Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

0
1758

Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olub. Oktyabrın 6-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Prezidentimiz cənab  İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Şarl Mişel bununla bağlı dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Qarabağın erməni əhalisinin nümayəndələri ilə əlaqələrə də toxunub. Onun deməsinə görə, daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz: “Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır”.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktor müavini – Ariz Pənahov