AYİB seminarı Aİ və İsveçin maliyyə dəstəyi ilə azərbaycanlı qadın sahibkarlara biznes bacarıqlarını inkişaf etdirmək və maliyyə əldə etmək istiqamətində təlim keçir.
“Sahibkarlıqdan müəssisəyə doğru” seminarı
17-18 may 2017-ci il
—————-
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, əsas maliyyə anlayışlarını başa düşmək və bizneslərini böyütmək istəyən qadın sahibkarlar üçün təlim sessiyaları keçirməyə davam edir. Sonuncu dəfə keçirilən “Sahibkarlıqdan müəssisəyə doğru” seminarında iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən on altı qadın sahibkar iştirak etmişdir. .
“Biz qadın sahibkarların yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafına töhfə vermək baxımından çox mühüm rola malik olduğuna inanırıq. Qadın sahibkarları dəstəkləmək AYİB-in Azərbaycanda və regionda nəzərdə tutduğu prioritet istiqamətlərdən biridir. AYİB komandası Bakıda “Sahibkarlıqdan müəssisəyə doğru” seminarını təşkil etməyə müvəffəq olduğu və konsultativ layihələr, eləcə də sahibkarlığın inkişafı baxımından iştirakçılara kömək edə bildiyi üçün məmnunluq hissi duyur”, – deyə AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte bildirib.
“Sahibkarlıqdan müəssisəyə doğru” seminarı xüsusilə, təşkilati proseslərin optimallaşdırılması, korporativ idarəetmə və kiçik biznesdə qarşıya çıxan təşkilati problemlərin öhdəsindən gəlmək mövzularının nəzərdən keçirilməsi ilə biznesin təkmilləşdirilməsi məsələlərini əhatə edir. Biznesi böyütməyə hazırlaşarkən bu məsələlərin nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Bu seminar AYİB-in regionda həyata keçirdiyi “EU4Business” təşəbbüsü çərçivəsində Avropa İttifaqı, eləcə də İsveç və Erkən Keçid Dövründə Olan Ölkələr Fondu tərəfindən maliyyələşdirilən “İş Qadınları” proqramının bir hissəsidir. AYİB tərəfdaş maliyyə təşkilatları vasitəsilə qadınlar tərəfindən idarə edilən kiçik və orta sahibkarlıq fəaliyyətlərinə borc vermək məqsədilə regiona yönləndirilən kredit xətləri üçün 50 milyon avrodan artıq vəsait ayıracaqdır. Buna tərəfdaş banklara risklərin yüngülləşdirilməsi üçün maliyyə vəsaitlərinin və texniki yardımın, eləcə də qadın sahibkarlara biznes tövsiyələrinin, təlim və mentorluq dəstəyinin təmin edilməsi üçün 9 milyon avro məbləğində donor fondu də əlavə olunur. 2015-ci ildə start verilən proqrama bu günə qədər regionda 500-dən artıq qadın sahibkar cəlb edilib.