Avstriya jurnalında ermənilərin işğalçılıq siyasətinin mahiyyətini açan elmi məqalə yer alıb

0
803

 

Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dissertantı Hacı Abdullanın ingilis dilində “XIX – XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyanın demoqrafik nəticələri” sərlövhəli məqaləsi dərc olunub.

H.Abdulla AZƏRTAC-a bildirib ki, sənədlər, arxiv materialları, fakta söykənən məntiqi fikirlərin yer aldığı məqalə XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti arasında bölüşdürülməsi nəticəsində tarixi Zəngəzur mahalının yerli əhalisi olan türklərin (azərbaycanlıların-H.A) həyatında başlanan faciələrdən bəhs edir. Yazıda diqqətə çatdırılıb ki, Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm formalarından biri olan əhali köçürülməsi bölgənin demoqrafik vəziyyətində ciddi dəyişikliklərə gətirib çıxarıb. İndiki İran və Türkiyə ərazisindən köçürülən erməni əhalinin Zəngəzurda kütləvi yerləşdirilməsi və əksinə, yerli azərbaycanlıların soyqırımı, deportasiyası nəticəsində ermənilərin sayı ilbəil artmağa başlayıb.

Müəllifin sözlərinə görə, jurnalın redaksiya heyəti əvvəlcə erməni və xristian mövqeyindən çıxış edərək məqalənin dərc olunmasından imtina edib, ancaq sonra çoxlu sayda erməni, rus, ingilis müəlliflərin əsərlərindəki obyektiv istinadlarla razılaşıb.

Qeyd edək ki, “European Journal of Humanities and Social Sciences” jurnalının bu nömrəsində doqquz ölkəni təmsil edən 15 alimin, o cümlədən iki erməni müəllifin məqaləsi də yer alıb. Dərgidə yazılar rus, alman, ingilis dillərində dərc olunur, Avropanın əksər elm mərkəzlərinə, universitetlərinə göndərilir, saytlarda yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olun

BIR CAVAB BURAXIN