Azərbaycan ATƏT MQ-nin vasitəçiliyindən imtina edə bilər…

0
441

ABŞ Nümayəndələr Palatasında Türkiyə əleyhinə ardıcıl olaraq iki qətnamənin qəbul olunması, həmçinin Qarabağ separatçılarının Konqresdə qəbul edilməsi təbii olaraq sərt etirazlar doğurub. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən birinin nümayişkaranə şəkildə erməni maraqlarını müdafiə etməsi Vaşinqtonun ədalətinə olan şübhələri qat-qat artırıb.

Bu mənada Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtinası ilə bağlı fikirlər yenidən aktuallıq qazanıb. Rəsmi Bakı ABŞ-a nota verəcəyini bəyan edib. Bundan əvvəl Azərbaycan XİN Rusiya və Fransaya da nota verib, bu ölkələrin ermənipərəst mövqeyinə açıq şəkildə etirazını bildirib.

Bu arada Rusiya XİN başçısının mövqeyi diqqət çəkir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Tomas Qremingerlə Moskvada danışıqlarından sonra bildirib ki, Moskva ATƏT-in Qarabağ münaqişəsinin həllinə yönələn səylərini dəstəkləyir. “Biz ATƏT-in Trans-Nistru məsələsinin həlli, Dağlıq Qarabağla bağlı razılığa nail olmaq istiqamətindəki fəaliyyətini dəstəkləyir, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrinin əhəmiyyətini qeyd edirik” – rusiyalı nazir vurğulayıb. Ancaq ATƏT-in sərgilədiyi fəaliyyət nəticəsində Qarabağ separatçıları ABŞ Konqresinin qapılarını döyməyə müvəffəq olublarsa, burada nəyin dəstəkləndiyi  məlum deyil.

İnsafən, S.Lavrov növbəti açıqlamasında ədalətli davranıb. Söhbət onun Ermənistan müdafiə nazirinə cavabından gedir. “Bu kimi bəyanatlar yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan işə kömək etmir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremmingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında Ermənistan müdafiə naziri David Tonoyanın “Dağlıq Qarabağ məsələsi həll olunub” bəyanatı ilə bağlı suala cavabında deyib (APA). Nazir bildirib ki, hər iki tərəfdən səslənən emosional bəyanatlar işə kömək etmir: “Mövqeləri yaxınlaşdırmaq və güzəşt əldə etmək üçün həmsədrlərin davamlı səyləri lazımdır”.

“Lavrovun da dediyi kimi, ötən payızdan bəri danışıqlarda müsbət dinamikanı müşahidə etmirik. Mən deyərdim ki, ola bilsin, danışıqlar nisbətən yavaşıyıb. Lakin biz ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada ATƏT Nazirlər Şurasının görüşü çərçivəsində keçirilməsi planlaşdırılan görüşündən sonra müsbət dinamika güclənəcək”. Bunu isə ATƏT-in Baş katibi Tomas Qremminger deyib. “Biz məmnuniyyətlə müsbət məqamı izləyirik, hər iki tərəf sakit və stabil vəziyyəti saxlamağa davam edir. Bu, təmas xəttində olan həm mülki vətəndaşların, həm də döyüşçülərin həyatı, təhlükəsizliyi üçün vacibdir”, – deyə baş katib qeyd edib.

Tərəflər arasında etibarın yaradılmasına gəlincə, baş katib bu istiqamətdə müəyyən addımlar atıldığını deyib: “Lakin jurnalistlərin qarşılıqlı səfərləri, saxlanılanların dəyişdirilməsi kimi etibar yaradacaq addımlar hələ ki reallaşdırılmayıb. Ümid edirəm ki, gələcəkdə bunlar da reallaşacaq”.

Qardaş Türkiyədən isə növbəti dəstək gəlib. “Azərbaycanın işğal edilmiş torpaqları məsələsinin BMT-nin əlaqədar qərarları çərçivəsində həllini dəstəkləyirik”. Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu VI İstanbul Vasitəçilik Konfransında çıxışı zamanı bu sözləri deyib. “Dağlıq Qarabağ probleminin və Azərbaycanın işğal edilmiş torpaqları məsələsinin diplomatiya yolu ilə BMT Təhlükəsizlik Şurasının və Avropa Şurasının qərarları çərçivəsində həllinin tərəfdarıyıq. Məsələnin həlli üçün bu il daha çox səy göstərəcəyik”, – deyə Çavuşoğlu qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin həyata keçirilməsinə də münasibət bildirib. Deyib ki, saxlanılanların mübadiləsi məsələsində nikbinlik azdır. “Ümid edirik ki, bu, baş verəcək”, – deyə o vurğulayıb.

Rusiya XIN başçısı bu ilin aprelində Moskvada Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün keçirildiyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında humanitar tədbirlərin keçirilməsinin ətraflı müzakirə edildiyini söyləyib. “Çox açıq müzakirələr getdi. Həlak olanların meyitinin və saxlanılanların mübadiləsini, habelə jurnalistlərin qarşılıqlı səfərlərini müzakirə etdik”, – deyə S. Lavrov qeyd edib.

“İrəvan isə hələ ki təxribatlarından əl çəkmək niyyətində deyil. Elə Qazax rayonu istiqamətindəki son atışmalar da bunu təsdiqləyir. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) 28 oktyabr bəyanatı faktiki olaraq bu ölkənin öz işğalçı siyasətinin mahiyyətini ifşa etməsidir”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, Ermənistan XİN-in 25-26 oktyabr Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) yekun sənədi ilə bağlı bəyanatının dünya dövlətlərinə qarşı hörmətsizlik olduğunu bildirib: “Latın Amerikası, Yaxın Şərq, Afrika, Asiya və s. ölkələrinin Bakıda sammitə qatılması, 60 dövlət və hökumət başçısının, eləcə də çoxsaylı ölkə nümayəndələrinin Azərbaycana gəlməsi əlbəttə ki, Ermənistanı qıcıqlandırır, onları narazı salır. Çünki qətnamədə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü tanınır. Ermənistan QH-nın yekun sənədinə qarşı bəyanatla çıxış etməklə faktiki olaraq dünya birliyinə qarşı çıxır və özünü avtomatik olaraq təcrid vəziyyətinə salır. Ona görə də düşünürəm ki, QH buna diplomatik müstəvidə reaksiya verməlidir”.

Fikrət Sadıqov ile ilgili görsel sonucu

F.Sadıqov Ermənistanın bu qəzəbinin Azərbaycanın diplomatik uğuru olduğunu söyləyib. Politoloq həmçinin bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyi üç il ərzində Ermənistana qarşı təcrid siyasətini genişləndirəcək: “Şübhə etmirəm ki, qarşıdakı üç il ərzində Azərbaycan əlindən gələni edəcək ki, Ermənistan təcrid vəziyyətdə qalsın, ona qarşı yeni qətnamələr qəbul olunsun. Azərbaycan eyni zamanda ərazi bütövlüyümüzün tam mənada tanınması, xarici siyasətdə müəyyən prioritetlərin qabarıq şəkildə həyata keçirilməsi və təbii ki, üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylər göstərəcək. Azərbaycanın hərəkata sədrliyi dövründə bu inkişaf bir sıra məsələlərlə yanaşı, Ermənistanı təcrid vəziyyətə salmaq, bu dövlətə qarşı diplomatik hücumlar etmək və siyasi addımlar atmaqla müşahidə ediləcək. Çünki Azərbaycan bu yolu seçib və bu yoldan dönməyəcək”.

Qeyd edək ki, 25-26 oktyabr 2019-cu il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının 18-ci dövlət və hökumət başçılarının zirvə görüşünün yekun sənədi ilə bağlı oktyabrın 28-də Ermənistan XİN bəyanat yayaraq, hərəkatın 120 üzv dövlətini Ermənistana münasibətdə məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edib.

*****

Müşahidələr bunu təsdiqləyir ki, Minsk Qrupu Ermənistanın təcavüzkar siyasətinə son qoyulması istiqamətində hər hansı səy göstərmək niyyətində deyil. Belə olan təqdirdə, yuxarıda qeyd etdiyimiz kimi, həmsədrlərdən imtina məsələsi təbii olaraq müzakirə predmetinə çevrilir.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, həmsədrlərdən imtina edə bilərik, ancaq bir şərtlə: “Bunun üçün savaşa hazır olmalıyıq. Çünki burada ATƏT-in vasitəçiliyindən tam imtinadan söhbət gedir. Hər üç ölkənin həmsədrləri ermənilərin maraqlarını ifadə edir. Belə bir durumda ciddi məsləhətləşmələr keçirib addım atılmalıdır”.

QAT sədri Akif Nağı ile ilgili görsel sonucu

QAT sədri Akif Nağı isə həmsədrlərin hamısından və ya hər hansı birindən imtinanı mümkün sayır: “Mexanizmini Xarici İşlər Nazirliyində daha yaxşı bilirlər. Amma öz məntiqimlə mən hesab edirəm ki, səbəb kimi göstərilməlidir ki, həmsədr ölkə Minsk Qrupunun mandatına uyğun hərəkət etmir, münaqişə tərəflərindən birinin maraqlarına uyğun davranır, qərəzli mövqedən çıxış edir və sair. Bundan başqa, imtina üçün siyasi iradə vacibdir. Bir məsələ də var ki, Azərbaycan bu cür hadisələr baş verəndə danışıqlardan imtina edə bilər. Məsələn, bir neçə dəfə olub ki, Ermənistan hansısa bəhanə ilə danışıqlardan qaçıb. Onları dilə də tutublar ki, danışıqları davam etdirin. Azərbaycanın kifayət qədər əsası var ki, danışıqlardan çəkilsin. Bu, həm də müharibə mesajı kimi qəbul olunacaq”.

Bir məqamı qeyd edək ki, son zamanlar həm Fransa, həm də ABŞ-dan Ermənistanı müdafiə istiqamətində açıq mövqelər sərgilənir. Bakının sərt etirazına səbəb olan bu addımların fonunda S.Lavrovun Tonoyana dolayı yolla sərt reaksiya verməsi maraqlıdır. Özü də Rusiya XİN rəhbəri bunu Şoyqu-Tonoyan görüşündən sonra açıqlayıb. Bəlkə də bu, bir balans yaratma cəhdidir. Ancaq o da istisna deyil ki, Lavrov Paşinyan hakimiyyəti ilə körpüləri yandırdığı üçün davamlı olaraq erməniləri pərt edir. Bundan əvvəl onun N.Paşinyanın sərsəmləməsinə də reaksiyası olmuşdu.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Ermənistan hakimiyyəti özünü zaman-zaman ifşa edir: “Biri deyir ”Qarabağ Ermənistandır”, başqası bildirir ki, “Qarabağ məsələsi bitib”. Əgər doğrudan da məsələ bitibsə, onda danışıqlar niyə aparılır? Deməli, ermənilərin bu kimi sərsəm fikirləri bizim əlimizi gücləndirir. Lavrovun siyasətindən, açıqlamalarından çox hallarda razı olmasaq da, deməliyik ki, axır vaxtlar o, Ermənistan hakimiyyətinin mövqeyinə tənqidi yanaşır. Bu cür ifşaedici açıqlamalar bizim əlimizi gücləndirir və tələb etməliyik ki, həmsədr ölkələr Ermənistan rəhbərliyinin danışıqları pozmağa yönəlik açıqlama və bəyanatlarına kəskin reaksiya versinlər”.

Hər halda, Qarabağ məsələsində “nə hərb, nə sülh” vəziyyəti davam edir. Buna “tufanqabağı sakitlik” də demək olar. Atəşkəsin pozulması isə düşmənə fəlakətlər vəd edir. Gözləyək…

Elşad Paşasoy,
“Yeni Müsavat”