Azərbaycan ordusunun hərbi təlimləri Ermənistanda müharibə xofunu artırıb

0
661

 

Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin olmaması və buna paralel olaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təxribatlara ara verməməsi rəsmi Bakını özünün təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmağa məcbur etməkdədir. Bu baxımdan iyun ayının 19-da Azərbaycan daha bir genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırıb. İyunun 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan ordusunun 23 min nəfər şəxsi heyətinin, o cümlədən 120-dən artıq tank və zirehli texnikanın, 180 ədəd müxtəlif təyinatlı hava hücumundan müdafiə sistemlərinin, 30 hərbi təyyarənin və radioelektron kəşfiyyat vasitələrinin və pilotsuz uçuş aparatlarının iştirak edəcəyi gözlənilir. Bunun son dövrlərin ən iri miqyaslı hərbi təlimlərindən birinin olacağı gözlənilir. Təbii ki, bütün bunlar cəbhədə düşmən təxribatının ara vermədən davam etdiyi bir vaxtda, eyni zamanda ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən danışıqların dalana dirənməsi fonunda baş verməkdədir. Qeyd edək ki, bir-birinin ardınca Azərbaycanda keçirilən hərbi təlimlər əslində münaqişənin həllində hər vasitə ilə status-kvonun qorunub saxlanılmasına xidmət edən Ermənistana və bu məsələdə onu dəstəkləyən dövlətlərə ölkəmizin ərazi itkisi ilə barışmayacağı və vəziyyət bundan sonra da belə davam edəcəyi təqdirdə hərbi yolla işğaldan topaqlarını azad edəcəyi barədə özünəməxsus şəkildə xəbərdarlıq hesab edilə bilər. Xatırladaq ki, Azərbaycan ordusunun istehkamçı hissələrinin, həmçinin Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermmənistanda təşvişlə qarşılanıb. Mütəmadi olaraq Azərbaycan ordusu tərəfindən keçirilən hərbi təlimlər Ermənistanın siyasi dairələrində və ictimaiyyətində çaşqınlıqla qarşılanmaqda, düşmən ölkədə müharibə xofunu artırmaqdadır. Bunu erməni “politoloq”ların məsələ ilə bağlı sərsəm açıqlamaları da sübut etməkdədir. Məsələn, Daşnaksütyun Partiyasının rəsmisi Kiro Manoyan mətbuata açıqlamasında beynəlxalq aləmi, o cümlədən ATƏT Minsk Qrupuna həmsədr ölkələri bölgədə yeni müharibə başlamasına izn verməməyə çağırıb. O eyni zamanda iddia edib ki, Naxçıvandakı hərbi təlimlər İrana da təhlükədir. Manoyanın bu açıqlaması isə əslində müharibə qorxusu altında İranı da “oyun”a cəlb etmək sərsəmləməsindən başqa bir şey deyil.Ermənistan əhalisinin və ictimaiyyətinin panikaya düşməsinin qabağını almaq üçün erməni generallar hərbi təlimlərin müharibə demək olmadığını, savaş zamanı fərqli vəziyyətin meydana çıxacağını iddia edirlər. Üstəlik əhalini “ruhlandırmaq” üçün general-mayor Arkadi Tadevosyan Bakı ətrafındakı strateji obyektləri, o cümlədən neft mədənlərini vuracaqları ilə hədələyib. Amma general unudur ki, Azərbaycan da qarşı tərəfin strateji obyektlərinə, o cümlədən Metsamor AES-ə zərbə endirmək imkanlarına malikdir. Metsamorun vurulması isə öz növbəsində Ermənistanı insan yaşmayan əraziyə çevirə bilər. Beləliklə hadisələrin gedişi göstərir ki, Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlər Ermənistanda müharibə xofunu artırmaqdadır. Bəs hərbi təlimlər bölgədə yenidən müharibənin başlamasına gətirib çıxara bilərmi? Məsələ ilə bağlı “Yeniavaz.com”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycan ordusunun istənilən an işğal altında olan torpaqlarını azad etməyə qadir olduğunu vurğuladı: “Azərbaycan ordusunun hərbi təlimləri ilin əvvəlində hazırlanmış plana uyğun şəkildə keçirilir. Yənı bu hərbi təlimlər öncədən planlaşdırılıb. Eyni sözləri dünən Naxçıvanda başa çatan birgə Azərbaycan-Türkiyə hərbi təlimləri haqqında da demək olar. Təbii ki, hərbi təlimlərdən məqsəd ordumuzun döyüşə yüksək səviyədə hazırlaşmasının təmin edilməsidir. Ona görə də ordumuzun keçirdiyi hərbi təlimlərdən Ermənistan əhalisinin təşvişə düşməsinin və bunun onlarda müharibə xofunun artırmasının Azərbaycana heç bir dəxli yoxdur. Hər halda Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Təcavüzkar dövlətə isə ordumuz gec-tez öz yerini göstərərək ona layiq olan cavabı verəcək”.

Hərbi ekspert erməni generalların, o cümlədən Arkadi ter-Tadevosyanın, həmçinin “politoloq” Manoyanın məsələ ilə bağlı açıqlamalarını dəlinin sayıqlamalarına bənzətdi: “Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Tadevosyan da, Manoyan və digərləri də bunu yaxşı bilirlər. Əgər ordumuzun keçirdiyi hərbi təlimlərlə bağlı Ermənistan müharibə xofundan qurtarmaq istəyirsə, onda işğal altında olan torpalqarımızdan qoşunlarını çıxarsın. Əks halda hərbi təlimlər vaxtı çatanda irimiqyaslı döyüşlərin başlamasına yol açacaq”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN