Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV-VI yazı

0
923
Ümumiyyətlə, A.A.Bakıxanovun yuxarıda qeyd olunan əksər qiymətli fikirləri də bizə deməyə əsas verir ki, Azərbaycan qədimdən türklər yaşayan bir bölgə olmuş və bu ölkənin xalqının əksəriyyəti də türk dilində danışmışdır. Eyni zamanda Bakıxanov, artıq heç bir tarixçi tərəfindən türk olduqları şübhə doğurmayan Xəzər, Azərbaycan Atabəyələr, Azərbaycan Qaraqoyunlular və Azərbaycan Ağqoyunlular dövlətlərinin qurucularının türksoylu olduqlarını qeyd etmişdir. A.A.Bakıxanovun «Tarix»inin milli ruhda yazılmasının və bir növ vətənpərvərliyinin, «millətçi»liyinin nəticəsi idi ki, onun bu əsəri Sovetlər Birliyi dövründə də birmənalı qarşılanmamışdır. Belə ki, 1926-cı ildə Bakıda rus dilində nəşr olunan bu kitab, yalnız ciddi redaktələrdən sonra 1951-ci ildə Azərbaycan türkcəsində nəşr olunmuş, rus dilindəki nəşrindən fərqli olaraq A.A.Bakıxanovun kitaba yazdığı «Ön söz» böyük ölçüdə ixtisar edilmişdir. Məsələn, 1926-cı il nəşrində «Riyaz əl-Qüds»ü türkcə yazdığını, türk və tatar dillərində kiçik şeirlərinin  olduğunu qeyd etdiyi halda, 1951-ci il nəşrində «türk» ifadəsi «azərbaycanca» ifadəsi ilə əvəz edilmişdir. 1951-ci il nəşrinə «Giriş» yazanlar bunu, belə əsaslan¬dırmağa çalışırlar: «Əsərin bu çapında («Gülüstani-İrəm»in 1926-cı ildə, Bakıda rus dilində nəşri nəzərdə tutulur – F.Ə.) bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır… Əsərdən tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi hissələr çıxarılaraq nöqtələrlə əvəz edilmişdir». Aydındır ki, SSRİ ideoloqları mətndən hansı hissələri çıxardıb, yaxud da düzəlişlər ediblər. Xüsusilə nəzərə alsaq ki, 1950-ci illərdə artıq «türk milləti», «türk dili», «türk mədəniyyəti» anlayışlarının işlədilməsi qadağan edilmişdi, ona görə də Bakıxanovun kitabından hansı hissələrin çıxarıldığı, yaxud da hansı hissələrin dəyişdirildiyi aydın olur. Bunu, Bakıxanovun milli «Tarix»inə qeyri-obyektiv izahlar verməyə çalışmış sovet ideoloqlarının aşağıdakı fikirləri də bir daha açıq şəkildə ortaya qoyur: «Əsərin müqqədəmə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəyi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda özünün idealist görüşləri əsasında ümumiyyətlə xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəyini təhrif edilmiş bir tərzdə izah etməyə çalışmışdır». Bu, bir daha çar Rusiyası qədər Sovet Rusiyasının da, eyni ideoloji şəkildə Bakıxanovun əsərinə qərəzli münasibət bəslədiyini ortaya qoyur. Çünki Bakıxanov «Tarix»i yazarkən heç bir təhrifə yol verməmiş, sadəcə əlində olan qaynaqları üzə çıxarmışdır. Əlbəttə, bu bilgilər nə çar Rusiyasına, nə də Sovet Rusiyasına sərfəli deyildi. Onlar üçün, Bakıxanovun bu bilgiləri millətçi, vətənpərvər yönlü idi və ona görə də çar Rusiyası «Tarix»i nəşr etməkdən imtina etmiş, Sovet Rusiyası isə saxakarlıq üsullarına əl atmışdı.
Bütün bunlar bir daha göstərir ki, A.A.Bakıxanovun «Tarix»i milli «Tarix»dir və burada öz əksni tapan bilgilər Azərbaycan türklərinin milli özünüdərkinə hesablanmışdır. Bu kitabla dərindən tanış olan hər bir kəs anlaya bilər ki, bu əsər «Gülüstani-İrəm» adlanıb, özü də ilk baxışda Şirvan və Dağıstan xalqlarının tarixindən bəhs edəcək təsiri bağışlasa da, əslində bu «Tarix» Qafqaz türklərinin, o cümlədən Azərbaycan türklərinin tarixidir. Eyni zamanda hiss olunur ki, burada yalnız quru bir «Tarix» yazılmamış, həm də Azərbaycan türklərinin milli mənəvi dəyərlərinin tarixi və mədəni irsi – türklərin soykökü, dili, mədəniyyəti, dövlətçiliyi, coğrafiyası, etnoqrafiyası və s. öz əksini tapmışdır. Deməli, Bakıxanov bu əsərində tarixçiliyi ilə bərabər millətini, vətənini sevən və onu təbliğ edən bir ideoloq kimi çıxış etmişdir.
A.A.Bakıxanovu özündən əvvəlki yerli tarixçilərdən fərqləndirən başlıca cəhətləri də məhz bunda axtarmaq lazımdır. Bu mənada, A.A.Bakıxanov «Gülüstani-İrəm» tarixi əsəri ilə Qafqaz və Azərbaycan türklərinin həyatında yeni bir səhifə açmışdır. Biz heç də o fikirdə deyilik ki, Azərbaycanın türk tarixini ilk dəfə A.A.Bakıxanov yazıb. Hər halda elm aləminə məlumdur ki, XIII əsrdə yaşamış Əbülhica Əl-Rəvvadinin Azərbaycan türk tarixinə dair «Tarixi Azərbaycan» adlı əsəri olmuşdur, lakin bu əsər tapılmamışdır. Bu mənada Z.Bünyadov haqlı olaraq yazır ki, A.A.Bakıxanov Azərbaycan elmi tarixşünaslığının banisi, onun Gülüstani-İrəm» əsəri isə akademik planlı ilk monoqrafik tədqiqatdır. Fikrimizcə, A.A.Bakıxanov Azərbaycan elmi tarixşünaslığının banisi olmaqla yanaşı, həm milli ideyalılığı ilə seçilən milli tarixi, həmçinin milli ideologiyanın ilk yaradıcılarından biri olmuşdur. Bizim bu fikrimizi, XX əsr Azərbaycanın görkəmli ziyalılarından biri, türkçülük ideologiyasının daşıyıcısı Y.V.Çəmənzəminlinin A.A.Bakıxanovun tarix əsərinə verdiyi qiymət də təsdiq edir: ««Gülüstani-İrəm» indiyə qədər mövzumuza dair (söhbət «Azərbaycan tarixi» haqqında yazılmış əsərlərdən gedir – F.Ə.) qələmə alınan əsərlərin ən qüvvətlisidir. Qüdsi tarixi yalnız siyasi hadisə kimi deyil, daha geniş olaraq təsəvvür edir. Coğrafiya, etnoqrafiya və ədəbiyyatmızı belə unutmur. Bizə görə etnoqrafi məlumatı son dərəcə maraqlıdır…». XX əsrin başqa bir görkəmli mütəfəkkiri H.Hüseynov da Bakıxanovun «Tarix» əsərinə dolğun və oybektiv qiymət vermişdi. H.Hüseynova görə, bu əsər Azərbaycan xalqının tarxinə həsr olunmuş ilk böyük tədqiqat əsəridir: «Azərbaycanda ictimai fikrin, elmin, mədəniyyətin və xüsusilə tarix elminin inkişafında A.Bakıxanovun «Gülüstani-İrəm» əsərinin müstəsna əhəmiyyəti olmuşdur. Bu əsərdə A.Bakıxanov Azərbaycan xalqının tarixini böyük həvəslə şərh etmişdir. «Gülüstani-İrəm»də vətənpərvərlik hissi olduqca çoxdur. A.Bakıxanov öz vətənini, öz xalqını sevir və onunla fəxr edirdi. Onun «… bu ölkədən olmağımla fəxr edirəm» deməsi heç də təsadüfi deyildi».
Y.V.Çəmənzəminli və H.Hüseynovun bu fikirlərinə qatılmaqla yanaşı, bizə elə gəlir ki, A.A.Bakıxanov milli çalarları gizlətmək naminə bu əsərinə belə bir rəmzi ad, yəni «Gülüstani-İrəm» adını vermişdir. Əslində bu kitabı yazmaqda onun əsas niyyəti Azərbaycan türklərinin bu ərazinin aborigen milləti və vaxtilə burada yaranmış dövlətlərin də türk dövlətləri olduğunu göstərmək olmuşdur. Görünür, A.A.Bakıxanov artıq öz dövründə türklərə bəzi qonşu xalqların, o cümlədən ermənilərin mənfur niyyətini də duymuş və buna uyğun olaraq da Şirvan və Dağıstan xalqlarının tarixi adı altında, Qafqaz və Azərbaycan türklərinin, bütövlükdə isə, bu bölgəyə aid olan bütün türk etnoslarının tarixini, etnoqrafiyasını, dövlətçilik ənənələrini və mədəni irsini qələmə almışdır. Bu baxımdan A.A.Bakıxanovun Qafqaz, o cümlədən Azərbaycan türklərinin tarixinə həsr edilmiş bu əsəri, indiyə qədər yazılmış bir çox tarixi əsərlərdən daha obyektiv, daha sanballı və daha qiymətlidir. Hər halda A.A.Bakıxanov bugünkü bəzi «tarixçilərimizin», «alimlərimizin» dolaşıq, qarmaqarışıq tarixindən daha aydın və obyektiv bir tarix yazmışdır; baxmayaraq ki, o, çar Rusiyasının əsarəti altında olan bir ölkədə yaşamış və ondan sonrakı dövrlərdə aşkarlanan bir çox mənbələr və abidələr onun əlində olmamışdır. Çox təəssüflər olsun ki, A.A.Bakıxanovda olan milli-dini və yenilikçi ruhu indi adını ziyalı, alim, tarixçi, filosof, filoloq, politoloq və s. adlanan bir çox tədqiqatçılarda görə bilmirik.
Ümumiyyətlə, fikrimizcə yeni dövrdə A.A.Bakıxanov Azərbaycan milli ideyasının ilk nüma-yəndəsidir. Çağdaş anlamda ilk millilik, milli özünüdərk, milli özünəməxsusluq kimi keyfiyyətlər A.A.Bakıxanovda özünü büruzə vermişdir. Əgər kimlərsə iddia edirsə ki, milli ideyanın başlanğıcı, ilkin mərhələsi M.F.Axundzadə ilə başlayır, bu çox mübahisəlidir. Doğrudur, M.F.Axundzadə Azərbaycan fəlsəfə və ictimai-siyasi fikir tarixinə bir sıra reformaları (ilk dəfə Şərq dünyasında Avropa üslubunda türkcə komediyalar yazmış, ərəb əlifbasının dəyişilməsi və latın əlifbasına keçilməsi təklifini irəli sürmüş, «millət» sözünü siyasi-ideoloji mənada işlətmiş və s.) daxil olmuşdur. Ancaq apardığımız tədqiqatlar əsasında belə bir nəticəyə gəlmişik ki, M.F.Axundzadədən öncə və ondan fərqli ola¬raq yalnız qiyabi deyil, əyani şəkildə Qərb dünyası ilə yaxından tanış olan A.A.Bakıxanov öz dövrünün, XIX yüzilliyin ilk milli ideoloqu və milli maarifçisidir. Şübhəsiz, burada «milli ideoloq» və «milli maarifçi»lik nisbi xarakter daşıyır. Çünki bu anlayışlar ilk növbədə yeni dövrün, kapitalist münasibətlərinin mövcudluğu şəraitində meydana çıxmışdır. Biz də, bu mənada A.A.Bakıxanovu ilk milli ideoloq və milli maarifçi hesab edirik.
Ümumiyyətlə, maarifçilik nə Bakıxanovdan, nə də Axundzadədən başlayır. Sadəcə bu məsələ əsasən mövzumuz kənarında olduğu üçün, qısaca olaraq deyə bilərik ki, maarifçilik hər bir kəsdən əxlaqlı, savadlı, humanist, ədalətli, vicdanlı, müxtəlif fikirlərə dözümlü olmağı, doğrunu söyləməyi, yalan danışmamağı, dini xurafatdan və mövhumatadan uzaq olmağı, cəmiyyətin daim dəyişən tələblərinə uyğunlaşmağı və bu kimi başqa keyfiyyətləri tələb edir. Bu yolu tutan hər bir ziyalı – Nizami, Xaqani, Tusi, Nəsimi, Füzuli, Vaqif, Bakıxanov, Axundzadə və başqaları maarifçidirlər. Fikrimizcə, bu məsələyə ilk dəfə, daha obyektiv mövqedən yanaşan və maarifçilik anlayışına adekvat qiymət verilməsinin zəruriliyini irəli sürən əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə olmuşdur. Z.Quluzadə yazır ki, maarifçiliyin, «maarifçilik ideologiyası»nın mahiyyətini açmadan, hansısa tədqiqatçıların (H.Hüseynov, Z.Göyüşov) Bakıxanovu, yoxsa (Ə.Əhmədov və b.) Axundzadəni Azərbaycan maarifçiliyinin banisi sayması doğru deyildir. O yazır: «Bu məsələni yalnız maarifçiliyin meyarlarını və Azərbaycan maarifçiliyinin təzahür spesifkasını dəqiqləşdirməklə həll etmək olar. Bu məsələyə dair indiyədək dəqiq elmi mövqe yoxdur».
Bakıxanov sələfləri Nizaminin, Xaqaninin, Füzulinin və başqalarını yolunu davam etdirmiş, eyni zamanda dövrünün mənəvi-ideoloji tələblərini müəyyən qədər də olsa, görüb dəyərləndirmişdir. Bu mənada, Bakıxanova İslama və şəriət qanunlarına daha real yanaşmasına, Qərb mədəniyyətinə özünəməxsus münasibətinə, millətinin tarixini qələmə almasına görə yeni dövrün, ilk milli və öncül maarifçisi adı vermək olar. Deməli, A.A.Bakıxanovun maarfiçiliyinin əsas prinsipi milli-mənəvi dəyərlərmizə yeni bir rəng, çalar qatması olmuşdur. Bu mənada Bakıxanovdakı maarifçilik İslam dəyərlərindən bəşəri dəyərlərə, bəşəri dəyərlədən isə milli dəyərlərə qədər təkamül yolu keçmişdir. Mütəfəkkirin yaradıcılığının ilkin dövrlərində dini və bəşəri dəyərlər üstünlük təşkil edirdisə, ömrünün son çağlarında milli və dini hislərin vəhdəti onun düşüncəsinə hakim kəsilmişdi.
Bütün bunlardan sonra Bakıxanovun dünyagörüşü ilə bağlı ümumiləşdirmələrmizi belə yekunlaşdırırıq: Birincisi, Bakıxanov ilk baxışda şiə məzhəbindən çıxış etsə də, ümumilkdə İslam dininin bəşəri mahiyyətini ön plana çəkirdi. Bu anlamda islam dininin hansısa bir millət ya da bölgəylə ya da fəlsəfi anlamda məhdudlaşdırlmasının əleyhdarı olan Bakıxanovu bu dinin şarlatan axundların, despotik məmurların inhisarından çıxarılmasının, yenilkçi-azad  və bəşəri mahiyyətinin yenidən canlandırılmasının tərəfdarı idi. İkincisi, o, milli kimliyin dini kimliyə qarşı qoyulmasını qətiyyən qəbul etməmiş, hər ikisinin hər bir müsəlman xalqının həyatında ayrıca rolunun oynamasını xeyli dərəcədə anlamışdır. Hər halda Bakıxanovun bütüm əsərlərinin təhlili bizə deməyə əsas verir ki, o, müsəlman dini kimliyi qədər türk milli kimliyini də yetərincə dərk etmiş, bu anlamda da əsasən Azərbaycan türklərinin tarixini, qismən də fəlsəfi ədəbiyyatını qələmə almışdır. Üçüncüsü, Bakıxanovun əsərlərində yenilkçi-azad ruhlu fəlsəfi düşüncələr yetərincədir ki, bunu da onun islam dininə, mili məsələlərə və bütövlükdə həyatdakı hadisələrə obyektiv yanaşmasından görürük. Xüsusilə də, Bakıxanovun gerilikçiliyə, despotizmə, xurafata, cəhalətə və digər məsələlərə münasibətində dövrünün cəlbedici Avropa dəyərlərini deyil, vaxtilə mütərəqqi, yenilkçi dövrünü yaşamış İslam-Şərq mədəniyyətini örnək alması çox düşündürücüdür. Bir sözlə, Bakıxanovun ümumilikdə gəldiyi qənaət odur ki, bu gün Avropa mədəniyyəti nə qədər mütərəqqi görünüb gözqamaşdırcı olsa da, İslam-Şərq xalqları öz problemlərinin çarəsini Qərb-Xristian mədəniyyətində axtarmamalıdır. Hər bir müsəlman xalqınin nicat yolu bəşəri, yenilkçi mahiyyətli İslam dininin əsil mahiyyətini dərk etməkdən, eyni zamanda həmin islam dinini qəbul etmiş xalqların öz milli dəyərlərini, milli xüsusiyyətlərini yenidən ortaya qoymasından keçir.
 
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu

BIR CAVAB BURAXIN