Hesab edirik ki, Mirzə Əbdürrəhim Talıbzadə Qacarlar dövlətini Avropa idarəçiliyini, özü də əsasən Nəsrəddin şah Qacarın dövründən başlayaraq, zahiri şəkildə yamsıladığına görə haqlı olsa da, ancaq bütün bunları “İran” adı altında ümumiləşdirib “qədim İran mədəniyyəti” ilə müqayisə etməsi çox da obyektiv olmamışdır. Çünki bu bölgədə qədim dövrdə və orta əsrlərdə hökm sürmüş türk dövlətçilik ənənəsi də olmuşdur ki, Talıbzadə “irançılıq” ideyasının təsiri altında burada “təbii, qədim və Kəyan dövrünü” Avropa idarəçiliyi ilə müqayisə etmişdir. Digər tərəfdən isə o, sübut etməyə çalışır ki, Qacarların Avropanı təqlidi zahiri xarakter daşımış və mahiyyət etibarilə ölkədə heç bir ciddi dəyişiklik baş verməmişdir. Mirzə Mahmudun Qacarlarda nazir olan atasının dilindən Talıbzadə yazır: “Bu nazirlərdən biri də mənəm. Səhər gəlib əyləşirəm, ətrafımda neçə nəfər möhtac yaltaq ayaq üstə dayanır və bəzisi də əyləşir. Söhbər edirlər, dinləyirlər. Mən öz vəzifəmə daxil olmayan işlərlə məşğul oluram. Nahar vaxtı çatır, nazirliyin əziz adına döşənmiş məcməyiləri qarınqulular yeyirlər və dağılırlar. Sabah da bu qayda ilə. Bəzən qəbula çağırırlar. Ya sədr-əzəm dalımca adam göndərir. Çox vaxt bir söz eşitmədən geri qayıdıram. Bəzən də əmr olunur ki, şah öz əyanları ilə şikara gedir, siz də əyanlar sırasındasınız, hazırlaşın… Bizim günümüz keçmiş və ölkənin işi bitmişdir. İndi baxın, vicdanı və fəaliyyət qüvvəsi olan hansı adam belə bir sənədsiz postu işğal etmək, yaxud bu məsul vəzifəyə yiyələnmək arzusunu çəkə bilər?..”. Ancaq bütün bunlarla yanaşı, burada maraqlı məqam odur ki, Talıbzadənin “iranlı” kimliyini farslardan az olmayaraq bir türk olaraq mənimsəməsi özünü büruzə verir. Yəni bizcə, o, M.F.Axundzadə və Z.Marağalıdan fərqli olaraq, farsdilli müsəlman olaraq deyil, bir türk kimi avropalıların uydurduğu ümumi “İran” vətəni və dövləti anlamında özünü “iranlı” kimi görür. Hər halda Qacarlar məmurunun kürdlərdən söhbət düşəndə özünü təəssübkeş “iranlı” kimi ondan ayırması məhz Qərb ideoloqlarının apardığı təbliğat və şiəlik nəticəsində türklərin xeyli dərəcədə “iranlılaşdığını” göstərir. Təxminən o dövrdə Azərbaycan türk mütəfəkkiri Məhəmməd Əmin Rəsulzadə də “İran türkləri” əsərində açıq şəkildə yazırdı ki, buradakı türklər əsasən şiəliyin, qismən də “İran mədəniyyətinin” təsiri altında xeyli dərəcədə farslaşıblar, ya da iranlılaşıblar: “Farslar türk ağalarını öz uluslarına yad bulmadıqlarından onları ulusal İran ağaları kimi bəyənmiş, türklər də fars uyğarlığını mənimsəmiş, fars dilini ulusal ədəbi dil saymışlar. Bu yolla 500 (1000) ildən bəri şahlıq taxtında bir Türk xanı otursa da, bu xanlar, eləcə də türklər iranlılaşmış, yəni fars kimi tanınmışlar. Az sayda türkmənlərdən başqa, türklərlə, yəni azərbaycanlılarla Qaşqaylar İranın rəsmi məzhəbi olan şiəliyə bağlıdırlar. Şiəlik İran türklərini elə farslaşdırmışdır, indi onlar özlərini türkləşmiş fars, yəni kökcə iranlı sayarlar…”. Çox ehtimal ki, xüsusilə Talıbzadə, bəlkə də haradasa Marağalı və Axundzadə də özlərini türk olmaqla yanaşı, bu anlamda özlərini iranlı saymış və “qədim İran mədəniyyəti”ni də türklüyə yad hesab etməmişlər. Ancaq bütün hallarda hesab edirik ki, Marağalı və Axundzadə bu məsələlərdə daha çox Qərb mədəniyyətinin və irançılığın (farsçılığın) təsiri altında olduğu halda, Talıbzadədə bu hal özünü çox da büruzə verməmişdir. Hər halda Talıbzadə açıq şəkildə yazırdı ki, ingilislər və ruslar Hindistanı müdafiə etmək, ya da oraya hücum etmək bəhanəsi ilə Qacarların başına açmadıqları oyun qalmamışdır. Çox maraqlıdır ki, Talıbzadə üzun müddət Qərb mədəniyyətinə tənqidi yanaşıb onu çox da təqdir etmədiyi halda, ancaq ömrünün son çağlarında xüsusilə də Qacarlarda baş verən məşrutiyyət dönəmində bu məsələyə bir qədər isti yanaşmışdır. Hər halda Talıbzadənin 20-ci əsrin ilk onilliyində azadlıq, parlament, hürriyyət, məşrutiyyət və bu kimi məsələlərlə bağlı qələmə aldığı məqalələrində Qərb mədəniyyətinə müsbət yanaşma daha çox hiss olunur. Bu anlamda o zaman Qacarlarda tez-tez səslənən, daha sonra məşrutiyyətlə ortaya çıxan azadlıq, hürriyyət anlayışları ilə bağlı “Azadlıq nədir?” məqaləsində yazırdı: “Deyirlər ki, iranlıya hürriyyət vermişlər. Təzə zühura gəlmiş bu sözün mənasını mən başa düşmürəm. Bu nə deməkdir? Məgər biz qızıla alınmış qul idik ki, azad etdilər. Bəyəm biz başqasından asılı və dustaq idik ki, bizi sərbəst buraxdılar?! Bəs iranlıya necə azadlıq vermişlər ki, böyükdən kiçiyə kimi, hamı fövqalədə sevinclə bir-birini təbrik edir və onu qarşıladığına görə gözaydınlığı verirlər”. Bu sözlərin mənası haqqında indiyə qədər dolğun bir bilgi olmadığını iddia edən Talıbzadə yazırdı ki, əgər “iranlılar”ın bu anlayışlardan xəbərləri olsaydı şadlıqlarını, sevinclərini daha çox ifadə edər, məsuliyyətin yükünü də anlamış olardılar. Talıbzadə yazırdı: “Əgər ərəbcə “hürriyyət”, farsca “azadi”, türkcə “özdənlik” həmən təbii azadlıqdan ibarətdirsə, ümumbəşər övladı fitrətən və təbiətən işlərində və sözlərində azad və muxtardır, onun əmrverənindən (öz iradəsindən) qeyri heç kim sözünün və əməlinin qarşısını ala bilməz, ondan kənar elə bir qüvvə yaradılmamışdırsa, onda heç kimin qüvvəsi çatmaz ki, bizim bu azadlığımızı əlimizdən alsın. Deməli, bu cürə azadlığı alverə çevirmək olmaz”. Talıbzadəyə görə, Qacarlarda “azadlıq” anlayışını sözdə Avropanı təqlid edən Nəsrəddin şah öz bildiyi kimi yozmuş və hakimiyyətə gəlməsindən dörd il sonra ölkədə mütləqiyyəti tamamilə bərqərar etmişdir. Məhz bundan sonra Qacarlarda hər cür azadlıq boğulmuş və öz yerini mütləqiyyətə vermişdir. O yazır: “Nəsrədddin şah cülusundan dörd il sonra, saray politikası şəhid Əmiri-Kəbirdən mütləqiyyətin tam istiqlalından sonra belə lazım gəldi ki, ağıllı və bacarıqlı dövlət adamları mərkəzdən uzaqlaşdırılsın, əzazil və cahil bazar adamları eyşü–işrət gözəlliklərinə şərik olsunlar. Zira, bunların nə daxildə xəta törətmək istedadları vardır, nə də xaricdə aşub törətmək – yəni, nə də savab iş görmək gücləri vardır. Buna görə də mərkəzin məhvəri həmişə elmsiz, yaltaq və xain adamlarla əhatə olundu. Fəqət, xarici işlərin əhəmiyyətinə görə, bu idarədə nibətən qabiliyyətli şəxslər əyləşirdi. Ancaq bütün işlərdəki hərc-mərclik onu da nursuz sədarətin şəxsi mənfəəti ətrafında hərəkətə gətiridi”. Ancaq Qacarlarda yenidən hürriyyət ideyasının ortaya çıxdığını və millətə geri qaytarıldığını deyən Talıbzadə yazırdı ki, artıq azadlıq bir neçə nəfərin deyil, bütün insanların sərvətinə çevrilmişdir. Ancaq bundan sui-istifadə etməyin təhlükəli olduğunu da qeyd edən Talıbzadəyə görə, hər bir kəs ilahi ruhdan ona bir qismət kimi verilənin dəyərini bilməlidir: “İran əhalisinin hər biri bilməlidir ki, o, insandır. Yəni ilahi ruhdan bir qismət də ondadır. Elə iş görməməlidir ki, öz ülviyyəti önündə xəcalət çəksin. Bilməlidir ki, namusu vardır… qadağan olunmuş pis işlərdən uzaqlaşmalıdır. Hər kəs borcludur ki, babalarının ənənlərini sevsin, başqalarına kömək etməyi vacib saysın, öz sözündə və əməllərində sabit olsun. Azacıq fikirləşməklə aydın olar ki, bu müstəqim məsləkdə hamı gərək səhmdar və şərik olsun. Həqiqətən bu, ümumi sərvət olduğu üçün heç kim ona xəyanət etməməlidir. Qoymamalıdırlar ki, bir nəfər xəyanət etsin. Hər kəs bu məsləkdən kənara çıxsa, o, yolu azmış, xalq qarşısında nifrətlənmiş, qəzəbə gəlmiş və məsuliyyətsiz sayılır. Bu məsələdə millətin hər bir üzvü – o, istər ən böyük nüfuz sahibi olsun, ya da adi sıravi işçi – fərqi yoxdur, bərabər məsuliyyət daşıyır. Hərçənd ki, bu hədiyyəni iz verdilər və biz də qəbul etdik, ancaq yuxarıda dediyimzi kimi, indi o azadlığın adına çatdıq. On il səy və çalışmalardan sonra onun layihəsini çızmağa qədəm qoyarıq; otuz ildən sonra bizim xələflərimiz yükün və vəzifələrin ağırlığı, məqsədə çatmağın çətinlikləri üzündən çoxlu ağlaşmalardan rahat olduqdan sonra “axan suyu təzədən geriyə qaytarmaq” olmaz. O vaxt indiki boş səhralar meyvə bağlarına, qəbiristanlar gülüstanlara çevrilər”. Eyni zamanda o, ictimai-siyasi görüşülərində Parlament, ya da Milli Şura Məclisi ilə bağlı fikirlərini ifadə etmişdir. Ona görə Qacarlarda açılan ilk parlamentin sözün həqiqi mənasında xalqın və dövlətin mənafeyini ifadə etməsi üçün ilk növbədə azad və demokratik seçkilər keçirilməlidir. Talıbzadə yazırdı: “Qanunun əsası olan seçki mövhumidir. Məlum deyildir ki, İran əhalisinin nə qədəri seçki hüququna malikdir. Bu səsvermə neçə seçki dairəsinə bölünmüşdür. Bunların hamısı hədsi, qiyasi və təxmini düzəldilib hazırlanmışdır. Əhalini siyahıya alandan, əyalətləri dürüst müəyyənləşdirəndən sonra, həqiqətən, gərək bunların möhkəm əsası və həddi olsun. əsas budur ki, ədalətlə təyin olunmasında onların səs təsviyələrinə düzgün diqqət yetirilməli və riayət olunmaldır. Bununla da millətin vəhdət imarətinin özülündə boşluq qalmasın, gələcəkdə narazılıq və inciklik ortaya gəlməsin, əngəl törənməsin. Əgər indi bunlara göz yumsalar, xalq öz hüququnu başa düşəndən sonra tələb edər”. Talıbzadə hesab edirdi ki, Parlamentin nizamnaməsinə də ciddi diqqət yetirilməli, millət vəkillərinin konkret vəzifələri göstərilməlidir: “Məclis nizamnaməsi misilsiz, dünya məclislərinin əsərləri təsirindən xaric olduğu kimi, eləcə də məclis vəkilləri öz vəzifələrindən kənar işlər görürlər. Yəni bekar qalırlar, yaxud məclis işlərinə dəxli olmayan işlərə cəlb olunurlar, zehinləri qıcıqlandıran siyasi məsələlər, söhbətlər ortaya salırlar. Əlbəttə, məsələdən kənar iş görmək fikir zidiyyəti, söz ixtilafı törədər, əsəbiliyə sövq edər. Dünyanın heç bir yerində elə bir məclis yoxdur ki, əsas qanunsuz, bütün bunları çıxarmazdan əvvəl milli idarələrin şöbələri təşkil olunsun. Əgər olsa, təcili olaraq, qanun çıxarmadan nazirliklər təşkil etməkdən başqa məsələ qoymaz və başqa tələblər etməz”. Talıbzadəyə görə, indiki Parlament idarə üsulu Avropadan örnək alındığı halda, millət vəkillərinin bir çox məsələlərdə onları təqlid etməmək naminə ifrat hərəkət etmələri də doğru deyildir. Bizcə, hətta bu zaman Talıbzadənin özü də qeyri-obyektivliyə yol verərək yazırdı: “Min il azğın şəkildə cəhaləti təqlid etmişik, indi əgər elmi təqlid etsək, bizim cəhalətimizə nə zərəri olacaqdır”. Şübhəsiz, Talıbzadənin min il ərzində türk dövlətlərinin hökm sürdüyü bu bölgədə, cəhalətin hökm sürməsi fikri kökündən yanlışdır. Bizcə, son əsrləri çıxmaq şərtilə türk dövlətlərinin hakimiyyətləri dövründə bu ərazidə əsasən inkişaf olmuşdur. Əgər söhbət Qacarlar dövlətinin quruluşundan bir müddət keçdikdən, xüsusilə də Nəsrəddin şah Qacarın taxta oturduqdan dörd il sonra mütləqiyyətə əl atmasından gedirsə, burada müəyyən həqiqət vardır, ancaq bunuun özünü də ciddi şəkildə araşdırmaq lazımdır.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)