“AtaBank” 200 manatdan artıq niyə vermir?

0
680

 

Bu gün bir çox insanlar var ki, bank hesabını “AtaBank”da açdırıb və maliyyə əməliyyatlarını da bu hesab üzərindən aparır. Müqavilə əsasında xidmət göstərib, pulu VÖEN əsasında açdırdığı bank hesabına köçürülən bir çox insanlara isə “AtaBank”da problem yaradılır. Söhbət konkret olaraq bu bankın paytaxt filialından gedir (ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 1058-ci məhəllə). Belə ki, filialda şəxsi hesabından pul çıxarmaq istəyən vətəndaşlara 200 manatdan artıq verilə bilməyəcəyi deyilir. Tutaq ki, sizin bank hesabınızda 400 manat var. Siz “AtaBank”dakı hesab nömrənizdəki bu pulun bir dəfəyə ancaq 200 manatını çıxara bilərsiniz. Bu barədə saytımıza məlumat verən şəxs belə halın dəfələrlə şahidi olduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı iradlarını bildirəndə bankın işçiləri məsələnin onlarlıq olmadığını deyiblər. Qeyd ediblər ki, onlara belə tapşırıq verilib deyə artıq pul verilə bilməz.

O da məlum olub ki, bu hal “AtaBank”da bir neçə aydır davam edir. İşçilər isə bunun nə qədər davam edəcəyini özləri də bilmədiklərini qeyd edirlər.

Saytımıza məlumat verən şəxs onu da bildirib ki, son 1 həftədə 2 dəfə məhz bu banka gedib və eyni cavabı eşidib: “Birinci dəfə deyiləndə ki, 200 manatdan artıq verilə bilməyəcək, etiraz etdim və pulu almadan çıxdım. Bankın kassiri etirazıma cavab olaraq dedi ki, limit tətbiq edilməsinin səbəbi kassada pulun olmamasıdır. Həmin şəxs də bunun nə vaxta kimi davam edəcəyini bilmədiyini söylədi. Onu da əlavə etdi ki, bununla bağlı insanlar şikayət edir və o da iş-gücünü atıb insanlara cavab verməklə məşğuldur. Bu gün yenidən “AtaBank”a üz tutdum ki, pulumu hesabımdan çıxarım. Lakin bu dəfə də mənə limit olduğunu bildirdilər və narazılığımı nəzərə alıb 300 manat verilə biləcəyini dedilər. Razılaşmaqdan başqa əlacım qalmadı”.

Məsələ ilə bağlı “AtaBank”ın paytaxt filialının müdiri isə bizə bildirdi ki, limitin ölkədəki iqtisadi məsələlərlə heç bir əlaqəsi yoxdur: “Bir neçə aydır ki, bankımızda belə bir məsələ yaranıb. Bunun səbəbi manatın azlığıdır. Bizim banka kənardan heç bir maliyyə dəstəyi yoxdur. Öz əməliyyatlarımızla öz işlərimizi idarə etməyə çalışırıq. Bunun hazırki iqtisadi proseslərlə heç bir bağlılığı yoxdur. Kassamızda pul azdır. Rəhbərlikdən bildirilib ki, mart ayınadək bu məsələ həll olunacaq”.

Nicat

BIR CAVAB BURAXIN