“Alpan etüdləri” haqqında

0
1002

Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qvami Məhəbbətoğlu oxuculara “Hərdən gülməyim gəlir”, “Bu mənim alın yazımdır”, “Bibimin madonna servizi” adlı kitabları, istər bütövlükdə cəmiyyətimizi, istərsə də fərd olaraq hər birimizi düşündürən müxtəlif məsələlərə özünəməxsus yanaşma sərgilədiyi, müxtəlif janr və üslubda  təqdim etdiyi məqalə və oçerkləri ilə   tanışdır. Doğulub boya-başa çatdığı, Azərbaycan tarixinin müxtəlif dövrlərinin izlərini özündə yaşadan  qədim Alpan kəndi və onun sakinləri haqqında hazırladığı “Alpan etüdləri” kitabı müəllifin yaradıcılıq fəaliyyətində  növbəti uğurdur.

Elmi ədəbiyyatda, bədii əsərlərdə, publisistikada, rəqəmsal texnologiyaların geniş vüsət aldığı və sürətlə inkişaf etdiyi müasir dövrdə  elektron informasiya resurslarında Quba rayonunun Alpan kəndi, onun tarixi və müasir dövrü  haqqında obyektiv və subyektiv xarakterli müxtəlif məlumatlar yer almış, fərziyyələr irəli sürülmüş və bu sahədə fəaliyyət bu gün də davam etdirilir. Qvami Məhəbbətoğlunun ərsəyə gətirdiyi və böyük zəhmətin nəticəsi olan “Alpan etüdləri” kitabı qeyd olunan istiqamətdə atılan növbəti addım olmaqla yanaşı, Alpan kəndi, onun sakinləri, tarixi, təsərrüfat və elmi-mədəni həyatı, özünəməxsus adət-ənənələri, ayin və mərasimləri və s. haqqında informasiya əldə etmək, müxtəlif nəsilləri bir-birinə bağlayan  bağları üzə çıxarmaq, onlar arasında körpü salmaq baxımından əhəmiyyətlidir və bir sıra müsbət məziyyətləri ilə diqqəti cəlb edir.

Kitaba daxil edilən və fərqli üslublarda yazılan materialları şərti olaraq iki hissəyə bölmək olar. Onların bir hissəsini Qvami Məhəbbətoğlunun özünün müəllifi olduğu, digər hissəsini isə başqa müəlliflərin müxtəlif dövrlərdə hazırlayaraq oxuculara təqdim etdikləri materiallar təşkil edir.

Qvami Məhəbbətoğlunun Alpan kəndinin çoxəsrlik tarixi, Alpan kənd məktəbi və taleyini bu təhsil ocağı ilə bağlayan, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan və müxtəlif nəsillərə aid nümayəndələr, kənd məscidi və dini dəyərlərin qorunması sahəsində xidmətləri olan şəxslər  haqqında topladığı və ya özünün qeydə aldığı məlumatlar həm tarix və müasirlik baxımından əhəmiyyətlidir, həm də kifayət qədər maraqla oxunur. 

Kitabda müsbət mənada diqqəti cəlb edən məqamlardan biri  Alpan kəndində yaşayan müxtəlif ailə və nəsillərin  şəcərəsi ilə bağlıdır.  Qeyd etmək lazımdır ki, dünyanın bir sıra xalqlarında şəcərə ağacının tərtibi sahəsində əsrlərə söykənən ənənələr mövcuddur. Xüsusi şəcərə cədvəlləri ilə yanaşı, hüquqi və təsərrüfat xarakterli sənədlərdə, epiqrafik abidələrdə, dini idarələrdə, xüsusilə kilsələrdə tərtib olunan xronikalarda və digər mətnlərdə ayrı-ayrı nəsillərin bir neçə əsri əhatə edən şəcərə ağacını yaratmaq üçün zəngin material yer almışdır. XVI əsrin sonlarında Avropada geneologiya xüsusi elm sahəsi kimi formalaşmağa başlamış, sonrakı əsrlərdə isə daha da təkmilləşərək, sistemli xarakter almışdır. Təəssüf ki,  Azərbaycan xalqı şəcərə cədvəllərinin tərtibinə ciddi diqqət yetirən xalqlar sırasında yer almamışdır. Bu, fərdi məlumatları özündə ehtiva edən  sənəd və mətnlərin azlığı, uzun müddət fərdi və kollektiv səviyyədə identifikasiyanın etnik deyil, dini əlamətlərə əsasən aparılması, islam dinindən qaynaqlanan “qəbir itməlidir” yanaşması əsas götürülərək, XX əsrin ikinci yarısına qədər üzərində mərhum haqqında məlumatlar olan  qəbirüstü abidələrin geniş yayılmaması və s. amillər ilə bağlıdır. Bütün bunları nəzərə alaraq,  Qvami Məhəbbətoğlunun şəcərə xarakterli müəyyən məlumatları toplaması və “Alpan etüdləri” kitabına daxil etməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir, çünki bu məlumatlar təkcə Alpan kəndi və onun   sakinlərinin müxtəlif nəsilləri barədə tarixi yaddaşın qorunub saxlanması baxımından deyil, həm də geneologiya sahəsində tədqiqat aparan araşdırmaçılar üçün elmi mənbə kimi əhəmiyyətlidir.

Azərbaycan xalqı zəngin hərb tarixinə malikdir və  bu tarixin yaranmasına Alpan kəndi də öz töhfəsini vermiş, onun sakinləri  müxtəlif dövrlərdə qələbənin sevincini, məğlubiyyətin acısını yaşamışdır və bu səbəbdən də istər Rusiya imperiyasının işğalçılıq siyasətinə,  istər  İkinci Dünya müharibəsində alman faşizminə, istərsə də son onilliklərdə erməni işğalçılarına qarşı müharibədə   qəhrəmanlıq səlnamələri yazan,  haqq işi uğrunda mübarizədə şəhid və ya qazi olan, bir hissəsi bu gün də hərbi xidmətini şərəflə davam etdirən alpanlılar haqqında “Alpan etüdləri” kitabında yer alan və konkret faktlara əsaslanan məlumatlar, bir tərəfdən,  hərbçilərə ehtiramın göstəricisidir, digər tərəfdən isə,  gənc nəslin qəhrəmanlıq ruhunda tərbiyəsi üçün əhəmiyyətlidir.

 “Alpan etüdləri” kitabından  etnoqrafiya ilə maraqlananlar da bəhrələnə bilər. Şübhəsiz ki, Alpan kəndi konkret olaraq Azərbaycan, daha geniş miqyasda isə türk dünyasının bir hissəsidir və bu səbəbdən də kənd sakinlərinin əsrlər boyu yerinə yetirdikləri adət-ənənələr, ayin və mərasimlər ümumazərbaycan və ümumtürk mədəniyyəti ilə üzvi surətdə bağlıdır. Eyni zamanda, kəndin təbii-coğrafi xüsusiyyətləri, təsərrüfat həyatı, onun tarixində iz qoymuş və bu gün də hörmət və fəxarət hissi ilə xatırlanan nümayəndələrinin fəaliyyəti və s. amillərdən qaynaqlanan və yalnız alpanlılar üçün xarakterik olan xüsusiyyətlər, deyimlər, davranış etikası,  maddi mədəniyyət nümunələri də mövcuddur və belə məqamları diqqətdən kənarda qoymayan Qvami Məhəbbətoğlu axtarışlarını bu istiqamətə də aparmış və maraqlı nəticələr əldə etmişdir. Azay bəy və Məmmədxan bəyin aforizmə çevrilən deyimləri, Ömər kişi və  Şıxhəsən kişinin hazırcavablığı və baməzəliyi,  “ciyəryeyən alpanlı” ifadəsi və onun mənşəyi,  “ərvəz” adəti ilə bağlı məqamlar və s. haqqında   kitabda yer alan məlumatlar oxucuda maraq doğurmaqla yanaşı, Alpan kəndinin özəlliklərini də göstərir.

Qvami Məhəbbətoğlunun, “Alpan etüdləri” kitabı vasitəsilə oxucuya təqdim etdiyi şəkillərin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu şəkillərdə təkcə ayrı-ayrı şəxslərin siması, şəkilin aid oluğu dövrlə bağlı maddi mədəniyyət nümunələrinin  surəti əbədiləşməmişdir, zamanın ruhu hopmuş bu “danışan sənədlər” özündə həm də tarix, sosial-iqtisadi həyat, mədəniyyət, məişət, adət və ənənələr haqqında məlumatları ehtiva edir, müxtəlif nəsillər arasında mövcud olan oxşar və fərqli cəhətləri üzə çıxarır və eyni zamanda maarifləndirici xarakter daşıyır.   

“Alpan etüdləri” kitabının zəngin informasiya bazasına malik olduğunu vurğulayaraq, Qvami Məhəbbətoğlunun  zəhmətini yüksək qiymətləndirərək, onu da qeyd etmək lazımdır ki, kitab fəaliyyət və yaradıcılıq arealı kifayət qədər geniş olan alpanlılar haqqında məlumatların müəyyən hissəsini özündə ehtiva edir. Kitabda haqqında söhbət açılan şəxslərlə yanaşı, Alpan kəndində nümunəvi davranışı, zəhmətkeşliyi, peşəkarlığı, doğulub boya-başa çatdığı kəndinə bağlılığı ilə seçilən onlarla digər müəllim, həkim, hərbiçi, din xadimi, idarəetmə və xidmət sahəsində çalışan şəxs, təsərrüfatçı, sürücü, sənətkar, mədəniyyət və incəsənət xadimi, idmançı  və s. yaşamış və ya yaşayaraq fəaliyyətini bu gün də davam etdirir, ailələrdə yüzlərlə qiymətli əşya və fotomaterial saxlanılır. Bütün bunları nəzərə alaraq, ümid etmək olar ki, bu sahədə axtarış və yaradıcılıq fəaliyyəti davam etdiriləcək və Alpan kəndinin keçmişi və bu günü ilə bağlı yeni-yeni əsərlər meydana gələcəkdir.   

Tarix üzrə fəlsəfə doktoru

Aqil Şahmuradov 

BIR CAVAB BURAXIN