Atatürkün “İstiqlal” medalı verdiyi generalımız kimdir?

0
607

 

Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində dəfələrlə bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi və mənəvi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olub. Bu gün hər iki ölkədə tarixçilər, tədqiqatçılar Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi xidmətləri, eyni zamanda Azərbaycanın Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstək haqqında ciddi tədqiqatlar aparır, bu barədə xeyli sayda məqalələr və kitablar yazırlar ki, bütün bunlar təqdirəlayiqdir. Lakin milli mücadilə illərində Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun 1200 nəfərlik bir birliyinin Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarına qatılaraq, Qurtuluş Savaşında iştirak etmələri, onların keçdikləri döyüş yolu və sonrakı xidmətləri haqqında ciddi tədqiqatların aparılmaması təəssüf doğuran məqamlardan biridir. Gərəkdir ki, Türk Qafqaz İslam Ordusunun Bakının düşmən qüvvələrindən azad etməsinə verdiyimiz önəmi, könüllü Azərbaycan birliklərinin müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin-çiyinə savaşaraq Türkiyənin istiqlalı uğrunda göstərdikləri xidmətlərə də verək.

Tarixə marağı olan, qeyri-ixtisas sahibi həvəskar bir araşdırmaçı olaraq, bu istiqamətdə araşdırmalar aparıb Türkiyənin Qurtuluş Savaşında iştirak etmiş Azərbaycan türklərindən bir neçə zabit haqqında (Firudin Daryal, Baba Behbud) məqalə yazıb, onların keçdikləri döyüş yoluna işıq tutmağa çalışsam da, bu sahədə peşəkarların ciddi tədqiqatlar aparmasına ehtiyac vardır.

Bu gün sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin Qurtuluş Savaşında iştirak etmiş Azərbaycan türklərindən olan general (tümgeneral) Hüseyn Turqut haqqında söhbət açacam.

İRƏVAN XANLARININ GENERAL OĞLU

Hüseyn Turqut Azərbaycanın görkəmli nəsillərindən birinin nümayəndəsidir. O, sonuncu İrəvan xanı Həsən xan Turqut ilə Bəhmən Mirzə Qacarın qızı şahzadə Nuraleyin Qacarın ilk övladıdır. 1900-cü ilin noyabr ayında qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olub. Babası 1912-ci ildə vəfat edən Abbasqulu xan İrəvanskidir. İrəvan Xanlığının Çar Rusiyası tərəfindən işğal edilərək müstəqilliyinə son qoyulsa da, xan titulu bu nəsildən alınmamışdı. Ailədə beş uşaq olublar. Qardaşı Fərid xan, bacıları Rüxsarə, Sami və Adilə xanım.

Hüseyn Turqut orta təhsilini İrəvan şəhərində gimnaziyada alıb. 1917-ci il oktyabr inqilabından sonra İrəvanda baş qaldıran erməni terroru nəticəsində bütün ailə üzvləriylə birgə Naxçıvana köçürlər. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə keçir.

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ İŞTİRAKI

Türkiyədə zabit namizədi olaraq Osmanlı ordusuna qoşularaq Birinci Dünya müharibəsinə qatılır. IV Kolordunun 5-ci tümənində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tüməndə döyüşlərə qatılır. Savaşın son aylarında doğu və güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə “Dəmir Hilal” döş nişanı ilə təltif olunur. Qurtuluş Savaşının başlamasıyla doğu cəbhəsində leytenant rütbəsiylə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edir.

Atatürk tərəfindən “İstiqlal” medalıyla təltif edilir. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirir. Türkiyənin güney doğusunda baş qaldıran kürd üsyanlarının yatırdılmasında iştirak edir.

1928-ci il Hüseyn Turqutun həyatında iki əlamətdar hadisə ilə yadda qalır. Onun ailə üzvləri böyük çətinliklərdən sonra nəhayət ki, Türkiyəyə köçməyə müvəffəq olub. O, ali hərbi təhsilini bitirməyin sevincini, uzun ayrılıqdan sonra ailə üzvlərinə qovuşmanın sevinci ilə birgə yaşayır.

6 DİLDƏ DANIŞAN ZABİT

1930-cu ildə Hüseyn Turqutun həyatında dönüş nöqtəsi olur. Həmin ərəfədə Atatürkün təşəbbüsü ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində bir çox işlər görülürdü. 1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut da xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə keçir. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş pilotdan biri olduğu üçün yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilir. Fransada keçirilən təlimlərdə də yüksək nəticələr göstərir.

Hüseyn Turqut bacarıqlı zabit idi. O, altı dil bilir, üstün zəkası və çalışqanlığı ilə digər zabitlərdən seçilirdi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı onun əməyindən yeni pilotların yetişdirilməsi üçün istifadə edirlər.

“Junge Dayı”

Hava Qüvvələrində “Junge Dayı” ləqəbi ilə məşhurlaşır və çox sevilən bir zabit olur. 1934-cü ildən 1946-cı ilə qədər, bu gün dünyanın ən güclülərindən olan Türkiyə Hərbi Hava Qüvvələrinə çox sayda pilot yetişdirməklə ordu quruculuğunda və inkişafında müstəsna xidmətlər göstərir. 1946-cı ildə ağır qəza keçirir. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa vəzifələrdə çalışır, 42 illik xidmətdən sonra 1960-cı ildə general-mayor rütbəsində təqaüdə çıxır.

ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDİLƏN GENERAL

Hüseyn Turqut 1936-cı ildə Ləman Hattusas ilə evlənib. 1940-cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turxan adlı oğlanları anadan olub.

Hüseyn Turqut 1971-ci ilin noyabr ayında vəfat edib. Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Şəhidlər Xiyabanında dəfn edilib.

Oğlu Turxan Tuqut hüquqşunasdır. O, 2016-cı ildə Bakıya gəlib, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib. Tanınmış iş adamıdır. Azərbaycan diasporasının fəallarından biridir. Hazırda İstanbulda yaşayır.

BIR CAVAB BURAXIN