Amerikada yaşasa da qarmonu əlindən yerə qoymur

0
1089

 

   Azərbaycan qarmon ifaçılığı sənəti çox-çox əsrləri əhatə etməsə də, musiqimizin bədii özəlliklərini özündə cəmləşdirə, zənginləşdirə və dərindən təbliğ edə bilib. Xalqımız bu çalğı alətini doğmalaşdırıb, həyat və məişətində layiqincə istifadə edib, şənliklərində səsləndirib, nəhayət formalaşdıraraq səhnələrə, ansamblların, orkestrlərin tərkibinə, radio və televiziya konsertlərinə gətirib, xarici ölkə səfərlərinə aparıb, nəhayət tədrisə cəlb edərək yüksək səviyyəli ifaçılıq sənətinə nail olub. Güney Azərbaycanda da qarmon sənəti xüsusi maraq oyatdığı üçün orada da qarmon ifaçıları yetişib. İranda yaşayan Azərbaycan türkləri çalğı alətləri içərisində qarmonu da çox sevir və milli alət kimi qəbul edirlər. Hətta hazırda dünyanın əksər ölkələrinə səpilən soydaşlarımız qarmon ifaçılığı sənətinə könül verərək musiqi nümunələrimizi, muğamlarımızı sevə-sevə çalır və rahatlıq taparaq özlərini vətəndə hiss edirlər. Çünki qarmon Azərbaycan çalğı alətlərinin tərkibinə daxil olduğu andan özünü təsdiq etmiş, xalqımız tərəfindən sevimli bir sənət forması alaraq vətənin, musiqi mədəniyyətimizin ayrılmaz zərrəsinə çevrilmişdir. Hazırda vətənimizdə ustalar tərəfindən hazırlanan Azərbaycan qarmonları əksər ölkələrdə xalqımızın nümayəndələrinin əlində səslənir. Onlardan biri də Əli Haqşinasdır.

 

Əli Əhməd oğlu Haqşinas 1961-ci il aprelin 30-da Təbriz şəhərində, çoxuşaqlı ailədə dünyaya gəlib. Ata Əhməd Haqşinas (1910-2001) Həştərxanda (Hacı Tərxan) anadan olub, burada boy atıb və gənclik illərində Təbrizə gələrək bu şəhərdə məskunlaşıb. Ana Südabə Məhəmməd-Həsənzadə (1938-1992) Gəncədə dünyaya gəlib. O, tanınmış Məhəmməd-Həsənzadələr nəslindəndir. Gəncədə nüfuz sahibi olan bu nəslin əsli Güney Azərbaycandan olub. Südabə xanımın ikinci adı da olub, onu Fatma çağırıblar. Onların ailəsi 1945-ci ildə Təbrizə köçüb.

Əli Haqşinas Təbrizdə 1966-1976-cı ildə mədrəsə, 1976-1981-ci ildə Hünəristan (yəni peşə məktəbi) təhsili alıb. Təhsil aldığı illərdə fəhmi, ağlı və xüsusi bacarığı ilə seçilib. Uşaqlıqdan musiqiyə, xüsusilə qarmona marağı olub. Ata isə onun musiqi ilə məşğul olmasının əleyhinə idi.

Əlinin söylədiklərindən: “Müntəzəm Bakı radiosunun dalğalarını tutur, konsertləri dinləyirdim. Bu konsertlər içində qarmon ifaçıları-Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, daha sonralar Zakir Mirzəyev, Avtandil İsrafilov, Teyyub Teyyuboğlu və başqalarının ifalarından zövq alır, bu sənətə daha çox vurulurdum. Bu işdə məni anam himayə edir, dəstək olur və həvəsləndirirdi. Çox istəyirdim ki, qarmonçalan olum”.

İran islam inqilabından sonra bir müddət musiqiyə qadağa qoyulur. Çoxları kimi Əlinin də musiqiyə qovuşmaq arzusu baş turmur və ləngiyir. Sonralar mövcud rejimin sərt qadağaları yumşalır və beləliklə Əli də musiqi ilə məşğul olmağa başlayır. O vaxtlar İranda qarmon aləti yox idi. Odur ki, Əli nəfəslə ifa olunan qarmonla (dodaq qarmonu) çalğı öyrənir. Qarmondakı kimi incəliklər, “şirinliklər” olmasa da, dodaq qarmonunda çalmağa məhkum olan Əli bir an da ondan ayrılmır, çalır, hey çalırdı…

Əlinin fikirlərindən: “Ağız qarmonu qardaşım oğlu Əhədə hədiyyə alınmışdı. “Melodika” adlı bu çalğı aləti Yaponiya istehsalı idi. Uşaq bu alətin bir dilini sındırmışdı. Alətin tam yararlı olmaması, üstəlik atamın çalğıyla məşğul olmağımı bəyənməməsi çətinlik törədirdi. Odur ki, hamamda, emizdəki yardımçı otaqda gizlinçə çalırdım. İlk dəfə Azərbaycan radiosundan eşitdiyim “Cücələrim” uşaq mahnısını öyrəndim. O qədər sevinirdim ki… Sonra tədricən başqa havaları da çalmağa başladım. Bizi öyrədən yox idi, müəllim, məktəb olmadığı üçün, təsəvvür edin ki, dodaq qarmonu ilə 22 yaşında çalğı öyrəndim. Bu yaşda başqaları artıq sənətkar ola bilir. Bakıda bu yaşda Milli Konservatoriyanı, Musiqi Akademiyasını, Mədəniyyət və İncəsənət Universitetini bitirirlər”.

Təbrizdə akkordeon ifaçısı, hazırda yaşı 70-dən çox olan Cavad Əlivəndi var. Dadsetampurun orkestrinin ifaçısı olan bu musiqiçi 1/4 tonlu səslər əlavə olunmuş “koron” akkordeonla çalırdı. O, Təbriz toylarında da çıxış edirdi. C. Əlivəndi akkordeonu qarmon üslubunda ifa edirdi. Elə əslində Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərlərindəki akakordeonçalanlar bu aləti qarmon kimi çalırdılar.

Əli toylarda Cavadın ifasını həvəslə dinləyirdi. Əligilin sənət öyrəndiyi dövr çox çətin idi. Təsəvvür edək ki, ermənilər Təbrizdə musiqi məktəbi açsalar da, kifayət qədər şagird toplaya, yetişdirə bilməsələr də, soydaşlarımız üçün məktəb açılmamışdı.

Əli Haqşinas 1983-cü ildə Təbriz radiosunun pianoçusu Rza Rəzəvinin yanına gedib 1 ay dərs alır və “Melodika”da çalğısını bir az da mükəmməlləşdirir. “Melodika”nın ifa imkanları geniş olmasa da, Əli “bərnamə”lərdə, toy-nişanda çalaraq öz istedadını cilalayır, bədii enerjisini işlədir. O, artıq özünü sənətdə hiss etdiyi, musiqisiz yaşamağın ona çətin olduğunu duyduğu üçün 1985-ci ildə ilk dəfəolaraq akkordeon alır və qarmon havaları çalmağı öyrənir. Hətta muğamlar üzərində işləyir və durmadan məşqlərini davam etdirir. Onun müəllimi, dərsliyi Azərbaycan radiosundan öz maqnitofonuna köçürdüyü qarmon ifaları olur. Beləliklə xalq havalarımızı, rəqs melodiyalarını, bəstəkarlarımızın populyar, toylarda tələb olunan, sevimli mahnılarını tamam-kamal öyrənir və dostların toylarına ayaq açır. Bu tədbirlər onu tanıdır, əhatəsini genişləndirir və nəhayətdə Təbriz musiqiçilərinin çoxu tərəfindən bəyənilərək qəbul olunur. Qeyd etməliyik ki, Əli bütün dost-tanış toylarına qazanc məqsədi ilə ilə deyil, təmənnasız gedir, əvəzində qazandığı isə sənəti mükəmməlləşdirmək olur. Əli musiqi işinə həm də vətənpərvərcəsinə yanaşır, xalqın musiqi mədəniyyətinin inkişafına çalışır, xalq musiqisini cəmiyyətə daha çox sevdirmək istəyirdi. Əli Haqşinas kimi vətənpərvərlər musiqiyə canı-dildən xidmət edir, bu sənətin yaşaması, sevilməsi və inkişafına xidmət edirlər. Azərbaycan müstəqil qazandıqdan, İranla diplomatik, iqtisadi, mədəni əlaqələr yarandıqdan sonra xanəndələrin, musiqiçilərimizin soydaşlarımızla görüşə getməsi orada da qarmon ifaçılığı sənətinin inkişafına şərait yaratdı. Azərbaycandan İrana qarmonlar da aparılırdı. Əli 1991-ci ildə ilk qarmonunu alır. Bu Rusiyanın Tula şəhərində hazırlanan Azərbaycan qarmonu idi. Bu, Ə. Haqşinasın həyatında ən xoşbəxt yaşantıya çevrilmişdi. Qarmonu əlindən yerə qoymur, xalq havalarımızı sevə-sevə çalır və böyük ilham alırdı. Əsl arzusuna indi yetişmiş, peşəkar Azərbaycan qarmonu ilə dostluğa qovuşmuş, nəfəs almağa başlamışdı. Özü dediyi kimi – “Mən, qarmonun körüyü ilə nəfəs alıram”.

Təbrizə gedən qarmon ifaçılarının şərəfinə evlərdə təşkil olunan “bərnamə”lər (tədbirlər) oradakı qarmonçalanlar üçün əsl tədris əhəmiyyətli olurdu. Təbrizlilər Bakıdan gedən qarmonçalanların ifasını əyani şəkildə görür, onların barmaqlarına, ifa qaydalarına diqqətlə nəzər yetirir, belə tədbirlərdə çəkilən video-diskləri əldə edərək sənət öyrənirdilər. Əli də “bərnamələr”də Bakı qarmonçalanları ilə görüşüb yaxından tanış olur, ifalarına diqqət kəsilir, onları öz evinə dəvət edirdi.

Təbrizdən Bakıya gəlib ifaçılarımızdan qarmon dərsi alanlar, qayıdanda buradakı ustaların hazırladığı qarmonlardan alıb aparırdılar. Elə bu iş hazırda da davam edir. Ə. Haqşinas 1993-cü ildə Bakıya gəlmiş, şəhəri gəzib-dolanıb, paytaxt şəhərlə tanış olmuş və geri dönəndə özünə usta Rafiq Seyidovdan ən yaxşı qarmonlardan birini alaraq Təbrizə aparıb.

Artıq Təbrizdə də musiqi məktəbləri açılmağa icazə verilmişdi. Ə. Haqşinas 1989-1995-ci illərdə Fərşbafın məktəbində qarmon dərsi deyib. O, özü 200 səhifəlik “Qarmon məktəbi” kitabı da yazıb. Bunu almanların, ingilislərin, italyanların akkordeon kitablarından nümunə götürərək hazırlayıb. Əli tərtib etdiyi bu məcmuədən yalnız özü dərs dediyi məktəbdə istifadə edirdi. Əli 1987-ci ildə Təbrizdə çox sevdiyi, özünə dost-arxa, sirdaş saydığı Rübab xanımla ailə qurub, övladları dünyaya gəlib. Ailə 1998-ci ildə Türkiyəyə, 2000-ci ildə Amerikanın Texas Ştatının Huyston şəhərinə köçüb. Əli Haqşinas harada olmağından asılı olmayaraq qarmondan ayrılmır, çalır və dinləyənlərə məlumat verir ki, bu Azərbaycan qarmonudur. O, internet vasitəsilə Azərbaycan musiqisini, qarmon ifalarını izləyir və boş vaxtlarda məşq edərək öyrəndiklərini öz ifasına gətirir. Onun ifasında xalq havaları, muğamlar və müasir bəstəkarlarımızın əsərləri tam təsir gücü ilə ecazkar səslənir. Qeyd etməliyik ki, Azərbaycan qarmonu inkişaf etmiş əksər ölkələrdə diaspor təşkilatlarının tədbirlərində, xalqımızın nümayəndələrinin şənliklərində, toylarında istəkli, istedadlı soydaşlarımız tərəfindən səsləndirilir.

Ə. Haqşinas öz xanımı ilə 2003-ci, 2008-ci və 2017-ci ildə Bakıya gəlib, Azərbaycanı gəzib dolanıb, anasının vətəni Gəncədə olaraq qohumlarla görüşüb. Hər səfərində bu ailə incəsənətimizə, milli musiqi tariximizə dair yeni nəşr olunmuş kitabları alıb aparır. Bu kitabları həm özləri oxuyur, həm də Huystonda yaşayan soydaşlarımıza da ötürürlər ki, onlar da mədəniyyətimizlə yaxından tanış olsunlar. Əli Haqşinas Amerikaya səfər edən musiqiçilərimizin çıxışlarını seyr etmək üçün ailə üzvləri ilə gedir və konsertlərdən sonra sənətkarlarımzla tanış olur. Bu konsertlər bütün soydaşlarımız üçün əsl qürur mənbəyinə çevrilir. Əligil uzaq ölkədə yaşasalar da, bütün məşhur sənətkarlarımızı tanıyır və ifalarını izləyirlər.

Əhsən Rəhmanlı

Tədqiqatçı

 

BIR CAVAB BURAXIN