Almaniyanın başağrısı: “soyuq müharibə” dövrünün rus casuslarI

0
639
Əziz Mustafa

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə “soyuq müharibə” dövrünün başa çatmasından 25 ildən artıq vaxt keçir. Buna baxmayaraq soyuq müharibə dövrünün varisləri arasında kəşfiyyat və əks-kəşfiyyat müharibəsi günümüzdə belə davam etməkdədir. Bu baxımdan 2011-ci ildə Avstriyada çapdan çıxan jurnalist Peter Ferdinand Koxun “İfşa edilənlər. İkili casuslar. Adları, faktlar və sübutlar” (“Enttarnt. Doppelagenten: Namen, Fakten, Beweise”) kitabı nəinki Almaniyada, həm də Qərbdə böyük əks-səda doğurmaqda davam edir. Kitabda “soyuq müharibə” və ondan sonrakı dövrlədə Almaniyanın ali dairələrində Rusiyanın xeyrinə casusluq edən və almancadan tərcümədə “köstəbək” mənasını verən casuslardan gedir. Qeyd edək ki, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst, BND) üçün başağrısı olub. BND-nin dünyanın müxtəlif ölkələrində 300-dən artıq gizli şəbəkəsi var və onlarda 7 mindən artıq adam işləyir. Hər il BND-yə Almaniya büdcəsindən 500 milyon avro ayrılır. Yeri gəlmişkən, onu da xatırladaq ki, BND-nin əsası İkinci Dünya müharibəsi başa çatandan sonra qoyulub. Faşist Almaniyası darmadağın edildikdən sonra ABŞ və onun müttəfiqləri SSRİ-yə qarşı yeni cəbhə açmaq məqsədi ilə işğal etdikləri ərazilərdə gələcək Almaniya dövlətinin bünövrəsini qoymağa başladılar. Bu çərçivədə Almaniyada yenidən ABŞ və müttəfiqlərinin nəzarəti altında olacaq yeni idarəetmə strukturları (o cümlədən kəşfiyyat və əks-kəşfiyyat) yaradılmağa başlandı. Həmin dövrdə amerikalılar tərəfindən casusluğa cəlb edilən və II Dünya müharibəsi dövründə ABŞ və onun müttəfiqlərinə olduqca gizli məlumatlar ötürən III reyxin hərbi kəşfiyyatının Şərq İdarəsinə rəhbərlik edən general-mayor Reynhardt Gelen ABŞ-dan aldığı yardımlarla yeni casusluq şəbəkəsini yaratmağa başladı. Əvvəlcə, bu şəbəkə onun təşkil edənin adı ilə “Gelen” təşkilatı adlandırıldı. Yalnız 1956-cı ildə “Gelen” təşkilatının adı rəsmi şəkildə dəyişdirilərək, Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst, BND) adlandırıldı. Bununla da Almaniya Federativ Respublikasında Hitler Almaniyası xüsusi xidmət orqanlarının varisi olacaq yeni kəşfiyyat mərkəzi fəaliyyətə başladı. Amma yeni alman kəşfiyyatının hədəfi yenə də SSRİ olaraq qalmaqda davam edirdi. İş orasındadır ki, həmin dövrdə, daha dəqiq desək, ötən əsrin 50-ci illərində Almaniya Federativ Respublikasında çoxsaylı sovet casusları fəaliyyət göstəririd. Onlar həmin dövrdə iki vəzifəni həyata keçirirdilər. Bunlardan birincisi, Almaniya kəşfiyyatının yuxarı dairələrinə öz adamlarını yerləşdirərək, bu ölkəni və onun müttəfiqlərini özlərinin nəzarətləri altında saxlamaqla, ikincisi isə, adıçəkilən ölkədə SSRİ əleyhinə fəaliyyət göstərən və DTK tərəfindən satqın adlandırılan şəxslərin aradan götürülməsi ilə bağlı idi.

Kox da öz kitabında məhz BND-dəki DTK, FTX və BKİ (QRU- Qruppa Razvedivatelnaya Upravleniye) kəşfiyyatçılarından danışır. Onun əlində olan gizli mənbələr və təkzib edilməsi mümkün olmayan faktlara görə, “Gelen” təşkilatında (BND) SSRİ-yə işləyən 47 “köstəbək” olub. Onların hamısı ad və soyadları ilə oxuculara təqdim edilib. 39 “köstəbək” isə hələ də SSRİ-nin varisi olan Rusiyaya işləməkdə şübhəli bilinir. Ümumiyyətlə, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya kəşfiyyatı üçün əsl başağrısı olub. Hələ ötən əsrin 90-cı illərinin sonlarında Almaniyanın məşhur “Şpigel” jurnalında Almaniyanın xarici kəşfiyyatında çoxlu sayda “köstəbəy”in fəaliyyət göstərdiyi barədə sensasiyalı məlumat çap edilmişdi. Kox həmin dövrdə adıçəkilən jurnalda redaktor vəzifəsində çalışırdı. O həmin dövrdə şübhəlilər arasında BND-nin təhlükəsizlik üzrə əks-kəşfiyyat idarəsinin direktoru Folker Ferçin adını çəkmişdi. Yəni faktiki olaraq, Kox Almaniya kəşfiyyatının yuxarı dairələrində nələrin baş verdiyindən məlumatlı idi. Onun həmin dövrdə Almaniya kəşfiyyatının yüksəkrütbəli əməkdaşları arasında çoxsaylı dostları var idi. Onların vasitəsilə Kox Almaniya kəşfiyyatının ali dairələrində nələrin baş verdiyindən müntəzəm olaraq xəbər tuturdu.

Ferçin fəaliyyəti nəzarət altına alınır

Koxun şübhələndiyi Ferç Almaniyada kifayət qədər tanınan general Germanın oğlu, general Fridrixin isə qardaşı oğlu idi. Fridrix və German da faciəli həyat yaşamışdılar. Hər ikisi müharibənin sonlarında əsir düşmüşdi. Fridrix qırmızı ordu tərəfindən əsir alınmışdı. O, Sibirdəki əsirlər üçün nəzərdə tutulan düşərgələrdən birində 8 il yatmışdı. German isə müharibənin sonlarında amerikalılara əsir düşməyi daha məqsədəuyğun bilmişdi. O, ötən əsrin 40-cı illərinin sonlarında Gelenlə birlikdə yeni alman kəşfiyyat orqanlarının yaradılmasında iştirak etdi. German həmin dövrdə həm ABŞ-a, həm də ingilislərə casusluq edirdi. German oğlunun da öz yolu ilə getməsini arzulayır və onu gələcəkdə mahir kəşfiyyatçı kimi görmək istəyirdi. Bu məqsədlə də o, Gelendən oğlu Ferçi xüsusi xidmət orqanlarında işə düzəltməyi xahiş edir. Ən yaxın tərəfdaşlarından olan Germanın xahişinə əməl edən Gelen 19 yaşlı Ferçi, əvvəlcə, yanında sadə əməkdaş kimi işə götürür. Az sonra isə onu özünün əsas köməkçilərindən biri, şəxsi adyutantı vəzifəsinə təyin edir. Almaniyanın ilk kəşfiyyat orqanına rəhbərlik edən Gelenin yanında Ferç 6 il işlədi. Həmin müddətdə Ferç öz şefindən kəşfiyyatın bütün sirlərini, çoxgedişli gizli manevrləri, kollektivdəki dost və dost hesab edilməyən adamların müəyyən edilməsi və lazım gələndə özlərinin maraqlarının təmini üçün onların arasına intriqa salınması yollarını öyrəndi. Bu da ona vəzifə pillələrində sürətlə irəliləməyə imkan verdi. Berlin divarı uçurulan ərəfədə Ferç BND-də Birinci şöbəyə rəhbərlik edirdi. Bu şöbə kəşfiyyat məlumatları toplamaqla məşğul olurdu. Həmin dövrdə faktiki olaraq Ferçin əli BND-nin ən gizli məlumatlarına çatırdı. Bir sözlə, Ferç xarici kəşfiyyata rəhbərliyi ələ almışdı və buna paralel olaraq, o, xarici kəşfiyyatda işə cəlb edilmiş ikili kəşfiyyatçıların üzə çıxarılması və onlardan ölkəsinin xeyrinə istifadə edilməsi vəzifəsini həyata keçirirdi. Ötən əsrin 90-cı illərinin ortalarında Ferç BND-nin Təhlükəsizlik və Əks-Kəşfiyyat İdarəsinin 5-ci şöbəsinə rəhbər vəzifəyə irəli çəkilir. Bir sözlə, o bununla da BND-də şef və onun köməkçisindən sonra vəzifəcə üçüncü adam olur. Amma həmin dövrdə Ferç ilk dəfə həyatında uğursuzluğa dükar olur. Ferçin göstərişi ilə ölkəyə müxalifət ovqatı üszərində köklənən jurnalistlər barədə gizli şəkildə informasiya toplanılmasına başlanılır və onların hər addımları izlənilir. Amma Ferçin göstərişi ilə etibarsız hesab edilən jurnalistlər barədə məlumatların yığılması və onların izlənilməsi haradansa mətbuata məlum olur. Bu da ölkə daxilində böyük qalmaqala səbəb olur. İş orasındadır ki, həmin dövrdə BND-nin ölkə daxilindəki fəaliyyəti qanunla qadağan edilmişdi. Ona görə də BND-nin jurnalistləri izləməsi və onlar haqqında gizli dosyelər toplaması ölkə ictimaiyyəti arasında kəskin etirazlarla qarşılanır.

Ferçi artıq xoşagəlməz hadisələr gözləyirdi. Çünki ölkənin ali dairələri də işə qarışmalı olmuşdular. Ferç vəziyyətdən çıxış yolu axtarırdı və o, himayədarlarının yardımı ilə özünə haqq qazandırmaq niyyətində idi. Amma gözlənilmədən gizli agent Ryubetsal Ferçin özünü sudan quru çıxarmaq istəyinə zərbə vuran bir addım atdı. Ryubetsal KQB-nin kəşfiyyatçısı idi və o, BND tərəfindən ələ alınmışdı. 1997-ci ilin əvvəllərində Ryubetsal ona rəhbərlik edən zabitə BND-nin ali rəhbərliyində rus kəşfiyyatçısının -”köstəbəy”in fəaliyyət göstərməsi barədə məlumat verdi. Bu barədə məlumat Ferçin birbaşa masasının üzərinə qoyulmuşdu. Ryubetsal və ona rəhbərlik edən zabit tezliklə Ferçin lazımi addımlar atacağını və rus kəşfiyyatçısını üzə çıxaracağını gözləyirdi. Amma Ferç cidd-cəhdlə bunun yalan olduğunu söyləyərək, ona verilən məlumatı Rusiya kəşfiyyatının dezinformasiyası adlandırdı. Amma məlumatı Ferçin masası üzərinə qoyan əks-kəşfiyyat zabiti orada yazılanlarla şəxsən tanış idi. Ona görə də “köstəbəy”in şəxsi həyatındakı intim məqamlardan, onun həyat yoldaşının xəstə olmasından, oğlunun özünü öldürməsindən xəbərdar idi. Ona görə də Ferçin “köstəbək” barədə məlumatları əsassız sayması və bu məsələnin üstünü ört-basdır etməsi onun şübhələrini daha da artırdı. O bu şübhələri barədə birbaşa BND-nin şefi Konrad Portsenrə məlumat verdi. Portnser dərhal məsələnin nə yerdə olduğunu anladı və Ferçin izlənilməsi, danışıqlarına qulaq asılması barədə gecikmədən göstəriş verdi. Ferçin evi də xüsusi nəzarət altına alınmışdı.

Portsner hətta gizli əmr verərək, Ferçin Moskva ilə əlaqələrini ifşa edəcək casusa 100 min marka mükafat vəd etmişdi. Nəhayət ki, Ferçin Moskvaya işləməsi barədə müəyyən faktlar əldə edildi. Bunun əsasında 1998-ci ilin may ayında Ferçə qarşı xarici kəşfiyyata işləməsi barədə cinayət işi başladılır. Ancaq Ferçin ifşa edilməsi BND-də və Almaniya hökumətində siyasi böhrana gətirib çıxaracaqdı. Çünki həmin vaxta kimi alman kəşfiyyatı dünyanın ən məşhur xüsusi xidmət orqanlarından biri hesab edilirdi. Ona görə də yuxarılarda bu işin üstünü örtməyə cəhd edildi. Bunun da nəticəsində məhkəmədə Ferçin günahı “sübut” edilmədi. Onu ifşa edən Ryubetsal isə avantürist hesab edildi və o, saxta sənədlə dövləti aldatmaqda ittiham edildi. Ancaq məsələ ətrafında hadisələr o qədər böyümüşdü ki, Ferç tutduğu vəzifəsindən istefa verərək, vaxtından əvvəl təqaüdə çıxmağa məcbur oldu.

İkili oyunlar və Kox Ferçdən əl çəkmir

Ferçin vaxtından əvvəl təqaüdə çıxaraq qalmaqal ətrafındakı gərginliyi aradan qaldırmaq cəhdləri arzuedilən nəticə vermədi. Belə ki, Koxun əlində Ferçin ikili kəşfiyyatçı olması və Rusiyanın xeyrinə casusluq etməsi barədə bir neçə təkzibedilməz fakt vardı. O bu faktlar barədə yazdığı kitabda geniş məlumat verərək, Ferçin təmizə çıxarılmasının arxasında şübhəli amillərin olduğunu sübut etdi. Bununla əlaqədar Ferçin tərcümeyi-halındakı şübhəli faktlar da onun Moskvaya işləməsi barədəki iddiaların doğru ola bilməsini göstərirdi.

1953-cü ildə gənc Ferç Almaniya Demokratik Respublikasından ( ADR) Qərbi Almaniyaya qaçan almanlara müvəqqəti pasportların verilməsinə nəzarəti həyata keçirirdi. Həmin vaxt qaçqınları qəbul edən qəbul düşərgəsi Qərbi Berlindəki Marienfeld rayonunda yerləşirdi. Bu düşərgə vasitəsilə QDR-dən qaçan on minlərlə qaçqın Qərbi Berlində yaşamaq statusu aldı. Ötən əsrin 80-ci illərindən isə QDR və digər sosializm bloku ölkələrindən qaçan minlərlə qaçqın Marienfeld düşərgəsində Almaniya və Qərbi Berlində yaşamaq üçün müvəqqəti pasport aldı. Həmin vaxt qaçqınlar arasında Herfrid Paxmann adlı birisi Ferçdə özünə rəğbət oyada bilmişdi. Tezliklə onların bu təsadüfi tanışlığı dostluğa çevrildi. Milliyyətcə çex olan Paxmann mədəni adam idi və elmi sahədə zəngin biliyə malik olması ilə diqqəti cəlb edirdi. Onun, demək olar ki, bilmədiyi, baş çıxarmadığı sahə yox idi və insanda hərtərəfli, geniş dünyagörüşünə malik olan bir sivil şəxs təsiri bağışlayırdı. Paxmannın həmçinin Şərqi Berlindəki ruslar arasında çoxlu sayda tanışları vardı. Bu da Ferçin böyük marağına səbəb olmuşdu. Onlar müntəzəm olaraq Qərbi Berlindəki “Hardtke” restoranında görüşməyə başlamışdılar. Ferçi o dövrdə daha çox SSRİ-yə əsir düşən dayısı general Fridrixin taleyi maraqlandırırdı. Paxmann Ferçin xahişi ilə Şərqi Berlindəki SSRİ hərbi komendaturasındakı tanışlarının yardımından istifadə etdi və təzliklə Fridrixin yerini müəyyən etdi. Amma Paxmannın bu işdə Ferçə yardım etdiyini sübut edən faktlar əldə yoxdur. Ancaq Fridrixin gözlənilmədən 1954-cü ildə əsir düşərgəsindən azad edilməsinin təsadüfi olduğunu da söyləmək sadəlövhlük olardı. Çünki SSRİ xüsusi xidmət orqanları nəinki sıravi alman əsirlərin, hətta zabitlərin belə asanlıqla azadlığa buraxılmasına imkan vermirdilər. Belə bir vəziyyətdə Fridrixə “qayğı” göstərilməsi və onun azadlığa buraxılmasının arxasında Ferçin tanışı Paxmannın xüsusi rol oynadığı güman edilir. Sonrakı araşdırmalar göstərdi ki, Paxmann, həqiqətən də, SSRİ Baş Kəşfiyyat İdarəsinin Şərqi Berlindəki Treptov rayonunda yerləşən rezidenturasının gizli əməkdaşı olub. Lakin Ferç haqqında cinayət işi qaldırılarkən bu məsələnin üstündən sükutla keçildi. Niyə? Bu suala birbaşa cavab vermək asan deyil. Amma ola bilməzdi ki, məhkəmədə Ferçin Rusiyanın xeyrinə casusluğa cəlb edilməsinə şübhə yeri qoymayan bu önəmli fakt hər işdə olduqca diqqətli olan məhkəmənin diqqətindən yayınsın. Ola bilsin kı, bu fakta göz yumulması yuxarıların göstərişi ilə edilmişdi.

İkili oyunları təsdiq edən hadisə

Ferçin ikili oyunlara cəlb edildiyini 1962-ci ildə baş verən digər hadisə da sübut edir. Həmin ildə Ferçin əlinə BND-nin iki aparıcı əməkdaşının şübhəli hərəkətləri barədə material düşür: BND-nin əməkdaşları Felfe və Klemens SSRİ xüsusi xidmət orqanlaru tərəfindən əməkdaşlığa cəlb edilmişdilər. Hər şənbə günü müəyyən radiotezlikdə onlar üçün xüsusi siqnallar göndərilirdi. Bu siqnalların oxunması üçün xüsusi şifrəaçıcı trafaret tələb olunurdu. Amma günlərin birində Felfe bu siqnalları oxuya bilmədi. Çünki istifadə etdiyi şifrəaçıcı trafaret artıq köhnəlmişdi və işə yaramırdı. Bunu görən Felfe əlacsız qalaraq dostu, digər KQB agenti Klemensə zəng vuraraq kömək istəməli oldu. Klemens dostuna poçt vasitəsi ilə təzə şifrəaçıcı trafaret göndərdi. Lakin Felfin Klemensə zəng etməsi və ondan yardım istəməsi BND-nin diqqətini cəlb etmişdi. Bununla bağlı şübhə doğuran materiallar Ferçin masasının üzərinə qoyuldu. O bununla bağlı məsələni araşdıraraq nəticəsi barədə şefə məlumat verməli idi. Amma Ferç bu məsələni araşdırmaq əvəzinə, onu seyfə qoyaraq ağzını kilidlədi. Ancaq Felf və Klemens digər kəşfiyyatçılar tərəfindən də izlənilirdi. Bunun da nəticəsində adı çəkilən hər iki şəxs baş verən hadisədən bir neçə il sonra həbs edildi. Yalnız bundan sonra Ferç özündə olan şübhəli materialları məhkəməyə təqdim etdi. O vaxt Gelen tərəfindən müdafiə edilən Fercə məsələni araşdırmaq əvəzinə, onu gizlətməsi barədə iş qaldırmağa cəsarət etmədilər. Çünki bu, alman kəşfiyyatının xaç atasından, onu yenidən quran şəxsin özündən şübhələnmək anlamına gələcəkdi.

Sonralar Almaniya Baş prokuroru Şults artıq öz vəzifəsindən könüllü şəkildə istefa verməyə məcbur olan Ferçdən soruşacaqdı: “1997-ci ildə Moskvaya xidməti, yoxsa şəxsi işlə bağlı getmişdiniz?” Ferç, həqiqətən də, həmin vaxt Moskvaya səfər etmişdi. Amma nəyə görə? Ferç baş prokurorun bu sualına susmaqla cavab verir. Halbuki susmaq mühakimə edilənin fakt qarşısında qalması və ona görə özünü müdafiə etmək üçün bəhanə tapmaması kimi qəbul edilir. Həmin vaxt Ferç BND-də üçüncü məsul şəxs sayılırdı və onun bu barədə susması Baş prokuroru daha da şübhələndirməliydi. Amma Ferçi sorğu-suala tutan prokuror onun suala cavab verməməsini görüb, daha dərinə getməmişdi. Belə güman etmək olar ki, ona yuxarılardan bu məsələ barədə çox dərinliklərə getməmək tapşırılmışdı. Ferç 1997-ci ildə Ukraynaya da səfər etmiş və oradakı xüsusi xidmət orqanları rəhbərləri ilə də görüşmüşdü. Moskva səfərindən fərqli olaraq Ukraynada keçirdiyi görüşlər barədə məlumatlar istintaq protokolunda əksini tapmışdı. Sonda Ferçi təmizə çıxaran məhkəmə qərarında belə yazılmışdı: “ Ferçin 1993-1997-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olması barədəki şübhələr heç bir əsasa söykənmir.”

Necə deyərlər, alman kəşfiyyatı və hökuməti bu işi ört-basdır etməklə özlərinin imiclərini qorudular. Amma Koxun da qeyd etdiyi kimi, Ferç həbs edilməli və cəzasını almalı idi. Ferçi yalnız Gelenin xidmətləri və hökumətin yeni qalmaqalla üzləşməmək cəhdləri xilas etdi.

Hazırda Folker Ferç azadlıqdadır və eyni zamanda Almaniya xüsusi xidmət orqanlarının Berlindəki “dəyirmi masası”nın fəxri üzvü olmaqda davam edir. Amma kəşfiyyat xidməti əməkdaşları və köhnə tanışları ona hər yerdə soyuq münasibət bəsləyir və onunla isti əlaqələr qurmaqdan çəkinirlər.

Oxundu: 2

BIR CAVAB BURAXIN