Anadan şair doğulanlar: Şahməmmədin söz işığında

0
657

Bu gün tanınnmış el şairi, yazdığı hər misrasından sevgi, vətən, məhəbbət boylanan  istedadlı, müdrik qələm ustası, ehtiyatda olan polkovnik, “Polıs” qəzetinin keçmiş baş redaktoru, 40-dan artıq kitabın müəllifi, Respublika “Araz” Ali-Ədəbi mükafatı, “Qızıl Qələm”, “Zərdabi” mükafatları laureatı, Azərbaycan Yazıçılar Birli­yi­nin və Respublika Jurnalistlər Birliyinin üzvü şair Şahmə­m­mədin anadan olmasının 71 ili tamam olur. Həyatının 50 ilini ədəbi-bədii yaradıcılığa həsr edən görkəmli qələm ustası olan və ömrünün müdriklik dövrünü yaşayan poeziyamızın şahı  Şahməmmədə “Mətbuat firması”  adından yeni yaradıcılıq uğurları arzulayır, “Səsiniz həmişə poeziya, həyat zirvəsindən daha gur gəlsin”,- deyirik.

Təbii baxımdan özünəməxsus gözəlliyi ilə seçilən və dünyanın belə demək mümkünsə cənnətməkanı hesab edilən Azərbaycanın hər daşında, qayasında, çiçəyində, gülündə, yazında, yayında, payızında, qışında  qəlbləri riqqətə gətirən bir gözəllik, insan ruhunu yerindən oynadaraq onu məst edən əsrarəngiz bir poeziya var. Buna görə də qədimlərdən  Azərbaycan  şairlər yurdu kimi tanınıb, dünya mədəniyyəti xəzinəsinə Nizami Gəncəvi, Füzuli kimi dahi şairlər, el aşıqları bəxş edib. Sonrakı dövrlərdə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasımbəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə və  digərləri tərəfindən Azərbaycan poeziyasi inkişaf etdirilərək yeni zirvələrə qaldırılib. Bəlkə də buna görə Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada uşaqdan tutmuş son günlərini yaşayan insanlara kimi hamı şair təbiətli, şair ruhludur, sinəsi sözlu, nəğməli, şeir dəryasıdır. Çoxəsrlik Azərbaycan poeziyasında özünəməxsus iz qoyan, ilhamını təbiətin gözəlliyindən alan və sinəsi bütün həyatı boyu dağ çeşməsi kimi gündə yüz yol dolub-boşalan  şairlərdən biri də istefada olan polis polkovniki, 40-dan çox kitabın müəllifi , müasir ədəbiyyatımızda Şahməmməd kimi tanınan  şair Şahməmməd Şahməmmədovdur.  Onun poeziyamıza gəlişi və ədəbiyyatımızda özünəməxsus bir iz qoyması da bir alın yazısı, taledir desək səhv etmərik.  O sanki anadan şair doğulub və hər misrasında, hər sözündə dərin bir hikmət gizlənir. Məsələn, Şahməmmədin “Sevməsəydim, yaşamazdım”, adlı şeirində həyata böyük, ilahi bir məhəbbət hiss edilir. Ümumiyyətlə sevgi, sevərək yaşamaq şairin həyatının mənasını, ana xəttini təşkil edir:

Sən göy dəniz, qucağında mən bir ada,

Qoruyuruq məhəbbəti biz ikimiz.

Sevməsəydim, yaşamazdım  mən bu dünyada,

Sevməyi də sən öyrətdin mənə dəniz.

Dəniz və təbiətin gözəlliyi, bu vətən torpağının dağı-daşı, qayası, çiçəyi, gülü ilham mənbəyidir Şahməmmədin. Ona görə də Şahməmməd incə ruhlu şairdir. Bunu onun 30-dan artıq şeirinə bəstəkarlarımız tərəfindən mahnı bəstələnməsi də bir daha sübut edir.

Şahməmmədin poeziya zirvəsinə gedən yolu doğma kəndlərindən Azərbaycanın qədim və eyni zamanda ən gözəl yurd yerlərindən biri olan Ağsu rayonunun Ləngəbiz kəndindən başlayıb. 1947-ci il avqust ayının  6-da Ləngəbiz kəndində anadan olan Şahməmməd uşaq yaşlarından poeziya, şeir həvəskarı kimi tanınıb. Sabir adına Şamaxı Pedaqoji  Texnikumunu bitirən Şahməmməd bir müddət Cəfərli və Ərəbuşağı kəndlərində müəllim işləyib. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub və eyni zamanda hüquq-mühafizə orqanlarında işə düzəlib. Şahməmməd 1982-84-cü illərdə SSRİ DİN-nin Moskva şəhərindəki akademiyasında təhsil alıb və bir sıra məsul vəzifələrdə çalışıb. Bununla da həyatını müqəddəs bir vəzifəyə, haqq və ədalətin keşiyində durmağa sərf edərək polis polkovniki rütbəsinə kimi ucalıb.  Eyni zamanda Şahməmməd ədəbi yaradıçılığını da davam etdirib. Onun “Çiçəklər” adlı ilk şeiri 1966-cı ildə çap edilib. İlk şeirindən də poeziyamıza yeni nəfəsin gəldiyini ortaya qoyan və sonraki dövr ədəbi-bədii yaradıcılığında obrazlı  şəkildə desək yeni zirvələrə ucalan Şahməmməd yiz minlərin, milyonların sevimlisinə çevrilməyi bacardı. Qeyd etdiyimiz kimi Şahməmmədin ilham qaynağı dənizidir, vətəndir, onun gözəlliyidir. Ümumiyyətlə şairin yaradıcılığında dəniz mühüm yer tutur və onun bu sevgisi bitib tükənmək bilmir:

Saçıma dənizin əli dəyəndə,

Yatmış xatirələr sanki ürküşür.

Lalələr boyuma boy verməyəndə,

Dəli cavanlığım yadıma düşür

 

Saçımda dənizin əli gəzəndə,

Qara hörüklərə əlim toxunur?

Odur e…e…

O qızın gözü gözümdə,

Sirli kitab kimi ürək oxunur. (“Saçıma dənizin əli dəyəndə”)

Şahməmməd vətən şairidir, Azərbaycana, doğma yurdumuza məhəbbət onun ədəbi yaradıcılığının ana xətlərindən birini təşkil edir.  Onun vətənə aid yazdığı hər misrası qəlbləri yerindən oynadır, insanları titrədir:

Müqəddəsdir ölməzliyim,

Ziyarətim, vətən, vətən.

Son məqsədim, son mənzilim,

Saf niyyətim vətən, vətən. (“Vətən..Vətən…”)

Şahməmməd sevgi, məhəbbət şairidir. O sevgisiz yaşamağı mümkün hesab etmir, məhəbbət onun üçün həyatdır, bir əbədi səadətdir. Bu qısa məqaləmizdə Şahməmmədin sevgi dünyasından geniş bəhs edə bilmirik və sadəcə olaraq onun 8 misrası ilə  incə ruhunun çırpıntılarını oxucularımıza çatdırmaq istəyirik:

Qara bir gecənin arzusundayam,

Yatım quzu kimi, alım dincimi.

Ya sən bir Günəşsən, ya mən bir Ay,

Udmuşuq dünyanın qızıl rəngini.

Söndür işıqları, söndür əzəizim,

Sənin, od nəfəsin isidər məni.

Söndür, öz rənginə bələnsin gözüm,

İşıqsız, filansız taparam səni.(“Söndür işıqları”)

Hazırda Şahməmməd ömrünün müdriklik zirvəsini yaşayır, ancaq həmişəki kimi yazmaqdan,  yaratmaqdan doymur, yenə də gənclik həvəsi ilə gündə yüz yol sinəsini ağ vərəqlərin üzərinə boşaldır.  Biz bu gün 71 yaşını qeyd edən, hamının sevgi və məhəbbətini qazanan görkəmli el şairi Şahməmmədə  daha böyük yaradıcılıq uğurları, həmişə poeziyamızın zirvəsində olmağı arzulayırıq.

Emin Axundov

BIR CAVAB BURAXIN