Anarı kimlər və niyə hədəf alıblar?

0
449

“Gəlin Anarı qoruyaq, o bizim bu günümüz və gələcəyimizdir” adlı “Arazinfo.com” və “Mediainfo.az” saytlarında gedən yazımdan sonra hər tərəfdən ac qurdlar kimi üstümə düşərək məni ittiham edir, ünvanıma ağızlarına gələni yazırlar. Bütün bunlara fikir vermək niyyətində deyildim, “qoy ürəklərini boşaltsınlar”,- deyə türklər demişkən boş vermək istəyirdim. Amma ünvanıma səsləndiirlən ittihamlarda yenə də Anar hədəfə alınır və onun haqqında külünc iddialar səsləndirilirdi. Ona görə də məcburən bu mövzuya yenidən qayıtmalı oldum. Əvvəl başdan məni bu yazıya görə ittiham edənlərə bildirim ki, Anarla hər hansı qohumluğum yoxdur və eyni zamanda Azərbaycan  Yazıçılar Birliyində də çalışmıram ki, bu yolla ondan nə isə umum. Son 25-26 ildə mənim vəzifəm də, silahım da qələmim olub və həmişə də milli maraqlarımızın müdafiəsini özümün əsas qayəsi hesab etmişəm. Məni az-çox tanıyanlar da bunu yaxşı bilirlər. Bu baxımdan görkəmli yazıçımız və ziyalımız  Anara da yerli-yersiz atılan böhtanlara da biganə qala bilməzdim və əvvələr də bununla bağlı mətbuatda fikirlərimi, etirazımı bildirmiş, onu müdafiə etmişəm. Mənə elə gəlir ki, Anara münasibətdə subyektiv deyil, obyektiv olmaq da yaxşı olardı. Bütün hallarda Anarın müstəqilliyimizin əldə edilməsində, ədəbiyyatımızda müstəsna xidmətləri olub və hələ sovet dövründə o, yazdıqları əsərlərlə hamının sevimlisinə çevrilib. Qaldı ki, Anarın ünvanına səsləndirilən indiki dövrdəki passivliyinə və az yazmasına, yaxud Qarabağdan yazmamasına, bu məsələyə primitiv yanaşmanın nəticəsidir. Anarın müstəqillik dövrümüzdə yazdığı əsərlərin hansını əlinizə alsanız orada milli vətənpərvərlik, milli təssübkeşlik görəcəksiniz . Hər halda Anarı bu məsələdə “irttiham” edənlərə məsləhət görərdim ki, Anarın sovet dövründəki istər Qarabağ, istərsə də erməni təcavüzü ilə bağlı apardığı mübarizəyə və ya müstəqilli dövrümüzdəki fəaliyyətinə bir daha nəzər salıb, sonra nəticə çıxarsınlar.

Əslində bəzi türk düşmənləri tərəfindən Anarın hədəfə alınmasının arxasında müəyyən məqsədlərin dayandığı ilk baxışdan aydın şəkildə nəzərə çarpır.
 
Son 10-15 ildə Anara qarşı mübarizə aparanların bir ittihamı olub: Anar niyə gənclərə meydan vermir və bu vəzifədən getmir? Görkəmli yazıçıya ünvanlanan bütün ittihamlarda, onun üzərinə atılan böhtan və çirkablarda bunu aydın görmək mümkündür. Şübhəsiz ki, Anar dünyanı tutub durmayacaq və o da bu vəzifədən gedəcək. Amma zənnimcə bununla problem həllini tapmayacaq. Anara atılan iftiraların, böhtanların bir kökündə qeyd etdiyimiz kimi məhz vəzifə davası dayanır. Onlardan biri çox hörmət bəslədiyim, əsərlərini sevə-sevə oxuduğum Əkrəm Əylisli idi. O bir qrupu ətrafına yığaraq pərdə arxasından Anarı hədəf almışdı. Amma istədiyinə nail ola bilmədi. Çox güman ki, bundan inciyərək qisas almaq fikrinə, erməniləri müdafiə edərək məşhurlaşmaq xülyasına düşdü. Nəticədə bədnam “daş yuxular”ı yazdı. Amma bununla özünü biabır etdi və bir anda milyonların nifrət hədəfinə çevrildi. Əkrəm Əylislidən sonra Anarın üstünə hücumların yeni bir mərhələsi başladı. Yenə də Anarı gəncləri müdafiə etməməkdə, uzun illər eyni vəzifəni tutmaqda günahlandırmağa başladılar. Bu mərhələdə Anarın ünvanına atılmayan çirkablar qalmadı. Onların bir çoxunun cavabını Anar özü verdi. Hətta daim təmkinli görünən Anar üstünə atılan iftiraların cavabını verərkən əsəblərini bəzən cilovlaya bilməyərək cavab yazılarında qarşı tərəfə onların danışdığı dildə cavab verməyə məcbur oldu. Müəyyən müddət sakitlikdən, “atəşkəs”dən sonra bu dəfə kimliyi hələki mənə tam şəkildə məlum olmayan qüvvələr Elşad  Baratı qabağa veriblər və onun vasitəsi ilə Anarı hədəfə alıblar. Yenə də eyni iddia səslənir: Anar niyə vəzifədən getmir, o gənclərə nə üçün meydan vermir? Azərbaycanda hər yerindən duran şeir, nəsr əsəri yazaraq   özünü dahi yazar hesab edir və AYB sədri kimi Anardan nə isə umur. Anar axı bunların hamısına harada və necə meydan versin? İndiki halda hər hansı bir  qələm sahibi yazdıqlarını istənilən KİV-də  dərc etdirmək imkanına malikdir. Belə olduğu halda Anarın hədəfə alınmasının arxasında, bir kökündə də zənnimcə onun simasında milli varlığımıza atılan iftira və böhtanlar dayanır. Yeri gəlmişkən onu da xatırladım ki,  son dövrlərdə yalnız Anar deyil, Azərbaycanın digər tanınmış ziyalıları, Azərbaycan türklərinin dövlətçilik tarixində önəmli rol oynayan, böyük xidmətləri olan məşhur simalarımız  da hədəfə alınaraq onların üzərinə böhtanlar, iftiralar yağdırılır. Hətta Azərbaycan türkü olduğu şübhə doğurmayan Aşıq Ələsgər belə qeyri-türk kimi qələmə verilir. Mənə elə gəlir ki, bütün bunların arxasında bizə düşmən güclərin xüsusi xidmət orqanları tərəfindən ələ alınaraq onlara xidmət edən, rəhmətlik İsmayıl Şıxlı demişkən “sapı özümüzdən olan baltalar” dayanır və onlar vahid mərkəzdən idarə olunurlar. Məqsəd də millətimizın mənəviyyatını sarsıtmaq, bizim guya “natamam millət” olduğumuz barədə özümü-özümüzdə rəy formalaşdırmaqdır. Yenə də təssüflər olsun ki, bilməyərəkdən düşmənin bu tələsinə düşən soydaşlarımızın sayı, düşmən güclərə xidmət edənlərin çaldıqlarına oynayanlar  heç də az deyil. Bu baxımdan günlərin birində Anarın türk olmadığını, guya onun dədə-babalarının hansısa etniklərdən olduğunu iddia etsələr, buna da təəcüblənməyin. Hər halda gəlin açıq danışaq: Anarın hədəfə alınmasının arxasında həm onun vəzifəsinə göz dikmə, həm də onun tanınmış yazar kimi məşhurluğunu şübhə altına almaq cəhdləri dayanır. Türk düşmənləri bu gün Anarı hədəfə alıblar, onu mənəvi cəhətdən sıradan çıxarma cəhdlərinə baş vururlar. Sabah isə bu hədəf digər məşhur yazarlarımız və siyasilərimiz olacaq. Anarı yalnız damarlarında türk qanı axmayan bəzi insanlar və bilməyərəkdən düşmən güclərin çaldığına oynayanlar, türk düşməni olanlar sevə bilməz. Anara atılan daş Azərbaycana, Azərbaycan ziyalılarına atılan daşdır və buna isə qətiyyən yol vermək olmaz… 

Əziz Mustafa

Azərbaycan Yazıçılar Biurliyinin üzvü, tədqiqatçı jurnalist

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen + 5 =