Alman turistlərin məcburi köçkünlərə hədiyyə etdiyi avtomobilləri satan kimdir?

0
638
 

Bakıda keçirilən “Eurovision 2012” yarışmasından sonra alman turistlərin məcburi köçkünlərə hədiyyə etdikləri avtomobillər satışa çıxarılır. Bu barədə bəzi KİV-lərdə videogörüntülər yayılıb.

Binəqədi rayonu ərazisində yerləşən boş massivdə saxlanılan həmin avtomobillər qaçqınlara verilməyib. Gizli çəkilmiş kadrlardan da görünür ki, avtomobil almaq istəyən şəxslə satan arasında sövdələşmə aparılır. Avtomobillər 1500-2000 manat civarında satışa çıxarılıb.

Bəs bu avtomobillər necə satışa çıxarıla bilər? Onları kim və hansı əsaslarla satır? Yayılmış videogörüntülərlə bağlı şərh almaq üçün Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə əlaqə saxladıq. Şuşa Şəhər İcra hakimiyyətinin və icmanın sədr müavini olduğunu deyən və özünü təqdim etmək istəməyən xanımın sözlərinə görə, mətbuatda avtomobillərin satışı ilə bağlı məlumat araşdırılmadan yazılıb. Hömsöhbətimiz özünü təqdim etmək istəməsə də, biz onun Şuşa Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva olduğunu dəqiqləşdirdik. O, bildirdi ki, məlumat qərəzlidir və heç bir əsası yoxdur:

“Mətbuat bir çox hallarda mənbəyini araşdırmadan yazılar yazır. Sağ olun ki, siz araşdırırsınız. Bu məlumat qərəzlidir və qərəzli məlumatla bağlı açıqlama vermək istəmirik”.

İcma rəsmisinə yayılan videogörüntülər və oradakı sövdələşməni xatırlatsaq da, o, icmanın daha vacib işlərlə məşğul olduğunu dedi:

“Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi daha vacib problemlərin həlli ilə məşğuldur. Yalan, şantaj olan yerdə video da olar. Mən bu barədə heç nə demək istəmirəm”, – deyə icra rəsmisi bildirdi.

Xatırladaq ki, bir neçə ay əvvəl virtualaz.org saytı həmin ərazidə olub və dayanacağın mühafizəçisi ilə söhbətləşmişdi. Mühafizəçi dayanacaqda 240 avtomobilin olduğunu bildirsə də, kənardan maşınların sayı çox az görünürdü. Onun sözlərinə görə, dayanacağa giriş qadağandır və onları heç kim çıxara bilməz:

“Bu dayanacaqdakı maşınlara Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, bir də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov nəzarət edir. Dayanacağa giriş qadağandır, yalnız onlar icazə verdikləri halda maşınlar ərazidən çıxarıla bilər”, – nəzarətçi deyib.

Təxminən 1980-ci ildə istehsal olunmuş avtomobillərin qaçqınlara verilməməsi isə onların gömrükdə qeydiyyatdan keçirilməməsi ilə bağlıdır. Maşınların birinin qeydiyyatı üçün tələb olunan rüsum maşının qiymətindən bahadır. Buna görə də illərdir avtomobillərlə bağlı qeyri-müəyyənlik davam edir.

Bu avtomobilləri o halda sənədləşdirmək çətinlik törədə bilər ki, bu avtomobillərin ya xaricdən gətirilərkən ilkin sənədləri olmasın, ya idxal zamanı “Avro 4” standartına cavab verməsin, ya da gömrük ödənişi həyata keçirilməsin.

Bir müddət əvvəl avtomobillərin kəndlərdə əkin-biçinlə məşğul olan köçkünlərə verilməsi təklif olunsa da, bu təklif də havada qaldı.

Xatırladaq ki, “Eurovision-2012” yarışması ərəfəsində Bakıya gələn və maşınlarını qaçqınlara bağışlayan almanlar xeyriyyə aksiyasının iştirakçısıdırlar. Belə ki, “Allgeau-Orient” adlı avtoralliyə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulub ki, onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya doğru (9000 km məsafə) dünyanın ən böyük avtomobil yürüşünü ediblər.

Gülnar Əliyeva

Virtualaz.org

BIR CAVAB BURAXIN