Antarktida: Əbədi buzlaqlar qitəsinin açılmamış sirləri (2)

0
1143

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın Antarktida: Əbədi buzlaqlar qitəsinin açılmamış sirləri yazısının ikinci hissəsini oxucularına təqdim edir

Hİtlerİn son dayanacağı

Antarktidanın qeyri-adiliyi və əsrlər boyu sirli qalması bu qitə haqqında çoxlu sayda yeni əfsanələrin meydana çıxması ilə müşayiət olunmaqdadır. Bunlardan biri, vaxtilə dünyaya meydan oxuyan və bəşər tarixində ən qanlı müharibələrdən birini – II Dünya savaşını başladan Adolf Hitlerlə bağlıdır. Bəzi tədqiqatçıların fikrincə, Hitler əslində özünü öldürməyib. Onların iddiasına görə, Hitler və yaxın əlaltıları Avropadan qaçaraq, Antarktika buzlaqları arasında gizləniblər. İş orasındadır ki, hələ 1938-1939-cu illərdə alman tədqiqatçılar Antarktidaya ayaq açaraq, orada hələ də gizli qalmaqda davam edən işlərlə məşğul olurdular. Məqsəd Antarktidanı gələcəkdə Almaniya ərazisi elan etmək və oranı faşistlərin poliqonuna çevirmək idi. Amma buna qeyri-adi, inanılmaz bir iş kimi baxanlar da az deyildi. Məsələn, bununla əlaqədar “Neyşnl polis” qəzeti yazır:  “Bu çoxsaylı, ağlagəlməz ekspedisiyaları (alman ekspedisiyaları nəzərdə tutulur) Antarktidada tapmaq, onun izinə rast gəlmək belə mümkün deyil. Axı Antarktidanı, onun əbədi buzlaqlarla örtülmüş düzlərini, dağlarını bir-bir axtarmaq mümkün deyil. Bunun üçün xüsusi axtarış avadanlıqları ilə təchiz olunmuş on minlərlə gəmi, təyyarə, vertolyot lazımdır” Amma o da faktdır ki, faşist Almaniyası Hitler hakimiyyətə gəldiyi ilk günlərdən Antarktida ilə maraqlanmağa başlamışdı. Bu maraq isə faşist Almaniyası rəhbərinin gələcək planları ilə əlaqədar idi. Dünya ağalığı fikrində olan Hitleri Antarktida maqnit kimi özünə cəlb edirdi. Ola bilsin ki, Hitler Antarktida barədə o dövrdə gəzən çoxsaylı əfsanələrin təsiri altına düşərək, orada özünün dünya ağalığını təmin edəcək qüdrətli və sehrli bir dayaq qazanacağına ümid bağlayırdı. Hər halda məhz Hitlerin təklifi və təşəbbüsü ilə alman alimləri 1938-ci ildə Antarktikada daimi baza yaradılması layihəsi üzərində işləməyə başladılar. Bu dövrdən də Almaniyadan Antarktidaya daimi dəniz reysləri təşkil edilməyə başladı. Bu məqsədlə Antarktidaya o dövrün ən mükəmməl texniki avadanlıqları ilə təchiz edilmiş “Şvabiya” adlı gəmi göndərildi.

II Dünya müharibəsi başlayandan sonra isə Antarktidaya “Hitlerin mühafizəsi” adlı hərbi sualtı qayıqlar ayaq açdı. Bu sualtı hərbi divizionun tərkibində 35 submarin (xüsusi təyinatlı sualtı qayıq) vardı. II Dünya savaşı başlayana kimi Antarktidadakı “Şvabiya” adı verilən bazanın inşa edilməsi məqsədi ilə oraya dağ-mədən qazma avadanlıqları, dəmiryol relsləri, elektrovozlar, vaqonlar, traktorlar, qaya kəsən dəzgahlar gətirmişdilər. Bundan əlavə, Şirmaxer körfəzində 211 saylı daha bir baza yaradılmışdı. Bu baza Antarktidanın daxilinə yükdaşıma limanı-mərkəzi rolunu oynayırdı. Həmin dövrdə Antarktidaya çoxlu sayda alimlər, mühəndislər, yüksəkixtisaslı fəhlələr gətirilmişdi.”

Qısa müddət ərzində havadan 350 minkvadrat kilometrlik ərazinin şəkli çəkilmiş, bir o qədər əraziyə də üzərində faşist nişanı olan15 min metal vımpel basdırılmışdı. Bu isə ərazilərin Almaniyaya məxsusluğu anlamına gəlirdi. Bundan əlavə, xəritədə Antarktidadakı Mod kraliçası torpağının adını dəyişdirərək onu “Yeni Şvabiya” adlandırmışdılar. Bəzi ehtimallara görə, Hitlerin Antarktidaya marağı həm də onun müharibədə məğlub olacağı halda, dünyanın ən ucqar və əlçatmaz bu yerində gizlənməsi ilə bağlı idi. Ola bilsin ki, Hitler öncədən II Dünya savaşında məğlub ola biləcəyini istisna etməmişdi. Hər halda II Dünya savaşından sonra Hitlerin bəzi tərəfdaşları ilə birgə sualtı qayıqlarla məhz Antarktidaya gəldiyini güman edənlərin sayı heç də az deyil. Bu ehtimalların doğruluğunu gücləndirən bəzi faktlar da məlumdur. Məsələn, müharibə vaxtı Almaniyanın 54 submarini sualtı qayığı yoxa çıxıb. Hərbi ekspertlərin fikrincə, onlardan yalnız 11-i minalara rast gələrək partlaya bilərdi. Bəs qalanları necə olub? Bu suala isə indiyə kimi cavab tapılmayıb. Digər tərəfdən də, II Dünya savaşının qızğın çağında Almaniya sualtı hərbi dəniz qüvvələri komandanı Karl Denits təsadüfən ağzından qaçırmışdı ki, onlar Antarktidada Hitler üçün əsl sığınacaq inşa ediblər.

Öz növbəsində, Hitlerlə bağlı materiallar toplayan tədqiqatçı yazar Aleksandr Surpin qeyd edir ki, II Dünya savaşı zamanı Almaniya hərbi dəniz donanması gəmiləri Antarktida və onun ətraf ərazilərində xeyli fəallaşmışdılar. O ərazilərə hətta müharibədə iştirak etməyən və özlərinin neytrallığını elan edən dövlətlərin balina ovlayan gəmilərini belə buraxmırdılar. Müharibənin sonlarında isə Almaniyanın Kil şəhərindəki sualtı qayıqlardan hərbi sursatı çıxararaq, onlara külli miqdarda ərzaqla dolu konteynerlər, o cümlədən xüsusi aparatlar və gizli sənədlər yükləmişdilər. Bu sualtı qayıqların sonrakı taleyi məlum deyil. Onların Antarktidaya çatıb-çatmaması barədə tədqiqatçıların əlində hər hansı sənəd, fakt yoxdur.

Məşhur sovet yazıçısı və tarixçisi M. Demidenko “Üçüncü Reyxin sirləri” adlı kitabında yazır ki, o, vaxtilə SS-in gizli arxivlərini araşdırarkən bəzi maraqlı sənədlərə rast gəlib. Həmin sənədlərdə göstərilirdi ki, alman sualtı qayıqları Yeni Şvabiyada isti hava ilə birləşdirilən mağaralar sistemini aşkar ediblər. Almaniyanın sualtı hərbi dəniz qüvvələri komandanı Karl Denits 1938-ci ildə “Mənim sualtı qayıqlarım Antarktidada əsl cənnət tapıblar”,-deyə ağzından qaçırmışdı.

Amma sonralar, daha doğrusu, II Dünya savaşından sonra alman sualtı qayıqları Antarktidada müəmmalı şəkildə yoxa çıxdılar. Bəzi ehtimallara görə, diqqəti cəlb etməmək üçün onlar Antarktidadakı bugünkü tədqiqatçılara məlum olmayan hansısa mağaralara çəkiliblər. Çünki Hitler və ətrafındakılar müttəfiq qoşunların onları hər yerdə arayacaqlarını bilirdilər. Bu baxımdan müttəfiqlərə məxsus hərbi gəmilərin Antarktidaya da gəlib çıxacağı istisna edilmirdi. Amma ola bilməzdi ki, almanlar özlərindən sonra hər hansı bir iz buraxmadan müəmmalı şəkildə Antarktikada yoxa çıxsınlar. Tədqiqatçıları da təəccübləndirən məhz bu amildir. Maraqlıdır, doğrudanmı, Antarktidadakı almanlar bu sirli qitədə Denitsin dediyi kimi, əsl cənnət tapıb oraya çəkiliblər. Bu suala cavab tapmaq isə indiyə kimi mümkün olmayıb. Bu öz-özlüyündə Hitlerin Antarktikada yaşayaraq, 1971-ci ildə guya orada da ölməsi barədə yeni əfsanələrin ortaya çıxmasına səbəb olub. Beləliklə, Antarktida ilə bağlı müəmmalar hələ də davam etməkdədir. Ola bilsin ki, sabah məsələ ilə bağlı insanları heyrətə salan daha qeyri-adi əfsanələr və ehtimallar ortaya çıxsın.

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN