Moskvadan 180 kilometr şimal-şərqdə, Vladimir vilayətində yerləşən Boqolyubovo kəndinin dindarları kənddəki monastırın yaxınlığında kondom zavodunun tikilməsinə etiraz edirlər.
Yerli hökumət bu zavodu tikməklə həm də 200 iş yeri açmağa ümid edirdi.
Ancaq tikinti başlayandan sonra monastırın icması dini səbəblərə dayanaraq bu təşəbbüsə etiraz edib.
Dekabrın 4-də, yerli medianın yazdığına görə, təqribən 120 pravoslav fəal yerli hökumətin administrasiyası qarşısında yürüş keçirərək tikintinin dayandırılmasını tələb edib
“GÖZLƏNİLMƏZ ETİRAZ”
Əsasən xəz palto və papaq geymiş, əllərində ikonalar və taxtadan düzəldilmiş iri xaç olan yaşlı qadınlardan ibarət dəstə ucadan dualar oxuyub. Kütlənin əlində “Müqəddəs yerdə kondom istehsalına yox!” və “Müqəddəs Məryəm, bizi sayğısızlıqdan qoru!” kimi şüarlar olub.
Mübahisə obyektinə çevrilmiş zavod tikilib başa çatdırılsa, kondomdan başqa uşaq bezi və yapışqan bandaj da buraxacaq.
Noyabrın 22-də bir qrup pravoslav dindar zavodun tikintisinə etiraz petisiya təqdim edib. Zavodun məxsus olduğu “Bergus” şirkəti bildirib ki, planları dəyişməyə çox gecdir. Ancaq şirkət noyabrın 24-də etirazçıları qəbul etməyə razılıq verib.
“Bergus”un aid olduğu KIT holdinqinin direktoru Pavel Spichakov-un sözlərinə görə, şirkət üçün bu etiraz “tamamilə gözlənilməz” olub
PAKLIQ VƏ MÜQƏDDƏSLİK
“Mən düşündüm ki, onlar kənddə iş yerləri və vergi gəlirlərinin yaradılmasını dəstəkləyəcəklər”, deyə Spichakov RFE/RL-in rus xidmətinə bildirib.
Yerli jurnalistlərdən birinin noyabrın 24-dəki görüş barədə paylaşdığı məlumatdan bəlli olur ki, etirazçılar kondomdan cinsi yolla keçən xəstəliklərə qarşı vasitə kimi istifadənin əleyhinə çıxış edirlər. “Paklıq pis xəstəliklərdən qorunmaq alətidir. Biz Boqolyubovodan paklıq və müqəddəslik yaymalıyıq!” – etirazçılardan biri deyib.
Etirazçıların narahatlığı hazırlanacaq gigiyenik vasitələrin üzərində kəndin adının yazılması ilə bağlıdır. “Boqolyubovo” – “Allahı sevənlər” deməkdir. 4 min 500 sakini olan kənd XII əsrdə yaşamış rus knyazı Andrei Bogolyubsky-nin adını daşıyır. Elə kənddəki Nerl çayı üzərindəki Pokrov Kilsəsini də knyaz Andrei Bogolyubsky tikdirib. Kilsə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.
15-20 NƏFƏR
Etirazçılar həm də zavodun tikildiyi yerə etiraz edirlər. Zavod Boqolyubski Monastırının yaxınlığında yerləşən bir kərpic zavodunun yerində tikilir. Bu ərazi həm də məktəbə yaxındır.
Yeri xəbər saytı olan “Pro Vladimir” üçün yazan jurnalist Kirill Vasilyev-in sözlərinə görə, zavodun tikintisini əngəlləməyə çalışan əsasən 15 – 20 nəfərdir. Onların da çoxu Bogolyubovonun yerli sakinləri deyil.
Vasilyev deyir ki, fəallar kəndlilərin çoxunun imzasını toplamağa çalışsalar da, bunu bacaracaqlarına çox da ümid bəsləməyiblər. “Küçədə rastlaşdığımız insanlar və müəssisənin işçiləri bu məsələyə ya neytral yanaşır, ya da yeni iş yerlərinin yaranmasından məmnundur. Əvvəllər burada kərpic zavodu var idi. O bağlandı. İnsanlar işsiz qaldılar. İndi onlar Vladimirə (regionun mərkəzinə) getməli olurlar”, – Vasilyev deyir.
DEMOQRAFİYA PROBLEMİ
Rus Pravoslav Kilsəsi mübahisəyə neytral yanaşaraq heç bir ictimai açıqlama verməyib. Kilsə öz davamçılarına kondomdan istifadəyə icazə verir. Ancaq həm də bildirir ki, “xudbin istəklərə görə bilərəkdən uşaq sahibi olmaqdan imtina nikahı dəyərdən salır və günah olması şübhəsizdir”.
Etiraza başçılıq edənlərdən biri, rus pravoslav fəalı Tatyana Fadeyeva zavodun tikintisinə etirazını belə izah edir: “Kondomlar nədən ötrü istehsal olunur? Ailə planlamasından ötrü. Bu gün demoqrafiyamız ən yaxşı durumda deyil. Odur ki, belə bir istehsal demoqrafiyamızı yaxşılaşdırmayacaq”.
Zavodun tikintisinin dayanacağı halda itiriləcək iş yerləri barədə suala isə Fadeyevabelə cavab verib: “Onda gəlin konfet fabriki açaq, suvenir, oyuncaq fabriki tikək”.