Avropa Rusiya sanksiyalarını uzatdı, amma Ukrayna məsələsində geri çəkildi

0
534

Avropa İttifaqı liderləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq barədə qərar qəbul ediblər.

Bundan əvvəl Fransa və Almaniya Ukraynaya dair Minsk razılaşmasına əməl olunmadığına görə Ruisyanı tənqid edirdilər.

Ümumiyyətlə isə Rusiyanın əvvəlcə Ukraynaya, sonra isə Suriyaya müdaxiləsi Aİ sammitində aparıcı mövzu olub.

Lakin İtaliya və Slovakiya Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsinə çağırıblar. Bu ölkələr bildirirlər ki, Moskva üzərinə qoyulmuş sanksiyalara görə Aİ ixracatçıları milyardlarla avro itirirlər.

Buna baxmayaraq, Aİ sammitinin keçirildiyi vaxt Rusiyanın Hələbi bombardman etməsi ona qarşı sanksiyaların yüngülləşdirilməsi perspektivini daha da uzaqlaşdırıb.

Odur ki, Avropa Rusiyaya qarşı 2014-cü ildə Krımın ilhaqından bəri qoyulmuş sanksiyaları qaldırmağı düşünmür.

Avropa Ukrayna məsələsində geri çəkilir

Bununla belə, bu sammit həm də Ukrayna barədə ümumi tonun dəyişməsi ilə yadda qalacaq.

Aİ bildirir ki, Hollandiyada Ukraynanın ittifaq üzvlüyünə dair referendumda “yox” cavabının alınması ilə bağlı siyasətinə müəyyən düzəlişlər etməli olub.

Ukrayna ilə bağlanmış assosiyasiya sazişində Avropa İttifaqına üzvlük perspektivi barədə maddə dəyişdirilib. İndi artıq Ukraynaya ittifaqa üzvlük təklif olunmur.

Bundan başqa Avropa İttifaqı Ukraynaya hərbi yardım öhdəliyi də götürmür və bildirir ki, bu məsələ hər bir ittifaq üzvünün fərdi işidir.

Başqa sözlərlə Avropa İttifaqı Ukrayna məsələsində xeyli geri çəkilmiş olur ki, prinsip etibarilə Moskvanın da tələbi bu idi.

Hərə öz hayında

Bu sammitdə Avropanın müdafiə sisteminin möhkəmləndirilməsi məsələsi də müzakirə olunub.

Brüssel Aİ-NATO münasibətlərinin bundan sonra da möhkəmləndiriləcəyini bildirsə də, ümumən öz müdafiəsini müstəqil qurmaq barədə fikirlər səsləndirir.

Burası da var ki, hələlik konkret olaraq Avropa Ordusu məsələsi gündəmə çıxarılmır. Bu ideya Avropa Komissiyasının rəhbərliyi tərəfindən ciddi təbliğ olunsa da, keçmişlərdə ona qarşı Britaniya çıxırdı. Lakin Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarı ilə vahid ordu məsələsi barədə fikirlər yenidən səslənir.

Polşa və Baltika ölkələri artmaqda olan Rusiya təhlükəsinə görə həyəcan keçirirlər.

ABŞ-da prezident seçilmiş Donald Trump seçki kampaniyası zamanı Vaşinqtonun NATO qarşısında öhdəlikləri məsələsini şübhə altına almışdı.

Təhlilçilər bildirirlər ki, onun administrasiyası bu siyasəti davam etdirsə, Avropanın alternativ müdafiə sistemi qurmaq ideyası ciddi şəkildə gündəmə gələcək.

Görünür elə buna görə də sammitdə müdafiə məsələsinin müzakirəsi yanvar ayına keçirilib.

BIR CAVAB BURAXIN