rütbə kimi “imam” adı verilmişdir. Kazımbəy yazır: “İmam rütbəsi dövrünün qabaqcıl adamı mənasında ən məhur şəxslərə verilir. İslamım ilk əsrlərinin diqqətəlayiq alimlərinin böyük hissəsi bu epiteti daşımış və bəziləri az qala öz adları kimi mənimsəyiblər”.
Ona görə, Dağıstanda da müridizm tərəfdarlarının imamət məsələsindən faydalanmaları məhz sünni düşüncənin məhsulu olmuşdur. Belə ki, Şeyx Şamil Qafqazda çar Rusiyasının işğalçılığına qarşı 1834-1859-cu illərdə imamət məsələsindən ustalıqla yararlanaraq mübarizə aparmışdır. O, yazır: “1834-cü ildə bütün müridlər yekdilliklə Şamilə müraciət edərək onun imaməti qəbul etməsini xahiş etmiş və özlərini onun müridi elan etmişlər… Bununla da Şamil öz uzaqgörən siyasəti ilə ona nail oldu ki, Dağıstanın ümum xalq seçkisində məhz Həmzə bəyi deyil, onu imam seçdilər və getdikcə onun ətrafı genişləndi və “nəhayət o, möminlərin başçısı və Qafqazın hökmdarı rütbəsini qazandı”.
Qeyd edək ki, Kazımbəy “Müridizm və Şamil” əsərində daha geniş şəkildə imamət ya da müridizmlə bağlı üç məsələyə: 1) Müsəlman Şərqində müridizmin tarixi oçerki, 2) Müridizmin Qafqazadakı inkişafı, və 3) İmam Şamil -, aydınlıq gətirməyə çalışmışdır.
O, müridizmin tarixinə başlamamışdan öncə, əxilik, sufizm, mövləvilik və digər müsəlman amallı təriqətlərdən bəhs etmiş, daha sonra da müridizmin və imamiliyin, eləcə də müridizmlə bağlı olan cihad, təriqət və dəvət analyışlarının geniş şərhini vermişdir. Onun sözlərinə görə, İslam sufizmi ilə bağlı olan müridizmdə də şəriət, təriqət və həqiqət prinsipləri başlıca yer tutmuş, eyni zamanda, müridizmin özünün də üç əsas prinsipi olmuşdur: cihad, təriqət və dəvət. Kazımbəy yazır: “Müridizm İslamın inkişafı tarixində və müsəlmanların dini inqilabında mühüm rol oynamışdı. Müridizm cihad, təriqət və dəvət kimi üç başlanğıc əsasında yaradılmışdı. Cihad, iman uğrunda mübarizə, təriqət, Tanrıya gedən həqiqi yol, dəvət isə insanları mənfur hakimiyyətə qarşı üsyana, qanuni və ya dini hüquqları qorumağa çağırışdır”.
“Cihad” məsələsini ayrıca şərh edən Kazımbəy yazırdı ki, bu, Peyğəmbərində ilk və əsas silahı olmuş, öz dinini təsdiq etdirmək üçün düzgün və səmərli istifadə etmişdir. Eyni zamanda, cihad bütün xəlifələrin müxtəlif ölkələri fəth etməsinə də mühüm rol oynamışdır. O, yazır: “Təkcə cihad sayəsində 100 il müddətində əzəmətli və qorxunc bir İslam imperatorluğu yaradılmış və bundan sonra bu imperiyanın sərhədləri daxilində müxtəlif dövlətlər meydana gəlmişdi. Kim səlib yürüşlərinin uğurlarının səbəblərini təhlil edibsə, o, Məhəmmədin siyasətində bu cihad dini ideyasının yaradılmasının nə qədər vacib olduğunu anlayacaq”. Kazımbəyə görə Peyğəmbər İslam dinindəki cəhənnəm və cənnət anlayışlarından da istifadə edərək cihada haqq qazandırmışdır.
Müridizmdə təriqət məsələsinə gəlincə, Kazımbəy yazır ki, Peyğəmbər təriqəti öz əməli kimi dəyərləndirmiş, daha sonra təriqəti Həzrət Əli və sufi alimlər davam etdirmişlər. “Dəvət” məsələsində də ilk addımı Peyğəmbər atmış, o, bir çox bütpərəst, xristian xalqları İslam dinini qəbul etməyə çağırmışdır. “Dəvəti” qəbul etməyənlərə qarşı cidah etmək isə məqbul hesab olunmuşdur.
Kazımbəyə görə, Qafqazda isə müridizmin kökü ən azı 15-ci əsrə gedib çıxsa da, 1742-1794-cü illərdə onun ilk tanınmış başçısı tatar mənşəli Şeyx Ələddin Mənsur olmuşdur. Mənsurdan sonra bir müddət müridizm hərəkatə zəifləsə də, 1823-cü ildə Dağıstan və Çeçenistanda müridizmin yeni lideri Şeyx Molla Məhəmməd olmuş və o, 1829-cu ildə çar Rusiyasına qarşı cihad ya da qəzavat elam etmişdir. Onun şəhid olmasından sonra (1834) müridizmin lideri Şeyx Şamil seçilmişdir.
O, “Bab və babilər” (1865) əsərində də əsas tənqid hədəfi kimi İslam dinini seçərək babiliyi siyasi-fəlsəfi anlamda şərh etmişdir. Belə ki, İslam dini pərdəsi altında meydana çıxan babilərin əsil mahiyyətini açmağa çalışan Kazımbəy yazırdı ki, onlar Məhəmməd şah Qacarın ölümündən istifadə edərək meydana çıxmışdılar. Kazımbəyə görə, babilərin lideri Seyid Əli Məhəmməd Babın “Bəyan” kitabı Qurana oxşar tərzdə yazılsa da, əslində babilər yeni din yaratdıqlarını ortaya qoyurdular. Yəni babilər iddia edirdilər ki, artıq Quran və Sünnət, ya da şəriət köhnələrək öz əhəmiyyətini itirmişdir. Ona görə də, yeni din (Babilik) əsasında “İran” da yeni dövlət (“Baki şahlığı”) yaratmağın zamanıdır. Bütün bunları təhlil edən Kazım bəy yazırdı ki, əslində babiliyin ortaya çıxması təsadüfi olmamış, Şərqin, xüsusilə də İslam Şərqi ölklərinin cəhaləti, nadanlığı, despotizmi islahatların aparılmasını zəruri etmişdir. O, yazırdı: “Babilər hərəkatı əsarətdə olan həqiqətin istibdad əleyhinə mübarizəsinin nəticəsi idi… Bab onun ölkəsində xalqın inandığı dinin boş, mənasız şeylərlə dolu olduğunu başa düşürdü. Bab həmişə nəfs və ibadət, məhəbbət və əxlaq haqqında danışırdı… O, xalqdan “məczub”, yəni dəli adını almışdı ki, bu da onun təriqətinin qurulmasında ikiqat nailiyyətlər qazandırmışdır”.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN