AŞPA-nı rüşvətlə almışıqsa, bu qurum niyə fəaliyyət göstərir?

0
433

AŞPA-da və digər Avropa institutlarında Azərbaycana qarşı mütəmadi və sistemli şəkildə fəaliyyət göstərən qüvvələr var. Bu qüvvələr vaxtaşırı fəal kampaniyalara başlayırlar. Xüsusilə də seçki ərəfəsində və seçkilərdən sonra onların fəallığı daha da artır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov AŞPA-da Azərbaycanla bağlı hesabatı şərh edərkən deyib. Politoloq bildirib ki, növbəti çirkin kampaniya da bunlardan biridir və heç də təsadüfi deyil:

“Çünki həmin qüvvələr bir tərəfdən bu minvalla Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar, digər tərəfdən isə ölkəmizə qarşı qara piar kampaniyasını genişləndirirlər ki, özlərini “obyektiv” göstərərək guya nahaq yerdən Bakını tənqid atəşinə tutmadıqlarını göstərsinlər. İş o vəziyyətə çatdı ki, lobbiçilik fəaliyyəti ilə bağlı da Azərbaycanın adını qara boyalarla təsvir edirlər. Azərbaycanı guya qəbul olunmuş qaydaları pozmaqda, qeyri-qanuni, məxfi və kölgə variantında aparılan siyasətdə suçlayırlar. Ancaq bütün hallarda dünya baxışından bir həqiqət boylanır, bu da ondan ibarətdir ki, görünür, həmin ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr ölkəmiz üçün problem yaratmaq istəyirlər. Lobbiçilik fəaliyyəti bütün dünyada qəbul olunmuş bir qaydadır və onun özünün tələbləri, prosedurları, yazılmamış qanunları var, hətta bəzi ölkələrdə yazılmış qanunları belə var. Məsələn, ABŞ-da lobbiçilik fəaliyyəti tam limitsizdir, onun bütün element və detalları təsbit olunub. Bu baxımdan Azərbaycanı lobbiçiliyə meyilli olmaqda günahlandırmağın özü böyük ədalətsizlikdir. Çünki bu, dünyada qəbul olunmuş bir qaydadır və başadüşüləndir. Avropa təsisçiləri özləri də bu fəaliyyətdən çox güclü bir şəkildə yararlanır, qazanc əldə edir, siyasi maraqlarını yerləşdirmək üçün istifadə edirlər”.

Politoloq qeyd edib ki, hər bir ölkənin özünün siyasəti, beynəlxalq meydanlarda apardığı bir kurs, xətt var və bunu müdafiə etməkdən ötrü əlbəttə ki, lobbiçilikdən istifadə olunur:

“Bu, yasaq deyil. Necə olur ki, başqa dövlətlər bundan istifadə edib Azərbaycana qarşı qarayaxma ilə məşğul olanda buna göz yumulur, ancaq Azərbaycan öz həqiqətlərini dünyaya, Avropa siyasi elitasının nəzərinə çatdıranda bunu qeyri-qanuni sayırlar? Bu yanaşmanın özündə böyük bir ədalətsizlik, anlaşılmazlıq və qeyri-qanunilik var. Fikir verin, ayrı-ayrı səsvermə zamanı AŞPA-nın çoxlu deputatlarının ələ alındığı və Azərbaycan tərəfindən qiymətli hədiyyələrlə satın alındığı deyilir. Bu, sadəcə cəfəngiyyatdır. Bəs, onda sual olunur, Avropa satın alınan deputatlarının AŞPA-da fəaliyyətini davam etdirməsinə niyə imkan verir? Ümumiyətlə, bu, Azərbaycan üzərinə gələn birinci dalğa deyil və bu dalğanın arxasında sırf antiazərbaycan, proerməni qüvvələri durur. Onlar müxtəlif məqamlarda öz qüvvələrini səfərbər edirlər və bir çox hallarda Azərbaycanın təpərini, azərbaycanpərəsət qüvvələrin fəallığını görüb bir növ geri çəkilirlər, özlərini ağa çıxartmağa çalışırlar. Ancaq siyasi baxımdan fəal proseslər bir qədər səngiyəndə yenidən hücum mövqeyinə keçərək Azərbaycanı hədəfə götürməyə, ölkəmizlə bağlı məkrli planları həyata keçirməyə başlayırlar”.

Politoloq hesab edir ki, Azərbaycanın sözügedən addımı dünyanın aparıcı dövlətlərinin də istifadə etdiyi lobbiçilik fəaliyyətindən ibarətdir və burada qeyri-adi nəsə yoxdur:

“Hər şey aydındır, məqsəd bəllidir, hədəf isə Azərbaycan hakimiyyətini dünyada gözdən salmaqdır. Antiazərbaycan qüvvələrin ümumi strategiyası var və onlar bunu zaman-zaman həyata keçirirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycanın nüfuzunu beynəlxalq səviyyələrdə sarsıtmaq o qədər də asan deyil. Çünki Azərbaycan özünü təsdiqləmiş dövlətdir, mütəşəkkil bir qüvvədir. Təsadüfi deyil ki, Azərbaycanla bağlı qarayaxma kampaniyası keçiriləndə təkcə biz yox, dostlarımız, xarici siyasi dairələrindəki nümayəndələr də müdafiəmizə qalxırlar. Təbii ki, bu da elə-belə deyil və onlar Azərbaycan həqiqətlərindən xəbərdar olan tərəflərdir, ona görə də öz sözlərini məntiqlə deyə bilirlər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × four =