Azərbaycan indiyədək İsraildən 5 milyard dollarlıq silah alıb!

0
652

14816347193931317185-1000x669

“İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır”. Bunu dekabrın 13-də prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirib: “Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik”.

Prezident ikitərəfli əlaqələr, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələlərin müzakirə edildiyini bildirib: “Müzakirələr çox açıq, dostluq şəraitində keçib. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək.

Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab Baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var”.

Prezident İlham Əliyev turizmin potensial inkişaf üçün əsas sahələrdən biri olduğunu bildirib: “Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var”.

“Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”, – deyə prezident qeyd edib.

Prezident iki xalq arasındakı əlaqələrin ikitərəfli əməkdaşlığın mühüm hissəsi olduğunu qeyd edib: “Çünki Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Mərhum Prezident Şimon Peres bizə videomüraciət ünvanlamışdı. Mən şadam ki, cənab Baş nazir bu Təhsil Mərkəzinə baş çəkmək və yəhudi icmasının nümayəndələri ilə görüşmək üçün sıx qrafikində vaxt tapıb.

Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə – Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də – 25 illik müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir. Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun dininə və ənənələrinə olan hörmətdən başlayır. Yeri gəlmişkən, demək istərdim ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada multikulturalizmin beynəlxalq mərkəzlərindən biri kimi tanınır. Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi təbliğ edir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Lakin yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir”.

“19 il əvvəl Bakıya ilk ziyarətimi çox yaxşı xatırlayıram. Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davam və inkişaf edir”. APA-nın xəbərinə görə, bunu dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahusənədlərin imzalanması mərasimindən sonra prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Deməliyəm ki, bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Əlbəttə, hava limanında yerə endikdə, maşına mindikdə şəhərdə, Bakı ətrafında bunu daha aydın görə bildik. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram”, – deyə Benyamin Netanyahu qeyd edib.

B. Netanyahu əməkdaşlıq etmək üçün bir çox sahələrin olduğunu qeyd edib:“Aydındır ki, bizim energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə ölkəmizin neft idxalının ciddi bir hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. İsrailin qaz idxalını bu gün biz burada danışarkən inşası davam edən Azərbaycandan Türkiyəyə böyük boru xəttinə calışdırılmasından danışırıq. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir. Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir”.

“Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır. Bir misal olaraq süd məhsullarını göstərə bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır. Bu hal bir çox sahələrdə təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq”, – deyə Benyamin Netanyahu qeyd edib.

“Lakin düşünürəm ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir.İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir” – deyə B. Netanyahu qeyd edib.

Benyamin Netanyahu İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü”nün yaşadığını qeyd edib: “Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var.

Müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır”, – deyə Benyamin Netanyahu bildirib.

BIR CAVAB BURAXIN