Avronest PA-da erməni təxribatlarının qarşısı alıb

0
667
Azərbaycanın nümayəndə heyəti tərəfindən Avronest Parlament Assambleyasında (Avronest PA) erməni təxribatlarının qarşısı alınıb.
Nümayəndə heyətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyətinin təşkilatın VII Plenar Sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığına səfəri başa çatıb. Milli Məclisin Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri xanım Sahibə Qafarovanın başçılığı ilə baş tutan səfərdə millət vəkilləri Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili iştirak ediblər.

Plenar Sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçib.Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti millət vəkillərimizin səyləri nəticəsində istəklərinə nail ola bilməyib.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib.

Daha sonra Ermənistan nümayəndə heyətinin “təxirəsalınmaz qətnamə” proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Buna görə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Büro iclasında bunun qəti əleyhinə çıxıb və qətnamə layihəsinin geri götürülməsini təmin edib.

Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar sessiyada qəbul edilib.

Təşkilatın Sosial komitəsinin iclasında isə Azərbaycanın ASAN Xidmətinin təqdimatı baş tutmuşdur. Avronest PA-nın sosial komitəsinin həmsədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı ASAN xidmətin rəsmisi Kamran Ağası edib.

Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Nümayəndə heyətimizin qadın üzvləri Sahibə Qafarova və Məlahət İbrahimqızının iştirak etdiyi forumda millət vəkillərimiz tərəfindən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib.

Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pisləyib. Millət vəkili Avropa qurumlarının qərarlarının bəzən müxtəlif qrupların marağına görə verildiyini, qərarların verilməsində heç də ümumbəşəri dəyərlərin deyil, şəxsi mənfəətin ön planda olmasının arzuolunmaz nəticələr doğurduğunu vurğulayıb.

Avronest PA-nın VII Plenar Sessiyası iyun ayının 27-də öz işini başa vurub.

BIR CAVAB BURAXIN