“The Daily Telegraph” qəzetində Isabelle Fraser yazır ki, tanınmış maliyyəçi Corc Soros Britaniya Avropa İttifaqından çıxarsa, funt sterlinqin iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib.
Corc Sorosun xəbərdarlığına görə Britaniyanın qarşıdan gələn referendumda Avropa İttifaqından çıxmaq qərarına gəlməsi, milli valyuta üçün tarixə “Qara cümə” kimi yazılmış 1992-ci il devalvasiyasından daha dağıdıcı ola bilər (1992-ci ildə maliyyəçi Sorosun funt sterlinqlə spekulyasiyası nəticəsində Birləşmiş Krallıq Avropa Valyuta Mexanizmini tərk etməli olmuşdu).
Soros yazır ki, Aİ-dən çıxmaq qərarı nəticəsində funt sterlinq 20 faiz dəyərdən düşə bilər.
1992-ci ildə funt sterlinqin devalvasiyası zamanı milli valyuta çəkisini 15 faiz itirmişdi.
Maliyyəçi inanır ki, Britaniyanın ittifaqdan çıxması bəzi insanları hədisz varlandırsa da, seçicilərin əksəriyyətinin yoxsullaşmasına səbəb olacaq.
“İngiltərə Bankını dağıtmış şəxs” kimi tanınan Soros vurğulayıb ki, Brexitdən ən çox qazanan maliyyə dəllalları olacaqlar.
Soros bildirib ki, “Qara çərşənbə” “Qara cümə” kimi müəyyən mənfəətlərə yol açmayacaq, çünki ixracatçılar qeyri-müəyyənliyə görə funt sterlinqdən imtina edəcəklər. Veteran maliyyəçi yazır ki, 1992-ci ilin devalvasiyası əslində ölkəyə xeyir gətirmişdi, çünki hökuməti qiyməti şişirdilmiş funtun dəyərini saxlamaq yükündən azad etmişdi.
O həmçinin bildirir ki, hazırda Britaniya xarici kapitaldan 1992-ci ildə olduğundan daha artıq asılıdır.
“Pul 1992-ci ildə olduğu kimi ölkəyə yox, ölkədən axacaq”, – deyə Soros yazır.
Corc Soros bunu da əlavə edir ki, bank faizlərini hazırda olduğundan daha aşağı səviyyəyə salmaq mümklün olmadığından mülkiyyət qiymətlərinin düşməsi və işsizliyin artması ilə yaranmış sabitsizliyi heç bir maliyyə mexanizmi ilə dayandırmaq mümkün olmayacaq.
Cənab Sorosun özünə gəlincə isə, o, 30 milyard dollarlıq sərvətinin çox hissəsini qızıla qoyub.
Görkəmli maliyyəçi bildirib ki, Britaniyanın çıxışı həm də Avropa İttifaqının sonunun başlanğıcı ola bilər (BBC).