Antarktida: Əbədi buzlaqlar qitəsinin açılmamış sirləri (3)

0
768

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın “Antarktida: Əbədi buzlaqlar qitəsinin açılmamış sirləri” yazısının 3-cü hissəsini oxucularına təqdim edir:

Antarktida sirlərini gizlətməkdə davam edir

Ötən əsrin 50-ci illərinin sonlarında SSRİ-nin Antarktidadakı “Mirnıy” elmi-tədqiqat stansiyasında dəhşətli bir faciə baş verdi. Belə ki, stansiyadan çıxaraq Cənub maqnit qütbü istiqamətində hərəkət edən 6 qütb tədqiqatçısından yalnız 2-si sağ-salamat geriyə dönə bildi.  Onların 4-ü naməlum şəkildə ölmüşdü. Əvvəlcə, bu ölümə səbəb kimi qəfil başlayan qar çovğunlarını və şiddətli soyuqları göstərdilər.

Ancaq ekspedisiyanın digər üzvü Yuri Korşunov bu ehtimalları rədd etdi. O sonralar yazırdı: “Biz Cənub maqnit qütbünə yaxınlaşanda ətrafda Antarktika şəraitinə uyğun, olduqca gözəl hava vardı. Hava açıq və günəşli idi. Hətta bölgə üçün ənənəvi olan  külək belə əsmirdi. Ətrafda 30 dərəcə şaxta vardı. Biz maqnit qütbünə yaxınlaşmaq üçün 3 həftə yol gəlmişdik və heç bir xoşagəlməz hadisə ilə qarşılaşmamışdıq. Amma nəzərdə tutduğumuz məntəqəyə çatanda artıq yorulmuşduq, ona görə də qərara aldıq ki, bir az dincələk. Çadır qurduq və bir az dincəlmək, yatmaq istədik. Amma heç birimiz yata bilmirdik. Bizi qəribə bir hiss bürümüşdü, sanki bu dəqiqə nə isə qorxulu bir hadisə baş verəcəkdi. Bir müddət sonra mən nə üçünsə özümdən asılı olmadan çadırdan bayıra çıxdım. Həmin anda təxminən 300 metr məsafədə diametri 15-20 metr olan və ətrafa güclü işıq saçan nəhəng şar gördüm. O, yavaş-yavaş bizə doğru gəlirdi. Özüm də bilmədən qorxuya düşərək bərkdən qışqırdım. Qışqırtıma çadırdakı yoldaşlarım da bayıra çıxdılar. Nəhəng şar isə gözlənilmədən formasını dəyişərək, sanki iri kolbasaya çevrildi. O, hərəkət etdikcə altındakı qar-buz sanki qaynayırdı. Bunu görən kimi fotoqrafımız Saşa Qorodetski bu naməlum obyektə doğru getdi və onun şəklini çəkməyə başladı. Obyekt bu dəfə uzun və tüstü buraxan lentə çevrildi, sonra da fotoqrafımızın ətrafında fırlanmağa başladı. Qəfildən Saşanın başı üzərində işıqsaçan bir dairə əmələ gəldi, ardınca da Saşa qışqıraraq yerə yıxıldı. Bunu görən Roma Kustov dərhal naməlum obyektə atəş açmağa başladı. Bu atəşdən sanki şar partladı, elə bil ətrafda ildırım çaxdı, sonra isə şar özündən odlu qığılcımlar buraxaraq yoxa çıxdı. Biz Qorodetskinin yanına qaçdıq, o artıq nəfəs almırdı, onun sifəti, əlləri, boynu, sinəsi və kürəyi yanmışdı. Əynindəki kostyum əriyərək bədəninə yapışmışdı. Fotoaparat isə əriyərək lazımsız bir metal parçasına çevrilmişdi. Naməlum obyektin dayandığı yerdə qar və buz ərimiş, şarın yerində isə yarım metr dərinliyində şırım açılmışdı”.

Bundan iki gün sonra qütb tədqiqatçıları daha bir faciə ilə üzləşdilər. Stansiyaya yaxın təpədə yüz metr hündürlükdə nəhəng şar peyda oldu. Onun arxasında isə daha iki şar aydın görünürdü. Şarlar yavaş-yavaş qütb tədqiqatçılarına yaxınlaşırdılar. Onlar ekspedisiya üzvlərinə çatmağa az qalmış Kustov və Borisov naməlum obyektə atəş açmağa başladılar. Skobelev isə fotoaparatı əlinə alaraq naməlum obyektlərin şəkillərini çəkməyə başladı: “Həmin an gözlərimə qaranlıq çökdü və huşumu itirdim. Özümə gələndə havada qəribə bir qoxu hiss etdim, sanki ildırım çaxmış və nə isə yanmışdı. Qeyri-ixtiyari olaraq ətrafıma baxdım və yerimdə dondum: Kustov və Borisov hərəkətsiz halda uzanmışdılar, onların hər ikisi ölmüşdü. Skobelev isə görmə qabiliyyətini itirmişdi və sərbəst şəkildə nəyi isə söyləyə, analiz edə bilmirdi. Amma iş bununla bitmədi”,- deyə Korşunov sonralar xatırlayırdı. Gözlənilmədən yenidən təpənin ardından “vezdexodlar” və onların yanında insanabənzər fiqurlar göründü. Sonra yenə də təpənin başı üzərində bu dəfə mavi rəngə çalan nəhəng şar peyda oldu. Şar qütb tədqiqatçılarına yaxınlaşdıqca formasını dəyişirdi. Hiss olunurdu ki, bu dəqiqə nə isə dəhşətli bir hadisə baş verəcək. Korşunov: “Ürəyimə qorxu düşmüşdü. Ona görə də operatora qışqırdım ki, videokameranı əlindən yerə qoysun. O isə  mənə məhəl qoymadan bu naməlum obyekti çəkməkdə davam edirdi. Birdən şar ildırım sürəti ilə operatorun üzərinə yeridi və sanki onu uddu, sonra isə özündən qəribə bir iz buraxaraq havada yoxa çıxdı. Operatorumuz isə cansız halda qarın üzərində uzanmışdı. Onun, demək olar, bütün bədəni yanmışdı”.

Hadisə yerinə təcili şəkildə yeni ekspedisiya göndərən SSRİ rəhbərliyi baş verənləri diqqətlə araşdırdı. Amma tədqiqatçılar bu faciənin sirrini açmaqda aciz idilər.

Müəmmalar davam edir

SSRİ-dən olan qütb tədqiqatçılarının başına gələn bu hadisə birinci deyildi və təbii ki, sonuncu da olmayacaqdı. Belə ki, hələ XX əsrin əvvəllərində Amerikanın məşhur qütb tədqiqatçısı Robert Folkon Skott 1912-ci il, yanvar ayının 18-də öz yoldaşları ilə Cənub maqnit qütbünə qədər gedib çıxdılar. Uzun və üzücü yolda onlar yalnız bir nəfər yoldaşlarını itirdilər. Amma geriyə qayıdanda başqa bir yol seçdilər. Bu yol Cənub maqnit qütbünə paralel idi. Onların özlərindən sonra qoyduqları qeydlərə görə yolboyu çox ağır sınaqlara məruz qalıblar. Yolboyu güclü çovğuna məruz qalan və anormal hadisələrlə üzləşən ekspedisiya üzvləri bir-bir ölməyə başlayıb. Beləliklə, Skott və yoldaşlarından heç biri sağ-salamat geri qayıda bilmədi. Düzdür, rəsmi şəkildə Skott və yoldaşlarının yolda azaraq acından öldükləri vurğulanıb. Amma onların özlərindən sonra başlarına gələnləri qeyd etdikləri dəftərlərdə qəribə, olduqca anormal hadisələrlə üzləşdikləri öz əksini tapıb.

1962-ci ildə Antarktidada daha bir faciəli hadisə baş verdi. Buradakı ABŞ-a məxsus “Miduey” stansiyasının üzvləri qitə boyu səyahətə çıxdılar. Onların hərəkət etdikləri “vezdexod”lar ən müasir texnoloji vasitələrlə təchiz edilmişdi. Lakin ekspedisiya faciə ilə başa çatdı.  Ekspedisiya üzvləri yalnız bir “vezdexod”la geriyə qayıda bilmişdilər. Onlara nə olmuşdu? Amerika hökuməti bunun səbəblərini açmadı, ancaq o məlumdur ki, ekspedisiya üzvlərini hökumət təcili şəkildə Amerikaya qaytardı. Geri qayıdan ekipaj üzvlərinin yarısı sonralar ağıllarını itirdi və uzun müddət psixiatriya klinikasında xüsusi nəzarət altında müalicə olundu.

Plazmozavrlar, yoxsa paralel dünyalar?

1966-cı ildə Antarktidada faciə ilə nəticələnən müəmmalı hadisələri təhqiq edən amerikalı fizik Roy D. Kristofer bu məsələyə qismən aydınlıq gətirən bir ehtimalla çıxış etdi. Onun sözlərinə görə, şarabənzər obyektlər elektrik canlılar və ya varlıqlardır. O, bu elektrik canlıları plazmozavrlar adlandırdı. Fizik belə hesab edir ki, şarabənzər obyektlər plazma qatışığından ibarətdir və onlar əsasən Cənub maqnit qütbü boyunca 400-800 kilometr hündürlükdə yerləşirlər. Rusiyalı alimlər bununla razı olsalar da, belə hesab edirlər ki, plazmozavrların tərkibi elmə məlum olmayan psixi və fiziki enerjidən ibarətdir. Buna görə də plazmozavrlar insanların görmə qabiliyyətlərini asanlıqla sıradan çıxararaq, onların psixologiyasını poza, dəyişdirə bilirlər. SSRİ dövründə ateizm ruhu üzərində köklənən rusiyalı alimlər hətta onların bizə paralel dünyadan gələn varlıqlar olduğunu ehtimal kimi irəli sürüblər. Yəqin ki, vaxt gələcək bu müəmmalı hadisələr özünün elmi izahını daha dəqiq və dolğun  şəkildə tapacaq.

Əziz Mustafa\Arazinfo.com

BIR CAVAB BURAXIN