Argentinada Putin Trampı ələ ala biləcəkmi?

0
513

ABŞ-ın bir-birinin ardınca tətbiq etdiyi ağır sanksiyalarından sonra ağır iqtisadi durumla üzləşən Rusiya iki ölkə prezidentlərinin Argentina görüşünün nəticələrinə böyük ümidlər bəsləyir.

Rusiya və ABŞ prezidentləri Putinlə Trampın Argentinada keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı razılaşdırılır. Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Rusiya prezidenti Vladimir Putinin köməkçisi Aleksey Uşakov deyib. Onun sözlərinə görə, Rusiya prezidentlərin görüşünün hər iki ölkənin qarşılıqlı maraqlarına cavab verəcəyinə ümid edir. Prezidentlərin görüşündə ABŞ-Rusiya münasibətlərinin, o cümlədən orta və yaxın mənzilli silahlarla bağlı məsələnin, həmçinin Vaşinqton tərəfindən Moskvaya münasibətdə tətbiq edilən sanksiyaların zəiflədilməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.  Məhz Putinin israr və inadla Trampla görüşməyə can atması da Rusiyaya qarşı sanksiyaların tətbiqinin yamşaldılması və ya onun qismən aradan qaldırılmasına Ağ evin indiki sahibini razı sala biləcəyinə ümidlər etməsi ilə bağlıdır. Rusiya etiraf etməsə də ABŞ-ın sanksiyalarından ciddi şəkildə zərər çəkdiyi, ölkə iqtisadiyyatına on milyardlarla dollar zərər dəydiyi göz önündədir. Ölkədə əmələ gələn ağır iqtisadi vəziyyətdən diqqəti yayındırmaq üçün Putin administrasiyası hərbi sahədə müasir, ABŞ üçün qorxulu təhlükə olan super təyyarə və raket sistemlərinin istehsalını gündəmə gətirir. Amma o da aydın məsələdir ki, ac əhalinn qarınlarını raket və ya super qırıcı təyyarələrlə doydurmaq mümkün deyil. Xatırladaq ki, Moskvada noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən təntənəli mərasimdə iki ölkə prezidentlərinin görüşünə məhz sanksiyaların yumşaldılmasına qarşı tərəfi razı sala bilmək ümidi ilə baxırdılar. Lakin bu görüşə qısqanclıqla yanaşan Fransa prezidenti Emmanuel Makron müxtəlif  bəhanələrlə Trampla Putinin Parisdə bir araya gəlməsinə imkan vermədi.

Ona görə də Rusiyanın bütün ümidləri G-20 ölkə liderlərinin bu ayın sonunda Argentinanın paytaxtı Bueonos-Ayresdə keçiriləcək toplantısında Putin-Tramp görüşünə qalıb. Belə ehtimal etmək olar ki, Putin Argentina görüşündə  Trampa hansısa vədlər vermək və ya güzəştlər təklif etməklə sanksiyalar məsələsində onu qismən də olsa geri addım atmağa razı salmağa, sadə dildə desək  bu yolla onu aldatmağa çalışacaq. Buna paralel olaraq Putinin hazırda ABŞ-la Avropa İttifaqı arasında əmələ gələn narazılıqdan, o cümlədən Makronun ABŞ əleyhinə açıqlamalarından onlar arasındakı ziddiyyətləri daha da kəskinləşdirmək üçün cəhd edəcəyi gözlənilir. Bunun üçün Putinin Avropaya, həmçinin Çinə qarşı Trampa birgə çıxış etmək təklifi edə biləcəyi belə istisna edilmir. Bütün bunlara Trampın nə cavab verə biləcəyini hələlik proqnozlaşdırmaq çətindir. Ancaq unutmaq olmaz ki, Tramp Moskvaya tətbiq etdiyi sanksiyalara baxmayaraq Rusiyaya  münasibətdə  o qədər də sərt xətt tərəfdarı deyil. Lakin Tramp istəsə də, istəməsə də ABŞ-ın maraqlarını təmin etməyə məcburdur və əks halda o, uzun müddət prezident kürssüsündə otura bilməz. Ona görə də maraqlıdır: Putin-Tramp görüşündə Rusiya istədiyinə nail ola, Vaşinqtonu hansısa vədlərlə sanksiyalar və digər məsələlərdə geri addım atmağa razı sala, onu bu yolla aldada biləcəkmi? Hər halda bu suala iki ölkə prezidentlərinin görüşündən sonra qismən də olsa aydınlıq gətiriləcəyi ehtimal edilir.

 

Əziz Mustafa

 

 

 

 

 

BIR CAVAB BURAXIN