Azərbaycan Ordusu dünənimizin, bu günümüzün və gələcəyimizin qürurudur

0
703

Əziz Mustafa

Azərbaycan Milli Ordusunun yaradılmasının 98 ili tamam olur

İyun ayının 26-da Azərbaycan xalqı özünün milli ordusunun yaradılması gününü təntənəli şəkildə qeyd edəcək. Bu tarixi gün ərəfəsində biz fəxrlə və qürurla deyə bilərik ki, Azərbaycan istənilən döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyə hazır olan Milli Ordu yarada bilib və onunla fəxr edə bilər. Amma o uzaq günlərdə, 1918-ci ildə Azərbaycana onun müstəqilliyini və ərazi bütövlüyünü qorumağa qadir olan milli ordunun yaradılması heç də asan başa gəlməyib. Azərbaycan müstəqilliyini əldə etdiyi və Şərqdə ilk demokratik dövlət yaradıldığını bütün dünyaya bəyan etməsindən sonra günümüzdə olduğu kimi, bu dövlətin ərazi bütövlüyünü və suverenliyini qorumağa, ona xaricdən gələn istənilən təhlükəni dəf etməyə qadir olan Milli Ordu yaradılmasına ciddi ehtiyac duyulurdu. Bununla əlaqədar Azərbaycan Respublikasının dövlət arxivlərində saxlanılan çoxsaylı sənədlərdə o dövrdə Azərbaycan Demokratik Respublikası rəhbərləri tərəfindən Milli Ordunun yaradılması prosesinin olduqca ağır şəraitdə getdiyi əksini tapıb. Belə ki, həmin dövrdə Azərbaycan bizə düşmən olan dövlətlərdən, həmçinin Denikinin komandanlığı altında olan ağqvardiyaçıların, daşnak quldur dəstələrinin və ingilis qoşunlarından gələn təhlükə qarşısında tək qalmışdı. Necə deyərlər, gənc dövlətimiz hər tərəfdən düşmən əhatəsində idi. Təsadüfi deyildi ki, parlamentin 1918-ci ilin dekabr ayının 26-da keçirilən iclasında Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski tərəfindən elan edilən Azərbaycan Respublikasının Bəyannaməsində deyilirdi: “Bizim sülhsevərliyə susamağımızın sərhəd bilməməsinə baxmayaraq, hökumətimiz öz milli maraqlarını və hüquqlarını qorumaq üçün canlı qüvvəyə – orduya arxalanmalıdır. Ona görə də hökumətin başlıca vəzifələrindən biri, ölkənin ərazi bütövlüyünü qorumağa qadir güclü bir ordunun yaradılmasıdır. Bu ordu, şübhəsiz ki, ona lazım olan bütün vasitələrlə, o cümlədən silahla, ərzaqla, bir sözlə, lazımi əsgəri təchizatla təmin edilməlidir. Hökumət ləncimədən yeni ordunun təşkilinə başlamalıdır…”

Onu da deyək ki, Azərbaycan Milli Ordusunun yaradılması prosesinə Azərbaycanın müstəqilliyini elan etməsinin ilk günlərindən başlanılmışdı. Hələ 1918-ci il, may ayının 28-də Azərbaycan Respublikası Milli Şurası tərəfindən belə qərar qəbul edilmişdi: “Müvəqqəti hökumət aşağıdakı tərkibdə təsdiq edilsin…

Hərbi nazir Xosrov Paşa bəy Sultanov…”

Elə həmin ildə artilleriya generalı Səməd bəy Mehmandarov Azərbaycan xalqına müracət etdi. Müraciətdə deyilirdi: “Bu ilin yazında Azərbaycan özünün müstəqil dövlətçilik yolunu seçdi. Həmin andan da Azərbaycanı idarə edənlərin bütün səyləri ölkədə anarxiyaya, özbaşınalığa yol verməməyə, qanunların pozulduğu yerdə onun aliliyini bərpa etməyə yönəlib. Bununla bağlı hökumətin qəbul etdiyi qərarlardan biri də ölkəmizin öz hərbi qüvvələrinin yaradılması, Azərbaycan Ordusunun təşkil edilməsidir. Azərbaycan Ordusunun yaradılmasına baş vurulan qızğın günlərdə ölkəmizə türk əsgərləri gəldilər. Bu ordunun zabitləri Azərbaycan Ordusunun yaradılması, saxlanılması və onlara təlim keçilməsi funksiyasını öz üzərlərinə götürdülər…

Mən bütün ölkə əhalisinə bizim əziz vətənimiz adından müraciət və xahiş edirəm: Vətənə məhəbbət naminə yüksək vətənpərvərlik nümayiş etdirərək, mənə yeni ordunun formalaşdırılmasında, ölkədə qanun-qaydanın təmin edilməsində yardım edəsiniz. Bu məqsədlə hərbi çağırışçıların hamısını göstərilən hərbi dislokasiya yerlərinə gəlməyə çağırıram. Vətən, doğmaları və dostları qarşısında müqəddəs borclarını yerinə yetirməyi unudanlar bilsinlər ki, onlar buna görə sərt şəkildə cəzalandırılacaqlar”

1919-cu ilin fevral ayında hərbi nazir, artilleriya general mayoru Səməd bəy Mehmandarov daha bir əmr imzaladı: “Köməkçim, general-leytenant Şıxlinskiyə əmr edirəm: Təcili şəkildə ağır artilleriya divizionu formalaşdırılsın. Bu işə isə, ilk növbədə, haubitsa batareyasının təşkil edilməsindən başlanılsın”.

Azərbaycan Ordusu həmin dövrdə, necə deyərlər, boş bir yerdə yaradılırdı. Ona görə də yeni ordunun formalaşdırılması zamanı çoxlu sayda problemlər ortaya çıxırdı. Bunu həmin dövrdə Mehmandarovun yazdığı qeydlərdə də aydın görmək olar. General 1919-cu il aprel ayının 2-də yazırdı: “ Zaqafqaziya Respublikası dağıldıqdan sonra Zaqafqaziyanın Xəzər dənizi sahillərini və İranla sərhədi əhatə edən Şərq hissəsi indiki Azərbaycanın ərazisini təşkil edir. İran zəif ölkə olduğundan Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilirdi. Ona görə də Rusiyanın hərbi baxımdan bütün diqqəti Türkiyəyə və onunla sərhəd ərazilərə yönəlmişdi. Belə ki, həmin yerlərdə aşağıdakı hərbi birləşmələr və böyük miqdarda hərbi ehtiyat toplanmışdı: 1. Hərbi sursatla, ərzaqla, artilleriya, hərbi ehtiyatlarla kifayət qədər təmin edilən və alınmaz qalalara çevrilən Qars və Batumi. 2. Aleksandropolda, Tiflisdə geniş həcmdə artilleriya anbarları, təmir emalatxanaları, genişhəcmli müdafiə sədləri üçün bazis. Tiflisdə, Kutaisidə, Batumidə, İrəvanda, Qarsda, Sarıqamışda, Qafqaz ordusunun ehtiyaclarının tam şəkildə ödənilməsinə xidmət edən çoxsaylı və hər cəhətdən təmin edilən kazarmalar, hərbi xəstəxanalar, intendant və artilleriya anbarları mövcuddur. 3. Sarıqamışa qədər uzanan strateji dəmir və şose yolları şəbəkəsi. Amma Azərbaycan yuxarıda göstərilən səbəblər üzündən bütün bunlardan məhrumdur. Xüsusən ən böyük varidat (Rusiyadan) Gürcüstana qalıb. Hətta çoxsaylı xəzinə binaları və qarnizonlar, Qafqazın idarə edilməsi üzrə Baş İdarənin olduğu Tiflisi nəzərə almadan belə Gürcüstanın ən kiçik əyalət şəhərləri belə (Qori, Duşet) gözəl, hər cəhətdən təmin edilən kazarmalara malikdirlər. Bunu ona görə deyirəm ki, hərbi nazirdə qonşularla müqayisədə bizə ordu yaratmaq üçün daha çox maliyyə vəsaitinin lazım gələcəyi barədə aydın təsəvvür yaransın”.

Buraya onu da əlavə edək ki, Gürcüstanla müqayisədə Azərbaycanda olan azsaylı hərbi tikililər müharibə və anarxiya nəticəsində daha çox zərər görmüşdülər. Yuxarıda general tərəfindən gətirilən faktlar heç kimə hücum etmək niyyətində olmayan Azərbaycana özünün təhlükəsizliyini təmin etmək üçün lazım idi. Bütün bunlar da ordunun yüksək döyüş qabiliyyətinə malik olması üçün kazarmalara, hərbi təyinatlı təmir emalatxanalarına, anbarlarına və bu məqsədlə güclü maliyyə yardımına ehtiyacının olduğunu göstərir. Nəqliyyat kommunikasiya şəbəkələrinin dağıldığı, Rusiya və Avropa bazarlarına Azərbaycanın yolunun kəsildiyi, rublun kursunun düşdüyü bir vəziyyətdə həmin dövrdə adıçəkilən vəzifələrin həyata keçirilməsi üçün nə qədər maliyyə vəsaiti lazım gəldiyini təxmini olsa da söyləmək çətindir. Məsələn, təkcə bir batareyanın hərbi ehtiyaclarının təmini üçün nə qədər maliyyə vəsaitinin lazım olduğunu hesablamaq belə mümkün olmurdu. Ümumiyyətlə, artilleriyanın ehtiyaclarının ödənilməsi üçün böyük miqdarda hərbi təyinatlı malların alınması imkanlarını xaricdə axtarmaq lazım gəlirdi.

Mehmandarov yazırdı: “Çünki böyük dövlətlərin öz hərbi güclərinin bir hissəsini ehtiyata göndərməsi zamanı yaranan artıq ehtiyatların alınması lazım gələcək. Bunu isə həmin dövlətlərin və onların müttəfiqləri ilə razılaşdırmalı olacağıq”.

Bütün bunları nəzərə alan Azərbaycan Hərbi Nazirliyi ordunun ehtiyaclarının ödənilməsi məqsədi ilə ən cüzi imkanlardan belə istifadə etməyə çalışırdı. 1919-cu il iyun ayının 4-də Nazirlər Şurasının sədrinə Mehmandarov belə bir hesabat təqdim etmişdi. Hesabatda deyilirdi: “Yaxın günlərdə ingilislər Zaqafqaziyanı tərk edəcəklər. Bunu nəzərə alaraq xahiş edirəm: əgər imkan tapsanız, ingilislərdən silah, hərbi texnika, hərbi sursat, atlar, katerlər, hərbi geyim və ümumiyyətlə, bizim ordumuzun ehtiyacı üçün lazım olan bütün əşyaların alınması məqsədilə onlarla danışıqlar aparacaq xüsusi nümayəndə təyin edəsiniz”.

1919-cu il, sentyabr ayının 19-da Azərbaycan Respublikası hərbi idarəsinin verdiyi əmrdə deyilirdi: “Baş Artilleriya İdarəsinin rəisi, general-mayor Tlexasın rəhbərlik etdiyi xüsusi komissiya bizim üçün böyük əhəmiyyət kəsb edən silah və digər hərbi təyinatlı vasitələr almaq üçün mənim tərəfimdən Gürcüstana göndərilmişdir. Bir sıra ciddi maneələrin olmasına baxmayaraq, qısa müddətdə sərfəli qiymətlərlə çox ehtiyac duyduğumuz hərbi ləvazimatı almış və onları Gəncə və Bakıya göndərmişik. Aldığımız avadanlıqların çoxu yenidir, istifadədə olanlar isə işlədilmək üçün yararlıdır. Tapşırığı belə yüksək səviyyədə yerinə yetirdiyi və bu zaman işinə vicdanla, məsuliyyətlə yanaşdığı üçün Tlexasa səmimi təşəkkür edirəm. Həmçinin bu işdə böyük xidməti olan, alınan texnikanın seçilməsi və Vətənə göndərilməsində əməyi olan bütün komissiya üzvlərinə təşəkkür edirəm”.

Bununla əlaqədar general-mayor Tlexas 1919-cu il sentyabr ayının 2-də Azərbaycan Demokratik Respublikası Hərbi Şurasına etdiyi məruzəsində yazırdı: “ Gəncə hərbi zavodunun layihəsini, ştatını, texniki avadanlıqlar üçün smeta dəyərini sizə təqdim edirəm. Bildirirəm ki, yalnız bu layihənin qəbulu nəticəsində Gəncədəki hərbi zavod tam gücü ilə işləyə biləcək və Azərbaycanın hərbi-texniki ehtiyacları üçün lazım olan və böyük ehtiyac duyulan hərbi təyinatlı məhsullar istehsal edəcək. Lakin hazırda Gəncə artilleriya emalatxanası texniki baxımdan həddindən artıq zəif təsir bağışlayır. Burada dəzgahlarin işləməsi üçün mühərriklər, iş alətləri, ehtiyat materiallar yoxdur. Hətta kustar üsullarla belə hərbi ehtiyaclar üçün adi bir əşya hazırlamaq mümkün deyil. Buna baxmayaraq, ordunun texniki ehtiyacları lazım gələn səviyyədə təmin edilir. Çünki məhdud sayda da olsa ehtiyat üçün saxlanılan hərbi təyinatlı məhsullar ordunun ehtiyacı üçün istifadə edilir. Bu ehtiyatlar tükənəndən sonra isə ordunun ehtiyat hissələrlə təminatında problemlər yaranacaq və onları haradansa almaq mümkün olmayacaq. Bütün bunları nəzərə alaraq təcili şəkildə Gəncə hərbi zavodunun texniki avadanlıqlarla təchizi üçün ilkin işlərə başlanmalıdır. Bu məqsədlə Bakıdakı zavodlardakı mühərrikləri və dəzgahları Gəncəyə göndərmək lazımdır”.

Azərbaycan hökuməti vəziyyətin ağırlığını başa düşürdü və bunu nəzərə alaraq, Milli Ordunun hərbi texniki ehtiyaclarının ödənilməsi məqsədi ilə bəzi lazımi tədbirlər həyata keçirdi. Buna paralel olaraq, ordunun yüksək səviyyəli hərbi kadrlarla təmini üçün də işlər həyata keçirildi. Bununla bağlı Azərbaycan Respublikası dövlət arxivlərində saxlanılan sənədlərdə də həmin dövrdə ordunun texniki təminatı, ordunun yenidən təşkili və bununla əlaqədar ortaya çıxan nöqsanların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən bəhs edilir. Məsələn, hərbi nazirin 1919-cu il sentyabr ayının 21-də verdiyi əmrdə deyilirdi: “Dəfələrlə mənim tərəfimdən yazılı və şifahi şəkildə verilən əmrlərə baxmayaraq, orduda hərbçilər arasında əlbəyaxa davalar davam etməkdədir. Polklarda bu metoddan praktikada geniş şəkildə istifadə edilir. Nəhayət, anlamaq lazımdır ki orduda baş verən belə neqativ hallar hərbi hissələrin özbaşına tərk edilməsinə və onların dağılmasına aparıb çıxarır. Ona görə də əlbəyaxa döyüş həvəskarlarının hərbi intizam haqqında qanunlarla tanış olmasını və onların bununla bağlı hansı məsuliyyət daşıdıqlarını anlamalarını istəyirəm. Hərbi diviziyaların komandanları və zabitləri orduda baş verən bu cür neqativ halların qarşısını almaq üçün bütün imkanlarından istifadə etməli və belə hallar barədə mənə məlumat verməlidirlər. Bu əmr bütün rotalarda, batareyalarda və hərbi hissələrdə elan olunsun…”

Azərbaycan Respublikası Hərbi İdarəsinin 1919-cu il sentyabr ayının 21-də verdiyi digər bir əmrdə isə deyilirdi: “Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 27-də ölkə Dövlət dili haqqında qəbul etdiyi qərara əsasən, ölkə ərazisində, o cümlədən hərbi hissələrdə yazışmalarda türk dilindən istifadə edilsin. Mərkəzi Bakı şəhərində yerləşən Baş Qərargahda zabitlərin türk dilini öyrənməsi məqsədilə ikimərhələli axşam kursları açılıb. Birinci mərhələ türk dilini tamamilə bilməyən hərbçilər üçün nəzərdə tutulub. İkinci mərhələdə isə türk dilini şifahi şəkildə bilən, ancaq onun yazılı qanun-qaydalarından, türk ədəbiyyatından və türk tarixindən xəbərdar olmayanlar savadlarını artırmalıdırlar”…

Hərbi nazir arzu edir ki, türk dilini bilməyən, ancaq Azərbaycan Ordusunda hərbi xidmət etmək arzusunda olan bütün hərbçilər türk dilini və qrammatikasını öyrənmək məqsədilə təşkil edilən kurslarda bu dili öyrənsinlər: “Belə kurslar hərbi hissələrin yerləşdikləri bütün ərazilərdə hərbi müəssisələrdə və qarnizonlarda təşkil edilməlidir.”

Həmin dövrdə orduda nizam-intizamın təmini, ordunun döyüş qabiliyyətinin artırılması daim diqqət mərkəzində olduğu üçün bu məsələlərə dönə-dönə qayıdılırdı. Çünki Azərbaycanın taleyi ordunun döyüş qabiliyyətinin yüksəldilməsindən əhəmiyyətli şəkildə asılı idi. Azərbaycanı həmin dövrdə cənubdan Ermənistan adlı təcavüzkar bir dövlət hədələyirdi. Daşnaklar qədim Azərbaycan əraziləri olan Zəngəzur, Göyçə, Vedi, İrəvan, Dərələyəz, Qafan və digər yurd yerlərimizdə dinc əhalini qətlə yetirir və oralarda etnik təmizləmə aparırdılar. Eyni zamanda Qarabağın dağlıq hissəsində yaşayan ermənilər də Azərbaycana qarşı tez-tez silahlı qiyam qaldırırdılar. Şimaldan isə ağqvardiyaçılar və bolşevik Rusiyası hər an Azərbaycana hücum etmək üçün bəhanə axtarırdılar. Xəzərdən də Azərbaycan üçün hərbi təhlükə mövcud idi. Belə bir vəziyyətdə isə ordunun möhkəmləndirilməsi Azərbaycan hökuməti üçün birinci dərəcəli məsələlərdən idi. 1919-cu il dekabr ayının 22-də parlamentin iclasında yenidən təşkil edilən Azərbaycan hökumətinin rəhbəri N. Usubbəyov çıxış etdi. O, çıxışında: “Biz Azərbaycanın təhlükəsizliyinin təmini və onu hədələyən güclərdən müdafiə edilməsi üçün son damla qanımıza qədər mübarizə aparmağa hazır olacağıq. Bu məqsədlə vaxt itirmədən biz müvafiq qərarlar qəbul etməliyik. Bu baxımdan əsas vəzifəmiz hərbi qüvvələrimizdə qanun-qaydanın möhkəmləndirilməsi və onun döyüş qabiliyyətinin artırılmasıdır. Bu sahədə artıq biz böyük uğurlara nail olmuşuq. Azərbaycan xalqı azad və müstəqil həyat yaşamaq istəyir. Bunun üçünsə o (xalq) anlayır ki, güclü olmaq lazımdır. Bu güc bizə kimə isə hücum etmək üçü deyil. Bu güc bizə öz təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü, milli sərvətlərimizi qorumaq üçün lazımdır. Bu çərçivədə hərbi mükəlləfiyyət hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs borc olmalıdır”.

Azərbaycan hökumətinin qısa müddətdə Vətəni müdafiə etməyə qadir güclü bir ordu yaratmaq cəhdləri uğurla başa çatdı. Bir il ərzində 40 min nəfərdən ibarət istənilən hərbi tapşırığı yerinə yetirməyə qadir olan mütəşəkkil bir ordu yaradıldı. Halbuki həmin dövrdə Milli Ordunun təşkil edilməsi üçün zabit kadrları çatışmırdı. Heç bir hərbi təcrübəyə malik olmayan əhali isə hərbi işə maraq göstərmirdi. Amma bütün bu problemlər Azərbaycan hökuməti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində həllini tapdı. Bir məsələni də deməyi və xatırlatmağı özümüz üçün şərəf və müqəddəs borc hesab edirik: Azərbaycan Ordusunun formalaşmasında və təşkilində, onun döyüş qabiliyyətinin artırılmasında qardaş Türkiyədən gələn zabitlər mühüm rol oynadılar. Onların çoxu Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şirin canlarından keçdilər. Bu müqəddəs gündə onların və Vətən uğrunda şəhid olan bütün Milli Ordu əsgərlərinin qarşısında baş əyirik. Yeni yaranan Azərbaycan Ordusu Qarabağın dağlıq hissəsində erməni qiyamının yatırılmasında tarixi bir vəzifəni həyata keçirdi. Təəssüflər olsun ki, bolşevik Rusiyası tərəfindən həyata keçirilən işğalçılıq siyasəti nəticəsində və onların nökərləri olan yerli satqınların əli ilə Azərbaycan Xalq Cümhuriyyəti devrildi, ərazilərimiz isə düşmən tərəfindən işğal edildi. Bolşevik Rusiyasının əli ilə Milli Ordumuzun zabitlərinə divan tutuldu, 20 min nəfərdən yuxarı zabit və generalımız məhkəməsiz güllələndi. Amma Azərbaycanı bununla sındırmaq mümkün olmadı. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və ordumuzun möhkəmləndirilməsi üçün həyata keçirdiyi tədbirlərdən sonra isə Azərbaycan Ordusu bölgədə istənilən tapşırığı yerinə yetirməyə qadir bir orduya çevrilib. Bunu Azərbaycan ordusunun aprel ayında düşmənə qarşı həyata keçirdiyi 4 günlük müharibə və ərazilərimizin bir hissəsini azad edərək onlara ağır zərbə vurması da bir daha təsdiq etmiş oldu. Necə deyərlər, qüdrətli Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi mənfur düşməndən azad edəcəyi gün uzaqda deyil.

BIR CAVAB BURAXIN