Ayaz Mütəllibov Sərdar Cəlaloğlunu “qudurğanlıq” etməklə ittiham etdi

0
744
Azərbaycan Respublikasının eks-prezidenti Ayaz Mütəllibov ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

A.Mütəllibov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bu cür məsələlərin gündəmə gətirilməsi Azərbaycanın müstəqilliyinə təhdiddir:

“Bu cür məsələlərin ortaya atılmasına heç bir lüzum yoxdur. Azərbaycan müstəqil dövlətdir. Bu müstəqilliyi qan bahasına əldə etmişik. Konfederasiyaya gedən ölkələr az keçmir ki, müstəqillik üçün həsəd aparırırlar. Mən bu cür təkliflərin qəti əleyhinəyəm. Ümumiyyətlə, müxalifət adını daşıyan siyasətçilər bu cür məsələlərə baş qoşmamalıdır. Müxalifət nümayəndələri, o cümlədən Sərdar Cəlaloğlu Allaha şükür etsin ki, onlar müstəqil Azərbaycan dövlətində yaşayırlar. Bu cür təkliflər Azərbaycanın üzləşdiyi real vəziyyətlərə ziddir. Bu, qudurğanlıqdır. Mən bu cür təklifləri qeyri-ciddi hesab edirəm. Bu cür məsələləri qaldıran siyasətçilərə tövsiyə edirəm ki, ciddi olsunlar. Ciddi olmaq lazımdır. Çünki bu cür məsələləri qaldıran adamlar məsuliyyət daşıyır. Mən bu cür fikirləri məsuliyyətsiz bəyanat hesab edirəm”.

Sabiq prezident qeyd edib ki, hər hansı başqa dövlətin qoltuğu altına keçməyi arzulamaq müstəqilliyimizin ruhuna zərərdir:

“Mən bu cür məsələləri ortaya atan müxalifət nümayəndələrinə qarşı heç də geniş imkanlar yaratmazdım. Bu cür adamlar indiki hakimiyyətin müxalifət üçün yaratdığı imkanlardan sui-istifadə edirlər. Əslində, belələrinə imkan vermək olmaz. Bu müstəqilliyimizə qarşı olan məsələdir. Bu cür təkliflərdən uzaq olmaz lazımdır. Vaxtilə prezident olanda, mənə qarşı bir neçə cəbhə açılmışdı. Onlardan biri də Sərdar Cəlalğlunun yer aldığı cəbhə idi. Xalq Cəbhəsinin nümayəndəsi kimi Sərdar Cəlaloğlu mənə qarşı çıxışlar edirdi. Onlar mənə imkan versəydilər ki, mənim adımın hallandığı bir çox xoşagəlməz hadisələr olmayacaqdı. Mən Sərdar Cəlaloğlunu və onun qardaşı Qurban Məmmədovu tanıyıram. İndi onun qardaşı da xaricdən Azərbaycan əleyhinə elə çıxışlar edir ki, adam mat qalıb. Başqa hakimiyyət olsaydı, Sərdar Cəlaloğlu və qardaşı kimi adamlara bu qədər hümanist olmazdı. Bu hakimiyyət onun çox hərəkətlərinə dözümlü yanaşır.
Heç kəsə imkan vermək olmqz ki, çıxıb Azərbaycan əleyhinə danışsın. Mən də uzun müddət mühacirətdə yaşamışam. Ancaq bir nəfər belə deyə bilməz ki, nə vaxtsa çıxıb ölkəmin əleyhinə danışmışam. Bu cür adamlara müxalifət olsalar belə, bu qədər imkanlar yaratmaq olmaz. Əgər ortada Azərbaycanın müstəqilliyi və dövlətçiliyi məsələsi varsa, burada heç nəyə güzəşt olmaz. Hesab edirəm ki, iqtidar nümayəndələri də onun bu cür çıxışlarına irad tutmalıdır. Ümumiyyətlə, bütün müxalifət siyasətçiləri məsuliyyətli olmalıdır. Unutmamalıdırlar ki, onları Azərbaycan xalqı saxlayır. Xalqın iradəsinə zidd hərəkətlər olmamalıdır. Əsas məsuliyyət məhz budur. Azərbaycan xalqı keçmişlə bu günü çox doğru müqayisə etməyi və düzgün qiymət verməyi bacarır”.

Ayaz Mütəllibov vurğulayıb ki, əgər Sərdar Cəlaloğlunun xaricdən dayağı olmasaydı, o bu cür fikirləri işlətməzdi:

“Burada müstəqil Azərbaycanın gələcəyindən söhbət gedir. Ona görə də bu məsələdə hərtərəfli ciddi və məsuliyyətli olmaq lazımdır. Kiminsə gücünə arxalanmaq, xaricdən kimdənsə kömək ummaq düzgün yanaşma deyil. Bu gün hər bir dövlətin öz maraqları var. Böyük dövlətlərin öz maraqları olur, onlar hadisələrə buna uyğun münasibət sərgiləyir, öz milli maraqlarına uyğun addımlar atırlar. Bilirsiniz, demokratiyanın bir həddi olur. Bəzən demokratiyaya elə don geyindirilir ki, sanki bütün məsələlərdən öndə olmalıdır. Əslində demokratiya müəmmalı anlayışdır. Burada söhbət əsl müxalifətçilik və ya radikal müxalifətçiliyə yanaşmadan gedir. Allah hamımıza kömək olsun. Azərbaycan çox mürəkkəb geosiyasi maraqların ortasında yerləşən dövlətdir. Biz qəti səhv etməməliyik. Hər hansı bir səhv bizi indiki müstəqilliyimizə həsrət qoya bilər”.

BIR CAVAB BURAXIN